Xalq qazeti saytına istinadən Icma.az xəbər verir. Jurnalistlər kütləvi iğtişaşlardan kənarlaşdırılırmı?
Fransa Daxili İşlər Nazirliyi iyul ayında “Şəhər zorakılığı üzrə Milli Sxem” (SNVU) qəbul edib.
Sənəd hüquq-mühafizə orqanlarının şəhər iğtişaşlarına qarşı fəaliyyətini tənzimləyən praktiki rəhbərlikdir.
Burada resursların səfərbərliyindən tutmuş əməliyyat planlaşdırılmasına, saxlanılan şəxslərin hüquqi işlənməsindən məlumatlandırma prosesinədək çoxsaylı mexanizmlər yer alıb.
Sənədin əsas məqsədi dövlət strukturlarının şəhər zorakılığına qarşı daha koordinasiyalı və çevik hərəkətini təmin etməkdir.
Lakin sənəddə yer alan bir qeyd Fransa mediası və beynəlxalq jurnalist təşkilatlarının ciddi narahatlığına səbəb olub.
“Jurnalistlərin statusu” məsələsi Yeni qaydalarda açıq şəkildə qeyd olunur ki, jurnalistlərin statusunun nəzərə alınması — yəni onların xüsusi hüquqlarının və fəaliyyət azadlıqlarının qorunması — şəhər zorakılığı kontekstində əvvəlki milli asayiş sxemində (SNMO) olduğu kimi tətbiq edilmir.
Bu, praktikada o deməkdir ki, iğtişaşlar zamanı jurnalistlər artıq əvvəlki kimi hüquqi imtiyazlarla müdafiə olunmayacaq, onların hadisə yerində fəaliyyətinə məhdudiyyətlər qoyula bilər.