Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq. Hazırda dünyada yalnız beş rəsmi "mavi bölgə" mövcuddur.
Amma indi Finlandiyanın qərbində yerləşən Ostrobothnia bölgəsi, yüksək ömür uzunluğu və sağlam həyat göstəriciləri ilə bu siyahıya daxil edilə biləcəyi sualı ilə gündəmdədir.
Qaynarinfo xəbər verir ki, indiyədək yalnız beş bölgə bu statusu qazanıb: Yaponiyanın Okinava adası, İtaliyanın Sardiniya bölgəsindəki Olyastra, Kosta Rikanın Nikoya yarımadası, Yunanıstanın İkariya adası və ABŞ-dan Loma Linda şəhəri.
Bu bölgələrin ortaq cəhətləri isə sağlam həyat tərzi, güclü sosial münasibətlər, az stres və aktiv yaşamdır.
Son araşdırmalar Finlandiyanın qərbindəki Ostrobothnia bölgəsinin də bu siyahıya əlavə oluna biləcəyini göstərir.
Abo Akademi Universitetindən sosial siyasət üzrə mütəxəssis Sara Okermanın rəhbərlik etdiyi komanda bölgədə uzunömürlülüyün diqqət çəkici olduğunu, lakin bu statusun verilməsi üçün daha ətraflı demoqrafik araşdırmalara ehtiyac olduğunu bildirir.
Araşdırmada yalnız Ostrobothnia deyil, həm də Cənubi Ostrobothnia və Aland adası da öyrənilib.
Hər üç bölgə Finlandiyanın kiçik bir hissəsini təşkil etsə də, dənizə yaxınlıqları səbəbindən balıq istehlakının geniş yayılması və sağlam qidalanma vərdişləri ilə seçilir.