Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dekabrın 8-i TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri və ictimaiyyətlə əlaqələr mütəxəssisləri üçün “Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusunda təlim keçirilib.
Tədbirin məqsədi səhiyyə sahəsində məlumatların peşəkar, şəffaf və effektiv şəkildə ictimaiyyətə çatdırılması, media ilə əməkdaşlığın gücləndirilməsi və kommunikasiya bacarıqlarının inkişaf etdirilməsidir.
Təlimdə çıxış edən Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova cari ilin 11 ayı üzrə statistikanı açıqlayıb.
Onun sözlərinə görə, bu dövrdə 5 milyon 131 mindən çox vətəndaş dövlət tibb müəssisələrində icbari tibbi sığortadan yararlanıb və onlara 86 milyondan çox tibbi xidmət göstərilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə müraciətlər 4%, tibbi xidmətlər isə 12% artıb.
A.Əhmədova həmçinin bildirib ki, 2025-ci ilin 11 ayında dövlət tibb müəssisələrində 347 mindən çox əməliyyat və prosedur icra olunub.
Ən çox həyata keçirilən əməliyyatlar uroloji əməliyyatlar, təbii doğuş və qeysəriyyə kəsiyi olub.