Avropa Siyasi Birliyi Azərbaycan üçün Avropa dövlətləri ilə birbaşa siyasi təmasların qurulmasına şərait yaradan platformadır ŞƏRH
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 5 noyabr, AZƏRTAC
Avropa Siyasi Birliyinin 12-ci Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi barədə razılığın əldə olunması ölkəmizin Avropa məkanında artan siyasi nüfuzunun və etibarlı tərəfdaş statusunun göstəricisidir. Hazırda Azərbaycan Avropa İttifaqına üzv olan 10 ölkə ilə strateji tərəfdaşlıq münasibətləri qurub. Bu da qarşılıqlı etimada əsaslanan siyasi dialoqun göstəricisidir”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov bildirib.
O qeyd edib ki, cari ildə Azərbaycan-Avropa İttifaqı əlaqələri çərçivəsində yüksəksəviyyəli qarşılıqlı səfərlər və intensiv siyasi məsləhətləşmələr həyata keçirilib. Azərbaycan Avropa Siyasi Birliyinin 6-cı və 7-ci Zirvə toplantılarında Prezident İlham Əliyevin iştirakı ilə fəal mövqe nümayiş etdirib. Bu platforma çərçivəsində ölkəmiz Avropa təhlükəsizliyi, enerji əməkdaşlığı və regional sabitlik məsələləri ilə bağlı mövqeyini ardıcıl şəkildə ifadə edib.
Ekspertin sözlərinə görə, Avropa Siyasi Birliyi Azərbaycan üçün Avropanın aparıcı dövlətləri ilə birbaşa siyasi təmasların qurulmasına şərait yaradan mühüm platformadır: “Bu formatın əsas xüsusiyyətlərindən biri yalnız Avropa İttifaqına üzv ölkələri deyil, digər Avropa dövlətlərini də əhatə etməsidir. Belə bir platforma Azərbaycanın müxtəlif siyasi və iqtisadi maraqlara malik dövlətlərlə eyni masa arxasında müzakirələr aparmasına imkan verir. Rəsmi Bakı bu imkanlardan istifadə edərək ölkəmizin xarici siyasət prioritetlərini, regional təhlükəsizliklə bağlı mövqeyini, enerji və nəqliyyat sahələrindəki təşəbbüslərini Avropa liderlərinin diqqətinə çatdıra bilir. Bununla yanaşı, yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin inkişafına, qarşılıqlı etimadın möhkəmlənməsinə və yeni diplomatik təşəbbüslərin irəli sürülməsinə şərait yaradır”.
Zaur İbrahimov diqqətə çatdırıb ki, enerji və nəqliyyat-tranzit sahələrində əməkdaşlıqla yanaşı, Avropa Siyasi Birliyi Azərbaycan üçün regional sülh və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu mühüm diplomatik platformalardan biridir.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və regional iqtisadi əməkdaşlığın inkişafı Avropanın da maraq dairəsindədir. Avropa Siyasi Birliyi çərçivəsində keçirilən görüşlər rəsmi Bakıya Azərbaycanın mövqeyini Avropa liderlərinə birbaşa çatdırmaq, regional məsələlərlə bağlı diplomatik təmasları davam etdirmək və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq imkanlarını müzakirə etmək şəraiti yaradır.
Ekspert vurğulayıb ki, Azərbaycan regional sülh prosesinin yalnız siyasi razılaşmalarla məhdudlaşmamasında, eyni zamanda, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə müşayiət olunmasında maraqlıdır. Belə yanaşma Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin edilməsinə və regionun beynəlxalq iqtisadi əlaqələrə daha sıx inteqrasiyasına töhfə verə bilər.
Zaur İbrahimovun fikrincə, rəsmi Bakı üçün Avropa Siyasi Birliyi ilə əməkdaşlığın əsas üstünlüklərindən biri Azərbaycanın milli maraqlarını geniş beynəlxalq platformada ifadə etmək, Avropa ilə siyasi və iqtisadi əlaqələrini şaxələndirmək, eləcə də Cənubi Qafqazda regional əməkdaşlığın inkişafına töhfə vermək imkanlarının genişlənməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 05 Noyabr 2026 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















