Avropanın siyasi xəritəsində baş verən dəyişiklik dərinləşən fikir ayrılıqlarının təzahürüdür ŞƏRH
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 5 noyabr, AZƏRTAC
Avropada siyasi proseslər son illərdə ənənəvi sağ-sol bölgüsünün hüdudlarını aşan yeni ideoloji qarşıdurma müstəvisinə keçir. Artıq siyasi rəqabətin əsas istiqamətlərindən biri qloballaşmanı və mövcud Avropa inteqrasiyası modelini müdafiə edən ənənəvi mərkəz qüvvələri ilə milli suverenliyin gücləndirilməsini, sərhəd nəzarətinin sərtləşdirilməsini və milli maraqların prioritetliyini müdafiə edən siyasi qüvvələr arasındakı mübarizədir. Bu proses Avropanın siyasi xəritəsində baş verən adi dəyişiklik deyil, qitənin gələcək inkişaf modelinə dair dərinləşən fikir ayrılıqlarının təzahürüdür.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.
O bildirib ki, iqtisadi qeyri-bərabərliyin artması, yaşayış xərclərinin yüksəlməsi, miqrasiya məsələsi, enerji təhlükəsizliyi və ənənəvi siyasi elitalara ictimai etimadın azalması seçicilərin siyasi davranışına ciddi təsir göstərir. Nəticədə, uzun müddət Avropa siyasətinin əsas dayaqları hesab edilən mərkəz-sağ və mərkəz-sol partiyalar əvvəlki mövqelərini qorumaqda çətinlik çəkirlər.
“İndiki şəraitdə radikal sağ və sol qüvvələr cəmiyyətdə mövcud narazılıqları siyasi dəstəyə çevirməyə çalışır, milli identiklik, sosial müdafiə, miqrasiya və iqtisadi suverenlik kimi məsələləri siyasi gündəmin mərkəzinə gətirirlər. Məhz bu tendensiyanın qarşıdakı dövrdə, xüsusilə Fransada 2027-ci il prezident seçkiləri və Almaniyada parlament siyasətinin inkişafı kontekstində daha aydın görünəcəyi gözlənilir. Almaniyada 2025-ci il Bundestaq seçkilərində “Almaniya üçün Alternativ” partiyasının 20,8 faiz səs qazanaraq ikinci yerdə qərarlaşması ölkənin siyasi sistemində baş verən dəyişikliklərin mühüm göstəricisi oldu. Partiyanın əvvəlki seçkilərlə müqayisədə dəstəyini əhəmiyyətli dərəcədə artırması ənənəvi siyasi qüvvələrin seçici bazasında ciddi dəyişikliklərin baş verdiyini göstərir”, - deyə politoloq vurğulayıb.
O qeyd edib ki, Fransada “Milli Birlik” partiyasının mövqelərinin güclənməsi ilə yanaşı, Jan-Lük Melanşonun rəhbərlik etdiyi radikal sol qüvvələrin də siyasi proseslərdə fəallaşması ölkədə seçicilərin ideoloji baxımdan daha çox parçalandığını göstərir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Fransada baş verənləri yalnız sağ populizmin yüksəlişi kimi qiymətləndirmək düzgün olmaz. Əslində, həm sağ, həm də sol cinahda sistemə alternativ siyasi təkliflərə marağın artması ənənəvi siyasi mərkəzin nüfuzunun zəifləməsinin göstəricisidir.
Avropada bu dəyişikliklərin mühüm nəticələrindən biri radikal siyasi qüvvələri hakimiyyətdən kənarda saxlamaq məqsədilə formalaşdırılmış ənənəvi siyasi baryerlərin əvvəlki effektivliyini itirməsidir. Almaniyada “Brandmauer” (Yanğın divarı), Fransada isə “Respublikaçılar cəbhəsi” kimi tanınan siyasi mexanizmlər uzun müddət radikal qüvvələrin hakimiyyətə gəlməsinin qarşısını almaqda mühüm rol oynayıb. Lakin seçicilərin dəyişən gözləntiləri və ənənəvi partiyalara inamın azalması bu mexanizmlərin siyasi təsir imkanlarını məhdudlaşdırır. Burada əsas məsələ radikal qüvvələrin hakimiyyətə gəlməsindən daha çox onların siyasi gündəmi müəyyənləşdirmək imkanlarının genişlənməsidir. Digər tərəfdən isə siyasi sistemlərin parçalanması və parlamentlərdə fərqli ideoloji mövqeləri təmsil edən partiyaların sayının artması hökumətlərin formalaşdırılmasını və uzunmüddətli qərarların qəbulunu çətinləşdirir.
“Xüsusilə Fransa və Almaniya kimi Avropa İttifaqının siyasi və iqtisadi arxitekturasında aparıcı rol oynayan dövlətlərdə koalisiya danışıqlarının mürəkkəbləşməsi daxili siyasi sabitliyə və dövlət idarəçiliyinin davamlılığına təsir göstərə bilər. Bu proses yalnız hökumət böhranları ilə məhdudlaşmır. Daha mühüm məsələ xarici siyasət, müdafiə, enerji və iqtisadi təhlükəsizlik sahələrində strateji qərarların qəbulunun daxili siyasi kompromislərdən daha çox asılı vəziyyətə düşməsidir. Eyni zamanda, ənənəvi mərkəz-sağ və mərkəz-sol partiyalar seçici dəstəyini qorumaq məqsədilə siyasi proqramlarında müəyyən dəyişikliklərə gedirlər. Miqrasiya siyasətinin sərtləşdirilməsi, milli istehsalın qorunması, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi və strateji sahələrdə xarici asılılığın azaldılması kimi məsələlər artıq yalnız populist qüvvələrin gündəmi deyil. Bu mövzular ənənəvi siyasi partiyaların da proqramlarında daha geniş yer tutur”, - deyə A.Qurbanova əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 05 Noyabr 2026 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















