Azərbaycan Ermənistan delimitasiya prosesində mühüm irəliləyiş: Sülh sazişi yaxınlaşır?
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası prosesində müsbət dinamika müşahidə olunur. Onun sözlərinə görə, delimitasiya üzrə komissiyaların fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar artıq hər iki ölkədə qəbul edilərək təsdiqlənib.
Maraqlıdır, delimitasiya prosesində əldə olunan bu irəliləyiş Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh sazişinin imzalanması baxımından hansı imkanları yaradır? Bu müsbət dinamikanın praktik nəticələrə çevrilməsi üçün növbəti mərhələdə hansı addımların atılması vacibdir?
Mövzu ilə bağlı Moderator.az-a istiqlalçı deputat Vahid Əhmədov açıqlama verib.
Vahid Əhməd bildirib ki, Azərbaycan–Ermənistan münasibətlərində irəliləyiş kifayət qədər yüksəkdir. İstər ölkə rəhbərimiz, istərsə də xarici işlər naziri bu sahədə çox böyük əmək sərf edirlər:
"Ermənistanla münasibətlərin normallaşması istiqamətində mühüm işlər görülüb və bu prosesin irəliləməsi üçün ciddi səylər göstərilir. Ermənistanla münasibətlərin normallaşmasını istəməyən qüvvələr də kifayət qədərdir. Onlar çalışırlar ki, bu münasibətlər normallaşmasın. Amma son vaxtlar, xüsusilə Ermənistanın Baş naziri parlament seçkilərində qalib gəldikdən və səs çoxluğu qazandıqdan sonra proses daha da aktivləşib.
Xüsusilə Paşinyanın verdiyi bəyanatlar, Azərbaycanın ümumiyyətlə Dağlıq Qarabağla bağlı heç bir ərazi tələbi olmadığını qeyd etməsi, əlbəttə, təqdirəlayiqdir. Bununla yanaşı, hesab edirəm ki, delimitasiya prosesi daha sürətlə aparılmalıdır. Çünki bu prosesin qarşısında duran əsas məsələ sülh sazişinin imzalanmasıdır. Bizim üçün ən vacib məsələ də məhz həmin sazişin imzalanmasıdır.
Bu sazişin imzalanması üçün müəyyən şərtlər mövcuddur. Azərbaycan hökuməti və Azərbaycan dövlət başçısı tərəfindən irəli sürülən şərtlər var. O cümlədən Azərbaycana qarşı iddiaları özündə əks etdirən və Ermənistan Konstitusiyasında yer alan məsələlər həllini tapmalıdır. Mən hesab edirəm ki, sülh sazişi nə qədər tez imzalansa, istər Ermənistan, istərsə də Azərbaycan bir o qədər Rusiyanın təsir dairəsindən uzaqlaşa bilər. Bu isə müsbət hal kimi qiymətləndirilə bilər".
İstiqlaçı deputat əlavə edib ki, sülh sazişinin imzalanması istiqamətində əsas təşəbbüs Ermənistandan gəlməlidir:
Onlar Azərbaycanın irəli sürdüyü təklifləri qəbul etməli və çalışmalıdırlar ki, sülh sazişi imzalansın. Açığını deyim ki, gözləyirdim Türkiyədə NATO-nun keçirilən iclası zamanı, ABŞ dövlət başçısının da iştirakını nəzərə alaraq, Azərbaycan və Ermənistan dövlət rəhbərləri bir araya gətirilər və iki ölkə arasında sülh sazişi imzalanardı. Təəssüf ki, bu baş vermədi. Bununla belə, gedən proseslər və həm Ermənistan, həm də Azərbaycan tərəfindən atılan addımlar onu göstərir ki, yaxın vaxtlarda olmasa da, müəyyən müddətdən sonra bu saziş imzalanacaq. Eyni zamanda delimitasiya və demarkasiya ilə bağlı məsələlər də öz müsbət həllini tapacaq.
Amma bütün bunlara baxmayaraq, hesab edirəm ki, Azərbaycan öz sərhədlərini daha da möhkəmləndirməlidir. Çünki dünyada gedən proseslər, Ermənistanın silahlanmaya üstünlük verməsi və gələcəkdə hansısa addımlar ata biləcəyi ilə bağlı müəyyən şübhələr yaradır. Məhz buna görə də Azərbaycan dövlət başçısının qəbul etdiyi qərarlar tamamilə düzgündür. Sərhəd zonalarında müasir texnika ilə təchiz olunmuş hərbi hissələr, qərargahlar və briqadalar yaradılır, Azərbaycanın sərhədləri yüksək səviyyədə qorunur.
Bir daha qeyd edirəm ki, Azərbaycanın heç kimin torpağında gözü yoxdur və heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Azərbaycan yalnız öz ərazi bütövlüyü çərçivəsində bu məsələlərin həll olunmasına çalışır. Ermənistan da bunu anlayır. Mən hesab edirəm ki, bunu başa düşür. Lakin müəyyən qüvvələr bu prosesə təsir göstərməyə, sülh razılaşmasının imzalanmasını ləngitməyə çalışırlar. Buna baxmayaraq, düşünürəm ki, yaxın perspektivdə bu razılaşma imzalanacaq.
Artıq gedən proseslər göstərir ki, bu məsələ son mərhələyə çatıb və sülh müqaviləsi imzalanacaq. Bir məqamı da xüsusi qeyd etmək istəyirəm. Hesab edirəm ki, hər bir halda hərbi hazırlığımız davam etməli, ehtiyatlı davranmalıyıq. Tarix göstərir ki, istər 1905–1917-ci illərdə, istər 1918-ci ildə, istərsə də 1948–1953-cü illərdə Ermənistan Azərbaycana qarşı daim işğalçılıq siyasəti yürüdüb. Əlbəttə, bu proseslərdə keçmiş SSRİ-nin də ciddi dəstəyi olub.
Buna görə də güclü ordumuzun daha da təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilməli, müstəqil dövlətimiz daha da gücləndirilməlidir ki, heç kim Azərbaycan torpaqlarına qarşı hər hansı təcavüz barədə düşünməyə belə cəsarət etməsin. Bu gün Azərbaycanın kifayət qədər güclü hərbi və hərbi-sənaye potensialı var. Bu imkanlar bizə bölgədə, Cənubi Qafqazın ən güclü dövlətlərindən biri olmağa tam əsas verir.
Bir məqamı da nəzərə almaq lazımdır ki, NATO-nun Ankarada keçirilən son görüşü Türkiyənin dünya siyasətində nə qədər mühüm əhəmiyyətə malik dövlət olduğunu bir daha göstərdi. ABŞ kimi dünyanın aparıcı dövlətlərindən birinin rəhbərinin Prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə çox mühüm məsələlər müzakirə olundu, Türkiyənin gördüyü işlər yüksək qiymətləndirildi. Biz də Azərbaycan–Türkiyə münasibətlərinin "bir millət, iki dövlət" prinsipi əsasında uğurla inkişaf etdiyini hər zaman görürük və hesab edirik ki, bu münasibətlər bundan sonra da daha yüksək səviyyədə inkişaf etməlidir".
Pərvin Şakirqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 09 İyul 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















