Beyin fəallığına temperatur təsiri: Yeni cihaz bəbəklərin ölçüsünü belə dəyişməyə imkan verir
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Koreya Universitetinin Tibb Kollecinin tədqiqatçıları neyrotexnologiya sahəsində mühüm bir yeniliyə imza ataraq, beynin lokal (məhdud bir nahiyədə) temperaturunu dəyişməklə neyron fəallığını ikitərəfli idarə edə bilən innovativ beyin implantı təqdim ediblər. Bu texnologiya beyin-kompüter interfeyslərinin imkanlarını genişləndirmək və nevroloji pozuntuların terapiyasında tamamilə yeni yanaşmalar tətbiq etmək məqsədi daşıyır.
Müasir neyromodulyasiya metodları çox vaxt yalnız birtərəfli təsir göstərir — onlar neyronların işini ya aktivləşdirir, ya da zəiflədir. Bu isə sinir zəncirlərinin dəqiq idarə olunmasını məhdudlaşdırır. Alimlər temperaturun neyron fəallığını həm gücləndirmək, həm də azaltmaq qabiliyyətinə malik təbii fizioloji faktor olduğuna diqqət çəkiblər. Lakin beynin dərin strukturlarını nöqtəvari şəkildə qızdırmaq və ya soyutmaq texniki cəhətdən olduqca mürəkkəb bir vəzifə idi.
Tədqiqat qrupu beynin dərin qatlarına yerləşdirilə bilən kompakt bir cihaz yaratmağa nail olub. Bu unikal cihaz özündə istilik tənzimləyici modulu və silisium əsaslı sinir zondunu birləşdirir. Həmçinin o, xüsusi elektrodlar matrisi ilə təchiz edilib. Bu struktur eyni vaxtda həm beynin konkret nahiyəsinin temperaturunu dəyişməyə, həm də orada yaranan neyron siqnallarını qeydə almağa imkan verir. Belə inteqrasiya beynin termal stimulyasiyaya necə reaksiya verdiyini real vaxt rejimində izləmək şəraiti yaradır.
Layihənin baş tədqiqatçısı, professor İl-Cu Çonun sözlərinə görə, bu araşdırma neyrointerfeys texnologiyasında tamamilə yeni bir konsept formalaşdırır. Bu cihazın ənənəvi üsullarla müalicəsi hələ də çətin olan geniş spektrli nevroloji və neyrodegenerativ xəstəliklərin terapiyasında, həmçinin itirilmiş sinir funksiyalarının bərpasında mühüm rol oynayacağı gözlənilir.
Heyvanlar üzərində aparılan eksperimentlər bu metodun effektivliyini tam təsdiqləyib: hədəf nöqtəsinin soyudulması neyron fəallığını azaldıb, qızdırılması isə əksinə, yüksəldib. Təcrübələr zamanı beynin oyanıqlıq və diqqətin tənzimlənməsinə cavabdeh olan xüsusi mavi nöqtə (locus coeruleus) nahiyəsinə edilən termal təsir xüsusi maraq doğurub. Bu zonanın stimulyasiyası təkcə sinir aktivliyini dəyişməklə qalmayıb, həm də göz bəbəyinin ölçüsünün dəyişməsi kimi aydın görünən fizioloji effektlər yaradıb.
Təqdim olunan texnologiya gələcəkdə təkcə elmi tədqiqatlar üçün deyil, praktiki tibb üçün də böyük perspektivlər vəd edir. Bu növ cihazlar gələcəkdə beyindən siqnalları oxumaqla yanaşı, həm də bədəndən beyinə sensor məlumatları — o cümlədən toxunma (taktil) hissinin əks-əlaqəsini ötürməyə qadir olan mükəmməl beyin-kompüter interfeyslərinin əsasını qoya bilər.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 09 İyul 2026 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















