Canımızı qoruyanları imtahan edirik, ağlımızı yönləndirənləri niyə sorğulamırıq?
Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Doğru ilə yanlış, faydalı ilə faydasız, vaciblə əhəmiyyətsiz bir-birinə qarışıb
Xəstələnəndə yaxşı həkim axtarırıq. Tanışlardan soruşuruq, harada oxuduğunu, neçə illik təcrübəsi olduğunu öyrənirik. Bəzən bir həkimin dediyi ilə kifayətlənmir, başqasının da rəyini alırıq. Çünki canımızı hər adama etibar etmək istəmirik. Amma evə qayıdıb telefonu əlimizə götürən kimi tamam başqa adam oluruq. Heç tanımadığımız biri bizə necə yaşamağı, necə varlanmağı, övlad böyütməyi, ailə qurmağı öyrədir. Başqası tarixdən danışır, bir başqası psixoloji məsləhət verir. Nə təhsilini soruşuruq, nə biliyini yoxlayırıq. Bəzən dediklərini özümüz də bilmədən qəbul edirik.
Məni çoxdandır düşündürən bir ziddiyyətdir bu. İnsanın bədən sağlamlığı ilə məşğul olmaq üçün illərlə oxumaq, imtahan vermək, diplom almaq, təcrübə qazanmaq lazımdır. Bəs onun ağlına, könlünə, düşüncəsinə, duyğularına, yaşam biçiminə təsir edən yayımçılıq niyə bu qədər asan işə çevrilib?
Ömrümün böyük hissəsi televiziya ilə bağlıdır. Ekranın arxasında nələr baş verdiyini, bir verilişin hazırlanmasına nə qədər adamın əmək verdiyini yaxşı bilirəm. Redaktorun bir sözü niyə çıxardığını, rejissorun bir görüntünü niyə dəyişdirdiyini, aparıcının hansı sualı verməkdən niyə çəkindiyini də anlayıram. Bunların hamısı doğru qərarlar olmurdu, əlbəttə. Televiziyanın da səhvləri az olmayıb. Öz sahəmizi bu məsələdə kənarda saxlamaq fikrim yoxdur.
Ancaq indi başqa bir mənzərə yaranıb. Əlində telefon olan hər kəs yayımçıya çevrilə bilir. Bunun yaxşı tərəfi də var. İstedadlı adamlar üzə çıxır, illərlə sözünü deməyə yer tapmayan insanlar danışmaq imkanı qazanır. Amma elə həmin imkan heç bir peşə hazırlığı olmayan adamı da bir gecədə minlərlə insanın yolgöstərəninə çevirə bilir.
İnsanların danışmasından qorxmuram. Danışsınlar. Məni qorxudan odur ki, danışdığı sözün ağırlığını anlamayan adamın da böyük auditoriya qarşısında mütəxəssis kimi qəbul edilməsi getdikcə adi hala çevrilir.
Axı yayım yalnız baxıb keçdiyimiz görüntü deyil. Ekranda gördüklərimiz zamanla geyimimizə, alış-verişimizə, insanlara münasibətimizə, uğur anlayışımıza qarışır. Bir gəncin qarşısına hər gün bahalı avtomobillər, dəbdəbəli evlər, asan qazanc görüntüləri çıxırsa, o, uğuru bunlarla ölçməyə başlaya bilər. Halbuki gördüyü dəbdəbənin arxasında hansı zəhmətin, hansı borcun, bəlkə də hansı yalanın dayandığını bilmir.
Evdə ata-ana övladına deyir ki, yaxşı oxu, sənət öyrən, zəhmət çək, dürüst ol. Uşaq isə telefonunda başqa mənzərə görür. Orada bəzən ən çox diqqət qazanan savadlı adam deyil, ən çox qalmaqal yaradan olur. Əməyi ilə seçilən yox, özünü göstərməyi bacaran önə çıxır. Valideyn bir dəyər öyrədir, ekran başqa davranışı mükafatlandırır. Uşaq hansına inansın?
Əlbəttə, bütün gənclər gördüklərinin əsiri deyil. Çoxu ağıllı seçim etməyi bacarır. İnternetdən öyrənən, yaradan, özünü inkişaf etdirən nə qədər gəncimiz var. Amma bu, ekranın görünməyən təsirini görməməyimizə səbəb olmamalıdır.
Belə bir deyim var: “Yumşaq güc bülöv daşı kimidir: doğru işlədildikdə toplumun düşüncəsini itiləyər, duyğularını incəldər, dəyərlərini möhkəmləndirər. Yanlış işlədildikdə isə düşüncəni kütləşdirər, duyğuları korşaldar, dəyərləri aşındırar.”
İndi bu bülöv daşını kimlərin əlinə verdiyimizə baxaq.
Bir tarixçi illərlə qaynaqları araşdırır, sənədləri tutuşdurur, nəticə çıxarmağa tələsmir. Başqa biri beş dəqiqəlik video çəkib həmin mövzuda qəti hökm verir. Tarixçinin ehtiyatla danışması tamaşaçıya maraqsız, o birinin özündən əmin danışması isə inandırıcı görünə bilir. Nəticədə bilənlə bildiyini zənn edən arasındakı fərq itir.
İnternetdə məlumat çoxalıb, amma məlumatın çoxluğu hələ bilik demək deyil. Adam səhərdən axşama yüzlərlə görüntü izləyir, onlarla mövzudan xəbər tutur. Axşam isə həmin mövzulardan biri haqqında dərindən danışmağa çətinlik çəkir. Çünki öyrənməyə macal tapmamış növbəti görüntüyə keçib.
Mən buna bilik çöplüyü deyirəm. Doğru ilə yanlış, faydalı ilə faydasız, vaciblə əhəmiyyətsiz bir-birinə qarışıb. Çöplüyün içində qiymətli bir şey də ola bilər, amma onu tapmaq üçün seçməyi bacarmalısan.
Bunun bir də yönəlim dağınıqlığı var. İnsan bu gün birinin həyatına heyran olur, sabah başqasına bənzəmək istəyir. Bir gün sahibkar olmaq arzusundadır, ertəsi gün heç bir zəhmət çəkmədən məşhurlaşmaq istəyir. Öz qabiliyyətini, istəyini, imkanını öyrənməyə vaxt ayırmadan başqalarının nümayiş etdirdiyi yaşamların ardınca düşür. Beləcə, insanın öz yolunu tapması çətinləşir.
Bu mənzərədə telefonu günahlandırıb işimizi bitirə bilmərik. Telefon vasitədir. Onun içində kitabxana da var, məktəb də, boş əyləncə də. Ancaq həmin vasitənin arxasında bizim diqqətimizdən qazanc götürən böyük bir sistem işləyir. Nəyə baxdığımız, harada dayandığımız, nəyi bəyəndiyimiz izlənir və qarşımıza yeni görüntülər çıxarılır.
Bir araşdırma hazırlamaq günlərlə vaxt aparır. Kiminsə şəxsi həyatından qalmaqal düzəltmək isə bəzən bir neçə dəqiqə çəkir. İndi düşünün, baxış sayı reklam gəlirinə çevriləndə hansı məzmunu hazırlamaq daha sərfəli görünür? Bu sualın cavabını yalnız yayımçıda axtarmayaq. Reklamverən də, platforma da, tamaşaçı da həmin yarışın içindədir.
Biz televiziya adamları da özümüzdən soruşmalıyıq: İllərlə reytinq uğrunda yarışarkən tamaşaçının zövqünü nə qədər inkişaf etdirdik, nə qədər onun arxasınca getdik? Hansısa bayağı verilişə çox baxılır deyə onu yayımlamaq məcburiyyətindəyikmi? Yoxsa tamaşaçıya daha yaxşısını təqdim etmək də bizim işimizdir?
Yayımçılığın törəsi olmalıdır. Kameranı açıb danışmaq hələ yayımçı olmaq deyil. Sözünün kimə necə təsir edə biləcəyini düşünmək, faktı yoxlamaq, bilmədiyini etiraf etmək, yanlışını düzəltmək bu peşənin ayrılmaz hissəsidir. Diplom hər şeyi həll etmir. Diplomlu savadsız da olur, diplomu olmadan dərin bilik qazanmış insan da. Əsas olan səriştə, dürüstlük və cavabdehlikdir.
Hər kəsin danışmaq haqqı var. Amma hər kəsin özünü mütəxəssis kimi təqdim etməyə mənəvi haqqı varmı?
Mən senzura istəmirəm. Kimin danışacağına, kimin susacağına hansısa məmurun qərar verməsi daha böyük təhlükələr yarada bilər. İstədiyim peşə hazırlığının, redaktə mədəniyyətinin, fakt yoxlamanın, uşaqların qorunmasının ciddi qaydalara bağlanmasıdır. Nəzarət də müstəqil, şəffaf və özü cavabdeh olmalıdır. Məktəb uşağa məlumatı əzbərlətməklə yanaşı, onu sorğulamağı da öyrətməlidir.
Bir şeyi də etiraf edək. Biz bəzən özümüzün izləməyə utandığımız görüntünü başqasına göndəririk. Bəyənmədiyimiz adamın videosunu paylaşaraq onun daha çox tanınmasına kömək edirik. Sonra da niyə belə adamların məşhurlaşdığından şikayətlənirik.
Bu yazını yazarkən dönüb öz peşəmə də baxıram. Görəsən, biz illərlə ekran qarşısında oturan insanın yalnız vaxtınımı düşündük, yoxsa o vaxtın onun həyatında nəyi dəyişdirdiyini də soruşduq?
Axşam evdə uşağımızın əlində telefon görəndə çox vaxt nə qədər baxdığını soruşuruq. Bəlkə, bir dəfə də yanında oturub nə izlədiyini, kimə heyran olduğunu, gördüklərindən nə anladığını soruşaq.
Çünki uşağımızın sabah kim olacağını düşünərkən onun müəllimini, məktəbini, dostlarını tanımağa çalışırıq. Amma hər gün saatlarla üzünə baxdığı, sözünü dinlədiyi, bəzən özünə örnək seçdiyi adamların kim olduğunu heç bilmirik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 06 Noyabr 2026 02:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















