Dərman bazarında qiymət, keyfiyyət və maraqlar toqquşması: AİB həyəcan təbili çalır
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Son dövrlər bəzi apteklərdə dərmanların Tarif Şurasının təsdiq etdiyi qiymətdən baha satılması və məhsulların üzərində qiymət etiketlərinin olmaması halları aşkarlanır. Maraqlıdır, bu hallar bazarda sistemli problemə işarə edirmi? Mövcud nəzarət mexanizmləri istehlakçı hüquqlarının qorunması üçün yetərlidirmi, yoxsa qanunvericilikdə və nəzarət sistemində əlavə sərtləşdirmələrə ehtiyac var?
Aptek əməkdaşlarının "qiymətlər tez-tez dəyişdiyi üçün etiket vurulmur" arqumenti nə dərəcədə qəbulolunandır? İstehlakçılar belə hallarla qarşılaşdıqda hansı addımları atmalıdırlar?
Mövzu ilə bağlı Moderator.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlama verib.
Sədr bildirib ki, məlumdur ki, ölkədə üç mindən çox dərmanın qiyməti dövlət tərəfindən tənzimlənir və bu siyahı hər bir aptekdə mövcuddur:
"İstehlakçılar dərman alarkən aptekə müraciət edərək həmin siyahı ilə tanış ola və məhsulun təsdiq edilmiş qiymətdən yuxarı satılıb-satılmadığını yoxlaya bilərlər. Ümumiyyətlə, mənim əldə etdiyim məlumata görə, apteklər dövlət tərəfindən tənzimlənən qiymətdən yuxarı satış təcrübəsi tətbiq etmirlər. Dərmanların müəyyən edilmiş qiymətdən aşağı satılması halları isə olur və qanun bunu qadağan etmir. Çünki bəzi dərman distribütorlarının özlərinə məxsus aptek şəbəkələri var. Bu da onların müəyyən xərclərdən azad olmasına imkan yaradır və nəticədə dərmanları daha aşağı qiymətə təklif edə bilirlər.
Lakin dövlət tərəfindən tənzimlənən qiymətlərlə bağlı ciddi narazılıqlar da mövcuddur. Bir çox dərman preparatları yaxın ölkələrdə, hətta bəzi Avropa ölkələrində Azərbaycandan daha ucuz satılır. Məsələn, "Qalusmed" preparatının qiyməti Azərbaycanda 75 manat olduğu halda, Türkiyədə 15 manat, Filippində 38 manat, İspaniyada isə 42 manatdır. Bu kimi qiymət fərqləri kifayət qədərdir.
İstehlakçıların verdiyi məlumata görə, bəzi dərmanların təsiri də zəifdir. Biz bu qənaətə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında gəlirik. Digər tərəfdən, "Alman aptekləri" eyni dərmanı daha yüksək qiymətə satır və bunu "bizdə satılan məhsullar naturaldır, digərləri isə natural deyil" arqumenti ilə əsaslandırır. Çox təəssüf ki, belə hallar mövcuddur".
Eyyub Hüseynov vurğulayıb ki, əslində, "Alman aptekləri"nin fəaliyyət göstərməsi ölkədə keyfiyyətli dərman məmulatlarının mövcudluğunu da göstərir:
"Digər ciddi problemlərdən biri isə ölkədə dərmanların yan təsirlərinin öyrənilməməsidir. Ümumiyyətlə, hər hansı bir dərman ölkəyə daxil olduqda, həmin preparatı istehsal edən müəssisələrin distribütorları onun insan orqanizminə təsiri ilə bağlı məlumatlar toplayaraq istehsalçı şirkətə təqdim edirlər. Eyni dərman, məsələn, Afrikada və ya Avstraliyada yaşayan insanla Azərbaycanda yaşayan eyni xəstəliyə tutulmuş şəxsə eyni cür təsir göstərmir.
Çünki coğrafi zonalara görə insanların fizioloji xüsusiyyətləri fərqlənir. Buna görə də dünyanın bir çox ölkələrində dərmanların yan təsirləri mütəmadi araşdırılır. Azərbaycanda isə bu istiqamətdə işlər demək olar ki, yox dərəcəsindədir. Bu isə kifayət qədər ciddi problemdir. Əlbəttə, insanların həddindən artıq kimyəvi preparatlardan istifadəsi məsələsi də Azad İstehlakçılar Birliyini daim narahat edir.
Bizə tez-tez zəng edib soruşurlar ki, bu qədər aptekin fəaliyyət göstərməsi normaldırmı? Mənim şahidi olduğum bəzi ölkələrlə müqayisədə Azərbaycanda apteklərin sayı təxminən 20 dəfə çoxdur. Ölkədə yerli dərman istehsalı zavodu fəaliyyət göstərir. Lakin həmin müəssisənin daha səmərəli işləməsi üçün ona kifayət qədər dəstək verilmir. Məsələn, tenderlər keçirilərkən yerli dərman istehsalçısı kənarda qalır, üstünlük isə xaricdən gətirilən məhsullara verilir və s.
Düşünürəm ki, elə bir siyasət həyata keçirilməlidir ki, yerli dərman istehsalı zavodu daha fəal işləsin və insanlar yerli istehsal olan dərmanlardan daha geniş istifadə edə bilsinlər. Çox təəssüf edirəm ki, ölkədə dərman siyasətini həyata keçirən şəxslərin əksəriyyəti eyni zamanda fəal şəkildə dərman biznesi ilə də məşğul olurlar.
Burada açıq maraqlar toqquşması mövcuddur. Onlar daha çox öz bizneslərinin inkişafını düşünür, yerli dərman istehsalının inkişafına isə lazımi diqqət ayırmırlar. Belə problemlər mövcuddur. Bütün hallarda içlik məlumatı Azərbaycan dilində olmayan dərmanları biz qaçaqmal məhsul hesab edirik. Vətəndaşlar belə dərmanlarla, eləcə də dərmanların təsdiq edilmiş qiymətdən baha satılması halları ilə rastlaşdıqda, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 012 599 76 00 nömrəsinə məlumat versinlər.
Pərvin Şakirqızı
Baxış sayı:111
Bu xəbər 09 İyul 2026 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















