Elçin Şamilli: Əli Seyran İmanzadənin yaradıcılığı azərbaycanlı rəssamların beynəlxalq arenada təmsil olunmasına nümunədir
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 3 sentyabr, AZƏRTAC
Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Əli Seyran İmanzadənin fərdi sərgisinin açılışı olub.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Şamilli AZƏRTAC-ın müxbiri ilə söhbətində rəssamın özünəməxsus üslubundan danışıb.
“Əli Seyran İmanzadənin yaradıcı yanaşmasının özünəməxsusluğu Şərq və Qərbin sintezini tapmaqdan ibarətdir. Rəssam Ə.Əzimzadə adına rəssamlıq məktəbində təhsil alarkən akademik Avropa rəngkarlıq sistemi ilə yanaşı, orta əsr Yaxın Şərq miniatürünü də müstəqil şəkildə öyrənməyə başlayıb. Təbriz miniatür məktəbi rəssam üçün dünya incəsənətinin zirvələrindən birinə çevrilib. Bu dövrdə o, köhnə ustadların əsərlərinin surətlərini çıxarmaqdan kağız üzərində öz orijinal miniatürlərini yaratmağa keçib. Daha sonra onu XX əsrin Avropa avanqard rəssamı Anri Matissin yaradıcılığı cəlb edib. Matiss öz yaradıcılığında miniatürlərdən və ümumilikdə Şərq incəsənətindən ilham alırdı. Əli Seyran İmanzadənin yaradıcılığında kətan üzərində rəngkarlığın struktur komponentinə çevrilən kubizm də buna əlavə olunub. Beləliklə, Avropa fovizmi və kubizmi forma, rəng, eləcə də kompozisiya məntiqində Azərbaycanın orta əsr miniatürünün böyük ənənəsi ilə birləşib”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, sərginin əsas ideyası daxili aləminin qavrayışını göstərməkdir. Burada Azərbaycanın mənzərələri, eləcə də işarəvi və simvolik xarakter daşıyan insan portretləri üstünlük təşkil edir: “Yəni, söhbət hansısa konkret məkandan və ya şəxsiyyətdən getmir. Bu, həyatın, fəlsəfənin, inancın yaşantısını ümumbəşəri səviyyədə ifadə edən ümumiləşdirmədir”.
Həmsöhbətimiz, həmçinin qeyd edib ki, son 20 ildə Parisdə və Brüsseldə yaşayan Əli Seyran İmanzadənin yaradıcılığı azərbaycanlı rəssamların beynəlxalq arenada təmsil olunmasının mədəni əhəmiyyətinə dair parlaq nümunələrdən biridir: “Bu, Şərq və Qərb mədəniyyətləri arasında dialoq körpüsüdür. Rəssam müəyyən mənada səfir rolunu yerinə yetirir: əsərləri, eləcə də fərdi sərgilərində tamaşaçılarla canlı ünsiyyəti vasitəsilə incəsənət dilində Azərbaycan mədəniyyəti, incəsənəti və fəlsəfəsinin dünyasını nümayiş etdirir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 03 Sentyabr 2026 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















