Elm zirvəsinin alim və müəllim fatehi
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Akademik Bəhram Əsgərovun Azərbaycan fizika elminə qoyduğu böyük irs
Bəzən böyük elmi nailiyyətlərin başlanğıcında böyük laboratoriyalar, zəngin kitabxanalar, məşhur elmi mərkəzlər deyil, sadə bir həyat yolu dayanır. O yolun uzunluğu kilometrlərlə ölçülür, amma onun insan həyatındakı mənası kilometrlərlə ifadə edilə bilmir. Çünki həmin yol bəzən bir uşağın məktəbə getdiyi cığırdan başlayaraq universitet auditoriyalarına, elmi laboratoriyalara, beynəlxalq nəşriyyatlara və nəhayət, elm tarixinin səhifələrinə qədər uzanır.
Akademik Bəhram Mehralı oğlu Əsgərovun həyat yolu da belə bir yol olub. 1933-cü il oktyabrın 5-də Tovuz rayonunun Əhmədabad kəndində sadə kəndli ailəsində dünyaya göz açan Bəhram sonralar Azərbaycan fizika elminin görkəmli nümayəndələrindən oldu. O, bərk cisimlər fizikası sahəsində öz elmi məktəbini yaratdı, fundamental tədqiqatlar apardı, alimlər yetişdirdi və uzun illər Bakı Dövlət Universitetinin elmi həyatında mühüm rol oynadı.
Lakin onun həyatının ən maraqlı tərəfi yalnız qazandığı elmi adlar və vəzifələr deyil. Əsas maraqlı məqam budur ki, bu böyük elmi yolun başlanğıcında çox sadə bir həyat dayanırdı. O vaxtlar Əhmədabadda orta məktəb yox idi. Təhsilini davam etdirmək üçün Bəhram hər gün 7–8 kilometr uzaqlıqdakı Yanıqlı kəndinə piyada gedib-gəlirdi. Qışın soyuğu, yayın istisi, yağışlı və palçıqlı yollar onun elmə həvəsinin qarşısını kəsə bilmədi. Onun böyük elm dünyasına gedən yolu məhz belə başlanmışdı. Ailənin imkanları geniş deyildi. Valideynləri ali təhsil almamışdılar. Ancaq onlar təhsilin, biliyin və zəhmətin insan həyatında hansı qapıları aça biləcəyini anlayırdılar. Bəhramın uşaqlıq illərində qazandığı ən böyük sərvətlərdən biri də məhz bu mühit idi: sadə həyat, zəhmətə alışmaq və biliyə hörmət.
Bakı ilə başlayan böyük elm yolu
1952-ci ildə orta məktəbi uğurla başa vuran Bəhram Əsgərov Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin fizika şöbəsinə qəbul olundu. O, universitetə yalnız diplom almaq üçün gəlməmişdi. Elmin özünə gedən yolu seçmişdi. Tələbəlik illərində mühazirələrlə kifayətlənməyən Bəhram Əsgərov müstəqil elmi ədəbiyyat oxuyur, fundamental fizikanın problemləri ilə maraqlanırdı. Yüksək göstəricilərinə görə Stalin təqaüdünə layiq görülməsi onun seçilən tələbələr sırasında olduğunu göstərirdi. 1957-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirməsi isə bu zəhmətin məntiqi nəticəsi idi.
Universitet onun üçün yalnız tələbəlik mərhələsi olmadı. Burada gələcək alimin elmi dünyagörüşünün əsası qoyuldu. Fizikanı ayrı-ayrı düsturların və qanunların toplusu kimi deyil, təbiətin vahid dili kimi qavramağa başladı. Sonralar elektrodinamika, termodinamika, statistik fizika, yarımkeçiricilər və bərk cisimlər nəzəriyyəsi sahəsində apardığı tədqiqatların möhkəm təməlində məhz bu fundamental hazırlıq dayanırdı.
1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda yarımkeçiricilər fizikası üzrə aspiranturaya daxil olması onun elmi bioqrafiyasında yeni mərhələ açdı. Elmi hazırlığını Leninqradda, SSRİ Elmlər Akademiyasının Yarımkeçiricilər İnstitutunda davam etdirdi. Bu, adi elmi ezamiyyət deyildi. Leninqrad həmin dövrdə nəzəri fizikanın mühüm mərkəzlərindən biri idi. Buradakı elmi mühit, seminarlar, müzakirələr və yüksək nəzəri hazırlıq gənc azərbaycanlı fizik üçün böyük məktəb oldu. Onun elmi rəhbəri görkəmli fizik professor A.İ. Anselm idi.
“Anselm–Əsgərov metodu”nun doğuluşu
Bəhram Əsgərovun Leninqraddakı elmi fəaliyyəti bərk cisimlər nəzəriyyəsinin mürəkkəb problemlərindən birinə yönəlmişdi. Sual sadə səslənirdi, amma cavabı son dərəcə mürəkkəb idi: çox güclü maqnit sahəsində elektronlar maddənin daxilində necə hərəkət edir? Elektrik və istilik daşınması prosesləri belə şəraitdə hansı qanunauyğunluqlara tabe olur?
Bu sahədə klassik fizikanın təsvir imkanları kifayət etmirdi. Kvant hadisələri ön plana çıxırdı. Anselm və Əsgərov xüsusi üsul işləyib hazırladılar. Sonralar elmi ədəbiyyatda bu yanaşma “Anselm–Əsgərov metodu” kimi tanındı. Bu faktın arxasında bir gənc alimin yalnız elmi biliyi deyil, mürəkkəb problemi yeni yanaşma ilə həll etmək bacarığı dayanırdı.
1962-ci ildə Bəhram Əsgərov “Güclü maqnit sahəsində yarımkeçiricilər və yarımmetallarda termomaqnit effektlər” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi. Elmi dərəcə son dayanacaq deyildi. Əksinə, yeni sualların başlanğıcı idi. 1960–1966-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda kiçik elmi işçidən baş elmi işçiyə qədər yüksələrək yarımkeçiricilərdə və metallarda köçürmə hadisələrinin nəzəriyyəsi üzrə araşdırmalarını davam etdirdi.
1963-cü ildə “Elm” nəşriyyatında “Yarımkeçiricilərdə köçürmə hadisələrinin nəzəriyyəsi” monoqrafiyasının çap olunması onun elmi yaradıcılığında mühüm hadisə oldu. Artıq gənc alim yalnız ayrı-ayrı məqalələrin müəllifi deyildi. O, topladığı elmi nəticələri sistemləşdirir, bütöv bir istiqamətin nəzəri mənzərəsini yaradırdı. F.M. Həşimzadə ilə birgə apardığı tədqiqatların “Fizika tverdogo tela” jurnalında dərc olunması da onun elmi nəticələrinin Azərbaycan hüdudlarından kənarda tanınmasına imkan verdi.
Universitet auditoriyalarına qayıdış…
1966-cı ildə Bəhram Əsgərov Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinin “Molekulyar fizika” kafedrasına dosent dəvət edildi. Bu dəfə o, universitetə tələbə kimi deyil, alim və müəllim kimi qayıdırdı. Leninqrad elmi məktəbinin tədqiqat mədəniyyətini, Fizika İnstitutunda qazandığı təcrübəni və nəzəri hazırlığını universitet auditoriyalarına gətirirdi. Onun adı yalnız bu fakültənin inkişaf mərhələləri ilə deyil, bütövlükdə Azərbaycanda fizika elminin təşəkkülü və inkişafı ilə sıx bağlıdır. O, milli fizika elminin tarixində özünəməxsus elmi məktəb yaratmış alimlərdən biri kimi xüsusi və şərəfli yer tutur. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin tarixində akademik adı ilə seçilən, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü kimi fəaliyyət göstərən yeganə alim Bəhram Əsgərov olmuşdur.
Onun müəllimliyinin əsas xüsusiyyəti mürəkkəb elmi məsələləri mahiyyətindən ayırmadan sadə və aydın şəkildə izah etmək bacarığı idi. Elektrodinamika, bərk cisimlərin kvant nəzəriyyəsi, termodinamika və statistik fizika kimi mürəkkəb fənləri tədris edərkən düsturu yalnız lövhəyə yazmır, onun arxasında dayanan fiziki hadisəni izah edirdi. Bəhram müəllim üçün yaxşı tələbə çoxlu düstur əzbərləyən tələbə deyildi. Əsas məsələ hadisənin səbəbini və nəticəsini görə bilmək, fiziki qanunauyğunluğu dərk etmək idi. Bu yanaşma onun pedaqoji fəlsəfəsinin əsasını təşkil edirdi.
1970-ci ildə Leninqradın “Nauka” nəşriyyatında “Yarımkeçiricilərdə kinetik effektlər” adlı fundamental monoqrafiyası çap olundu. 1971-ci ildə həmin elmi istiqamət üzrə doktorluq dissertasiyasını müdafiə etdi. 1974-cü ildə isə bu monoqrafiyaya görə elm və texnika sahəsində Azərbaycan Dövlət Mükafatına layiq görüldü.
Elmi məktəb yaratmaq
Bəhram Əsgərovun Azərbaycan elminə ən böyük xidməti yalnız fərdi elmi nəticələri deyil, elmi məktəb yaratmasıdır. 1971-ci ildə onun təşəbbüsü və iştirakı ilə Azərbaycan Dövlət Universitetində “Bərk cisimlər fizikası” kafedrası yaradıldı. Bu kafedranın yaradılması sadəcə struktur dəyişikliyi deyildi. Qarşıya daha böyük məqsəd qoyulmuşdu: müasir bərk cisimlər fizikası üzrə yüksək ixtisaslı kadrlar hazırlamaq, fundamental tədqiqatları inkişaf etdirmək və elmi ənənəni gələcək nəsillərə ötürmək.
O, uzun illər kafedraya rəhbərlik etdi və burada bütöv bir elmi məktəbin formalaşmasına nail oldu. İlk baxışda bu anlayışlar yalnız mütəxəssislər üçün nəzərdə tutulmuş mürəkkəb terminlər təsiri bağışlaya bilər. Əslində isə onların arxasında müasir elektronika və materiallar fizikasının fundamental sualları dayanır. Elektron maddədə necə hərəkət edir? Maqnit sahəsi bu hərəkəti necə dəyişdirir? Nazik təbəqələrdə hansı yeni fiziki xassələr meydana çıxır? Çox kiçik ölçülü sistemlərdə maddənin davranışı necə dəyişir? Bəhram Əsgərovun elmi məktəbi bu və buna bənzər fundamental suallara cavab axtarırdı.
Ancaq elmi məktəbin ən böyük nəticəsi yalnız məqalə və monoqrafiyalarda görünmür. Onun əsl davamlılığı yetişdirdiyi insanlarla ölçülür. Bəhram Əsgərovun rəhbərliyi ilə 15 fəlsəfə doktoru və 5 elmlər doktoru hazırlanmışdır. Onun yetirmələri sonralar müxtəlif elm və təhsil mərkəzlərində çalışaraq müəllimlərinin elmi ənənəsini davam etdirdilər. Bu mənada Bəhram Əsgərovun yaratdığı məktəb bir insanın bioqrafiyasından daha uzunömürlü oldu.
Azərbaycan sərhədlərindən dünya elminə və Türkiyədə…
Alimin elmi irsi zaman keçdikcə daha geniş coğrafiyaya yayıldı. 1985-ci ildə Moskvada “Nauka” nəşriyyatında “Yarımkeçiricilərdə elektron köçürmə hadisələri” monoqrafiyası çap edildi. 1994-cü ildə Sinqapurun World Scientific nəşriyyatı onun “Electron Transport Phenomena in Semiconductors” kitabını ingilis dilində nəşr etdi. 2010-cu ildə isə S.R. Figarova ilə birgə hazırladığı “Thermodynamics, Gibbs Method and Statistical Physics of Electron Gases” monoqrafiyası Springer-Verlag tərəfindən Berlin–Heidelbergdə çap olundu.
Bu kitabların coğrafiyası təsadüfi mənzərə deyil. Bakıdan başlayan elmi fəaliyyət Moskva, Sinqapur, Berlin və Heidelberg kimi dünya elmi nəşriyyat mərkəzlərinə qədər uzanmışdı. Bəhram Əsgərov üçün isə elmi fəaliyyət kitab yazmaqla bitmirdi. O, əldə etdiyi biliyi tələbələrə çatdırmağı da alim məsuliyyətinin bir hissəsi hesab edirdi. “Bərk cisimlər nəzəriyyəsi”, “Termodinamika və statistik fizika” kimi dərslik və dərs vəsaitlərinin hazırlanması bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Böyük alim öz biliyini yalnız dar mütəxəssis çevrəsində saxlamır, onu tələbənin anlaya biləcəyi tədris dilinə çevirirdi.
Onun elmi-pedaqoji fəaliyyətində Türkiyə mərhələsi də ayrıca yer tutur. 1993–1994-cü illərdə Hacettepe Universitetinin Fizika mühəndisliyi bölümünün dəvəti ilə professor kimi fəaliyyət göstərən alim doktorantura səviyyəsində mühazirələr oxudu, uzun illər ərzində topladığı elmi təcrübəni gənc tədqiqatçılarla bölüşdü. Bu dövr onun üçün yalnız müəllimlik fəaliyyəti ilə məhdudlaşmadı. Türkiyədə olduğu müddətdə elmi araşdırmalarını da davam etdirdi.
Azərbaycan elmi ilə Türkiyə elmi mühiti arasında belə əlaqələr həmin illər üçün xüsusi əhəmiyyət daşıyırdı. Bəhram Əsgərovun fəaliyyəti bu əməkdaşlığın elmi-pedaqoji istiqamətlərindən biri kimi yadda qaldı. 1994-cü ildə isə o, doğma Bakı Dövlət Universitetinə qayıtdı.
Universitet elminin təşkilatçısı
1994-cü ilin mayında BDU-da elmi işlər üzrə prorektor vəzifəsinə başlayan Bəhram Əsgərov artıq yalnız öz tədqiqatlarının nəticələrinə görə məsuliyyət daşıyan alim deyildi. Qarşısında bütöv universitetin elmi həyatının təşkili kimi daha geniş vəzifə dayanırdı. 1994–2004-cü illərdə elmi işlər üzrə prorektor kimi fəaliyyət göstərdi. 1998-ci ildə isə təxminən bir il universitetin rektoru vəzifəsini də icra etdi. Bu mərhələdə onun qarşısında elmi tədqiqatların təşkili, gənc alimlərin hazırlanması, elmi şuraların fəaliyyəti və universitetdə tədqiqat mədəniyyətinin inkişafı kimi məsələlər dayanırdı.
O, uzun illər Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Təhsil Nazirliyinin “Fizika” ixtisası üzrə elmi-metodik şurasının sədri, elmlər doktoru elmi dərəcəsi verən elmi şuraların sədri və həmsədri olmuşdur. “Bakı Universitetinin Xəbərləri” jurnalının fizika-riyaziyyat elmləri seriyasının redaktoru və müxtəlif elmi jurnalların redaksiya heyətlərinin üzvü kimi də fəaliyyət göstərmişdir. Onun elmə xidməti üç istiqamətdə birləşirdi: tədqiqatçı alim, müəllim və elm təşkilatçısı.
Böyük adların arxasında dayanan insan
Böyük alimlərin bioqrafiyalarında elmi dərəcələr, vəzifələr, kitablar və mükafatlar çox vaxt əsas yer tutur. Lakin bir insanın şəxsiyyətini yalnız bunlarla ifadə etmək mümkün deyil. Bəhram Əsgərov tələbələrinin xatirələrində təmkinli, sadə, tələbəyə yaxın və incə yumor hissinə malik müəllim kimi də yaşayır.
1980-ci ildə baş vermiş bir zarafat bunu əyani şəkildə göstərir. Tələbələr 1 aprel münasibətilə onun təbaşirini şəkərlə əvəz etmiş, lövhədəki bəzi “müsbət” və “mənfi” işarələrini dəyişmişdilər. Bəhram müəllim bu zarafata əsəbi münasibət göstərməmişdi. Əksinə, auditoriyanın səmimiyyətini qoruyaraq özünəməxsus yumorla cavab vermişdi. Bu kiçik hadisə əslində böyük bir müəllim obrazını tamamlayır. Çünki müəllim tələbəyə yalnız dərs keçmir. O, davranışı ilə də nümunə olur. Bəhram Əsgərov elmi dəqiqliyi ilə yanaşı, təvazökarlığı ilə də yadda qaldı. Elmi adların insanı avtomatik olaraq böyütmədiyini, əksinə, insanın həmin adlara məna verdiyini öz həyat nümunəsi ilə göstərdi.
Bəhram Əsgərovun elmi və pedaqoji fəaliyyəti müxtəlif illərdə dövlət tərəfindən yüksək qiymətləndirildi. 1974-cü ildə Azərbaycan Dövlət Mükafatına, 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görüldü. 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif olundu.
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü — akademik seçildi. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görüldü. Lakin onun bioqrafiyasındakı ən mühüm göstəricilərdən biri titul və mükafatların sayı deyil, bu adların arxasında dayanan real elmi fəaliyyətdir.Çünki onun elmi irsində monoqrafiyalar, tədqiqatlar, metodlar, dərsliklər, kafedra və ən əsası, yetişdirdiyi alimlər bir-birini tamamlayır.
Tovuzdan gələn ilk akademik
Bəhram Əsgərovun həyatının Tovuz üçün ayrıca mənası var. Mənbələrdə qeyd olunduğu kimi, o, Tovuz rayonundan çıxmış elm adamları arasında professor və akademik elmi adlarına yüksələn ilk alimdir. Bu faktın əhəmiyyəti yalnız bioqrafik “ilk” olmasında deyil. Əhmədabad kimi sadə bir kənddən çıxan bir gəncin Azərbaycan elminin ən yüksək pillələrinə yüksəlməsi bütöv bir bölgənin maarifçilik tarixində mühüm hadisədir.
Onun həyatında üç məkan xüsusi məna daşıyırdı: Əhmədabad, Bakı və Leninqrad. Əhmədabad ona zəhməti və dözümü öyrətdi. Bakı fundamental təhsilin və müəllimlik fəaliyyətinin mərkəzinə çevrildi. Leninqrad isə onun nəzəri elmi dünyagörüşünü formalaşdırdı.
Sonra isə Bəhram Əsgərov bütün bunları yenidən Azərbaycana gətirdi. Kafedra yaratdı. Kitablar yazdı. Tələbələr yetişdirdi. Alimlər hazırladı. Universitet elminin təşkilinə rəhbərlik etdi. Bununla da özü aldığı elmi mirası növbəti nəslə ötürdü.
Böyük yolunun sonu yox, davamı…
2014-cü il martın 12-də akademik Bəhram Əsgərov dünyasını dəyişsə də onun ölümü elmi məktəbinin sonu olmadı. Çünki həqiqi alim özündən sonra yalnız kitab qoymur. O, düşüncə tərzi qoyur. Elmi ənənə qoyur. Araşdırma istiqaməti yaradır.
Bakı Dövlət Universitetində barelyefinin açılması, doğma Tovuzda adının küçəyə verilməsi və müxtəlif tədbirlərdə xatirəsinin yad edilməsi bu elmi irsə verilən qiymətin ifadəsidir. 2023-cü ildə BDU-da anadan olmasının 90 illiyinin geniş qeyd olunması da onun irsinin universitet və elmi ictimaiyyət üçün əhəmiyyətini göstərdi.
Oktyabrın 5-i onun doğum günüdür. Belə tarixlər yalnız keçmişi xatırlamaq üçün deyil, həm də bu gün haqqında düşünmək üçün fürsət yaradır. Bəhram Əsgərovun həyatına nəzər salanda qarşımıza qeyri-adi bir mənzərə çıxır: kənd məktəbinə piyada gedən uşaq, Bakı Dövlət Universitetinin tələbəsi, Leninqrad elmi məktəbinin yetirməsi, “Anselm–Əsgərov metodu” ilə tanınan tədqiqatçı, fundamental monoqrafiyaların müəllifi, professor, akademik, kafedra yaradıcısı, elm təşkilatçısı və nəhayət, öz elmi məktəbini formalaşdırmış böyük alim.
Onun ömrü göstərdi ki, böyük elmin başlanğıcı heç də həmişə böyük şəhərlər olmur. Bəzən böyük elmin ilk ünvanı ucqar bir kənd, ilk auditoriyası sadə bir məktəb sinfi, ilk laboratoriyası isə insanın öz düşüncəsi olur. Əsas məsələ həmin başlanğıcdan sonra yolun haraya aparılmasıdır. Bəhram Əsgərovun yolu isə çox uzaqlara – elmin zirvəsinə getdi. Onun ən böyük elmi irsini məhz bu üç fikirlə ifadə etmək olar: elmdə nəticələr yaratdı, kitablarda öz sözünü dedi, elmi məktəb qurdu. Tələbələrində isə gələcəyə uzanan böyük bir düşüncə mirası qoydu. Bu baxımdan onun ömür yolu yalnız bir alimin bioqrafiyası deyil. Bu, Azərbaycan kəndindən çıxaraq milli və beynəlxalq elm məkanında öz izini qoyan bir ziyalının hekayəsidir.
Akademik Bəhram Əsgərovun elmi məktəbi, kitabları, yetirmələri və universitet elminə gətirdiyi ənənələr yaşadıqca onun yolu da davam edəcək. Və hər dəfə bir gənc tələbə fizikanın mürəkkəb qanunlarından birini anlamağa çalışanda, hər dəfə bir tədqiqatçı maddənin və elektronun sirrini araşdıranda, hər dəfə bir müəllim tələbəsinə yalnız düsturu deyil, həmin düsturun arxasındakı məntiqi anlatmağa çalışanda Əhmədabad kəndindən başlayan o uzun yolun izləri yenidən görünəcək.
Əmirulla Məmmədov
Türkiyə Bilkənd Universitetinin professoru,
Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi
Namiq Qədimoğlu
BDU Jurnalistika fakültəsinin müəllimi
Əməkdar Jurnalist
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 04 Oktyabr 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















