Eyyub Əliyev: Çin avtomobillərinin Azərbaycan bazarında mövqeyini gücləndirən bir neçə əsas amil var
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Çin avtomobillərinin Azərbaycan bazarında mövqeyini gücləndirməsinin bir neçə əsas səbəbi var və bu prosesə yalnız qiymət amili prizmasından yanaşmaq düzgün olmazdı.
Burada həm iqtisadi faktorlar, həm zövq məsələləri, həm texnoloji üstünlüklər, həm də avtomobillərin interyer və eksteryer xüsusiyyətləri mühüm rol oynayır.
Azərbaycan avtomobil bazarında buna bənzər proses əvvəllər Koreya avtomobilləri ilə bağlı da yaşanıb:
“Hələ 1990-cı illərin ortalarından, xüsusən də sonlarından etibarən Koreya avtomobillərinin Azərbaycana gəlişi dövründə həmin markalara böyük güvən yox idi. İnsanlarda müəyyən tərəddüdlər və inamsızlıq mövcud idi. Lakin zaman keçdikcə, həmin avtomobillər sınaqlardan çıxdı, uzun illər istifadə olundu və nəticədə Azərbaycan bazarında öz mövqelərini möhkəmləndirdilər”.
Ekspert vurğulayıb ki, Çin avtomobilləri bu gün bazarda fərqli üstünlüklərlə çıxış edir.
Əvvəla, interyer və eksteryer baxımından daha cəlbedicidirlər. Müasir dizayn, böyük monitorlar, rəqəmsal idarəetmə sistemləri və müxtəlif komfort funksiyaları alıcıların diqqətini cəlb edir. Başqa tərəfdən, mövcud iqtisadi şəraitdə bu avtomobillər vətəndaşların büdcəsi üçün daha əlçatandır.
Onun fikrincə, Çin avtomobillərinin sürətlə yayılmasının əsas səbəblərindən biri də yanacaq sərfiyyatı ilə bağlıdır:
“Bundan əlavə, Çin avtomobilləri daha ekonom hesab olunur. Əvvəllər eyni tonajlı və eyni seqmentli iri avtomobillərdə Alman və ya Yapon istehsalında adətən 2.5 və ya 3.0 litrdən yuxarı mühərriklərə öyrəşmişdik. Çin avtomobillərində isə daha kiçik həcmli mühərriklərdən istifadə olunur və xüsusən də hibrid modellərin geniş yayılması insanların yanacaq xərclərinə qənaət etməsinə imkan yaradır”.
Eyyub Əliyev texnoloji üstünlüklərin də mühüm rol oynadığını bildirib.
O deyib ki, bu gün avtomobillərdə müxtəlif təhlükəsizlik sistemləri, sensorlar, kameralar, adaptiv idarəetmə funksiyaları, multimedia imkanları və digər elektron həllərin əlçatan olması satış həcmlərinə ciddi təsir göstərir. Alıcıların bir qismi məhz bu funksionallığa görə Çin avtomobillərinə üstünlük verir.
Ekspert hesab edir ki, bazarda bütün alıcılar eyni meyarlarla seçim etmirlər:
“Əlbəttə, elə insanlar da var ki, onlar texnoloji imkanlardan daha çox avtomobilin etibarlılığına, uzunömürlülüyünə, sürüş keyfiyyətinə və markanın formalaşmış reputasiyasına diqqət yetirirlər. Bu kateqoriyadan olan alıcılar daha çox Alman, Yapon, Amerika və ya Koreya avtomobillərinə üstünlük verirlər. Lakin dizaynın müasirliyi, salonun zəngin görünüşü, böyük ekranlar və əlavə komfort elementləri axtaranlar əsasən Çin avtomobillərinə üz tuturlar”.
Eyyub Əliyev Azərbaycan bazarının Çin istehsal zəncirindən asılı vəziyyətə düşməsi ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib. O deyib ki, hələlik belə bir nəticəyə gəlmək üçün əsas yoxdur.
Belə ki, burada hələlik belə bir asılılıqdan danışmaq tezdir. Çünki Azərbaycan avtomobil bazarında son 11–12 ildə çox ciddi dəyişikliklər baş verib və alıcı davranışı daim iqtisadi və normativ amillərdən asılı olub.
Ekspert xatırladıb ki, bazarda dönüş nöqtələrindən biri 2014-cü ildə Avro standartlarına keçid olub:
“2014-cü ildə Avro standartlarına keçiddən sonra insanlar yeni avtomobillərə daha çox üstünlük verməyə başladılar və ikinci əl avtomobil bazarında satışlar xeyli azaldı. Sonrakı devalvasiya dövründə isə bahalı avtomobillərdən imtina edən alıcıların bir hissəsi daha münasib qiymətli Çin avtomobillərinə yönəldi. Həmin dövrdə Çin avtomobilləri indiki səviyyədə deyildi.
Maraqlıdır ki, həmin dövrdə Çin avtomobilləri indiki qədər cəlbedici dizayna, zəngin avadanlığa və texnoloji imkanlara malik deyildi”.
O hesab edir ki, Azərbaycan avtomobil bazarında alıcı seçimi bir markadan və ya bir ölkədən tam asılı deyil.
“İqtisadi vəziyyət, yanacaq qiymətləri, gömrük və vergi siyasəti, texniki standartlar, servis imkanları və ehtiyat hissələrinin əlçatanlığı kimi çoxsaylı amillər istənilən vaxt bazarın istiqamətini dəyişə bilər. Çin avtomobillərinin hazırkı populyarlığı bazarın mövcud iqtisadi və texnoloji tələblərinə uyğunlaşmasının nəticəsidir. Lakin gələcəkdə bazarın hansı istiqamətdə inkişaf edəcəyi ümumi iqtisadi şəraitdən, dövlət tənzimləmələrindən və istehlakçı davranışından asılı olacaq” deyə o bildirib.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 06 Avqust 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















