Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kəlbəcər…
Dağların qoynunda, buludların sanki yerə toxunduğu bir coğrafiya. Burada təbiət də fərqlidir, insanın doğma torpağa bağlılığı da…
Dəniz səviyyəsindən təxminən 2400 metr yüksəklikdə yerləşən Zar kəndində bu gün yeni həyatın təməli atılır.
2023-cü ilin avqustunda Prezident İlham Əliyev tərəfindən Zar kəndinin təməli qoyulan bu kənd indi müasir qəsəbə kimi inşa olunur.
Ötən 3 ilə yaxın müddət ərzində ermənilərin viran etdiyi bu yurda nəfəs gəlir.
Kəlbəcərin ən yüksəklikdə yerləşən yaşayış məntəqələrindən biri olan kənd rayon mərkəzindən təxminən 26 kilometr məsafədə yerləşir.
Zar həm də Kəlbəcərin məşhur İstisu bölgəsinə yaxınlığı ilə seçilən yaşayış məntəqələrindəndir. Tarixi keçmişi ilə seçilən kənd işğaldan əvvəl burada yaşayan sakinlərin yaddaşında yalnız evlərdən və küçələrdən ibarət bir məkan kimi deyil, ata-baba yurdu kimi qalıb.
İllər sonra isə həmin yurdda tamamilə yeni mənzərə yaranıb.
Bu gün burada bir vaxtlar insanların yaşadığı ərazidə yeni evlər ucalır, yollar çəkilir, mühəndis-kommunikasiya xətləri qurulur. Qarşıdakı mənzərə isə artıq təkcə tikinti meydançası deyil – Böyük Qayıdışın ünvanıdır.
855 ailəlik yeni yaşayış məntəqəsi
Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması nəzərdə tutulub. Birinci mərhələdə isə 540 fərdi yaşayış evinin tikintisi həyata keçirilir. Layihədə müxtəlif ailələrin tərkibinə uyğun iki, üç, dörd və beşotaqlı evlər nəzərdə tutulub.
Kəndin yeni siması bununla məhdudlaşmır. Burada 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina və həkim-tibb məntəqəsinin yaradılması da planlaşdırılır. Yol-küçə şəbəkəsi, mühəndis kommunikasiyaları və abadlıq işləri də layihənin tərkib hissəsidir.
Tikinti işlərinə 2025-ci ilin mayında başlanılıb və layihənin 2026-cı ildə başa çatdırılması planlaşdırılıb. Rəsmi məlumatlara görə, kənddə ilk sakinlərin 2026-cı ilin payızında qəbul edilməsi gözlənilir.
Dağların qoynunda müasir kənd
Zarın yeni yaşayış məntəqəsi salınarkən ərazinin relyefi və coğrafi xüsusiyyətləri nəzərə alınır. Çünki burada adi bir yaşayış məntəqəsi tikilmir. Sərt dağ iqlimi, yüksəklik və relyef tikinti prosesində xüsusi yanaşma tələb edir.
Layihənin birinci mərhələsinin icrası “Amazone” MMC-yə həvalə olunub. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə şirkət arasında bağlanmış müqavilənin dəyəri 120,6 milyon manatdan çoxdur. Müqavilə 547 fərdi evlə yanaşı, sosial obyektlərin, mühəndis-kommunikasiya xətlərinin, yol-küçə şəbəkəsinin və abadlıq işlərinin tikintisini də əhatə edir.
Kəndə daxil olarkən isə bütün bu prosesin mahiyyətini bir görüntü ifadə edir: “Zar kəndi” yazısı və onun arxasında ucalan yeni evlər…
Dağlar əvvəlki kimi yerindədir. Külək əvvəlki kimi sərtdir. Amma kənd artıq əvvəlki kənd deyil.
Burada yeni yollar, yeni evlər, yeni küçələr salınır.
Və bütün bunların arasında bir hiss insanı xüsusilə duyğulandırır – illərlə doğma torpağından uzaqda yaşayan insanların yenidən öz kəndinə qayıdacağı gün artıq uzaqda deyil.
Mən də həmin kəndin sakinlərindən biriyəm.
Bu səbəbdən Zarın yenidən qurulmasına kənardan baxmıram. Burada ucalan hər evdə, çəkilən hər yolda, salınan hər küçədə mənim üçün də bir xatirə, bir ümid və bir qayıdış var.
Zar yenidən qurulur.
Dağların qoynunda, 2400 metr yüksəklikdə bir kənd yenidən həyata qayıdır.
Və yaxın günlərdə bu dağlarda yalnız tikinti texnikasının səsi deyil, illər sonra öz doğma yurduna qayıdan insanların səsi eşidiləcək.
Bu, sadəcə kəndin bərpası deyil. Bu, bir ömrün yarımçıq qalmış hekayəsinin yenidən yazılmasıdır.
Pərviz Həşimli
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:515
Bu xəbər 03 Sentyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















