Potensial təhlükə yarada bilər Deputatdan Ermənistanın Aİ ilə imzaladığı sənədə REAKSİYA
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
"Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış strateji sənəd faktiki olaraq Ermənistanın müəyyən mənada maraqlarına cavab verə bilər və bəzi hallarda Ermənistanın ictimai-siyasi mühitində mövcud olan narativləri dəstəkləyə bilər. Eyni zamanda, bu sənəd olduqca təxribat xarakteri daşıyır. Ümumilikdə Azərbaycan mövqeyindən məsələyə yanaşsaq, görünür ki, sənəd Avropa İttifaqı ilə Ermənistan arasında strateji münasibətlərin qurulmasını təmin etmək üçün hazırlanıb. Lakin reallıq ondan ibarətdir ki, Ermənistanın milli maraqları bu sənəddə əks olunan yanaşmadan tamamilə fərqli şəkildə sərgilənməlidir. Bu yanaşma birbaşa sülh quruculuğu prosesi ilə bağlıdır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov Brüsseldə Aİ və Ermənistan arasında imzalanmış “Avropa İttifaqı–Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədə münasibət bildirərkən dedi.
O, qeyd etdi ki, Ermənistan 30 ildən artıq bir müddət ərzində işğalçı siyasət yürüdüb və nəticədə 44 günlük Vətən müharibəsində məğlub olub:
"Eyni zamanda, kapitulyasiya aktına imza atmış tərəf kimi Ermənistan bir sıra öhdəlikləri üzərinə götürüb və bu öhdəliklər birbaşa olaraq birmənalı şəkildə təmin edilməli, yerinə yetirilməlidir. Lakin 44 günlük müharibədən sonrakı proseslər, xüsusilə 2023-cü il sentyabrın 19-20-də keçirilən dövlət suverenliyinin bərpası əməliyyatları zamanı hadisələrin gedişatı göstərdi ki, Ermənistan nəinki bu müharibədən nəticə çıxartmaq, hətta 15 minlik qoşunu Rusiyanın sülhməramlı kontingentinin nəzarəti altında saxlayaraq vaxtı uzatmaq və Avropa İttifaqında bəzi havadarların dəstəyi ilə prosesi öz xeyrinə idarə etmək niyyətində olmuşdu. Lakin 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatları bu niyyətlərin üstündən xətt çəkdi və Avropa İttifaqı Ermənistanla münasibətdə, xüsusilə də Ermənistanın Avropaya inteqrasiyası üçün yeni rıçaqlar üzərində düşünməyə başladı. Bu rıçaqlardan biri mülki missiya ilə bağlıdır. Faktiki olaraq bu ilin fevralında əldə olunmuş razılığa görə mülki missiyanın müddəti iki il uzadılıb və 2027-ci ilin fevralına qədər davam edəcək. Nəticə etibarilə mülki missiya Avropa İttifaqının Ermənistan üzərində saxladığı təsir və təzyiq alətlərindən biridir".
Millət vəkilinin sözlərinə görə, Avropa İttifaqı həmçinin digər alətlər vasitəsilə Ermənistanın siyasi elitası üzərindəki təsirini saxlamağa çalışır:
"Burada xüsusilə Fransa önəmli rol oynayır, çünki Fransa hökuməti maksimum səy göstərir ki, Ermənistanla olan münasibətləri məhz Avropa İttifaqı üzərindən qursun. Strateji tərəfdaşlıq sənədinin hazırlanması, xüsusilə Ermənistanda fəaliyyət göstərən müəyyən revanşist qüvvələrin maraqlarına cavab verəcək şəkildə hazırlanması göstərir ki, Avropa İttifaqında bəzi dairələr Ermənistan-Qarabağ münaqişəsinin həll olunmadığını qəbul etməyə çalışırlar. Sənəddə seçilən terminologiya və ifadələr də bu niyyəti ortaya qoyur. Lakin reallıq odur ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini təmin edib, beynəlxalq hüquq prinsiplərinə uyğun fəaliyyət göstərərək ərazi bütövlüyünü bərpa edib və Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasına xidmət edən siyasi arxitektura formalaşdırıb. Eyni zamanda, Avropa İttifaqında Ermənistanı özünə yaxın çəkmək və Avropaya inteqrasiyasını sürətləndirmək istəyən dairələr mövcuddur. Bu dairələr revanşist qüvvələrlə, o cümlədən erməni diasporu ilə əlaqəlidir və sənədin hazırlanmasında açıq-aşkar iştirak ediblər. Onlar həmçinin Paşinyan üzərində təzyiqi gücləndirməyə çalışırlar".
Azər Allahverənov xatırlatdı ki, 8 avqustda Vaşinqtonda Paşinyanın üzərinə götürdüyü öhdəliklər sülhə xidmət edir:
"Lakin Avropa İttifaqı ilə imzalanmış strateji sənəd təxribat xarakterlidir, provokativdir. Sənəddə Azərbaycanla bağlı beş müddəa kifayət qədər təhrif olunmuş və Azərbaycanın irəli sürdüyü sülh gündəliyinə zidd olan formada əks olunub. Bu sənəd eyni zamanda ABŞ-Avropa İttifaqı qarşıdurmasının nəticəsi kimi də ortaya çıxıb. Sənəd həm də Ermənistan üçün heç bir vəd etmir. Yeddi illik siyasi kursu əhatə edən sənəd, əgər sülh prosesinə təsir göstərə bilərsə, potensial təhlükə yarada bilər. Azərbaycan üçün isə bu sənəd milli maraqlara və sülh quruculuğu siyasətinə ziddir və buna görə də kəskin şəkildə tənqid olunur".
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 09 Dekabr 2025 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















