“Rusiya Ermənistana viza tətbiq etsə, bundan ən çox İrəvan zərər görəcək” Politoloq
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
“Rusiya tərəfindən Ermənistanla gediş-gəlişə viza rejiminin tətbiq edilməsi hələ ki, özünəməxsus bir xəbərdarlıqdır. Bu, Ermənistan hakimiyyətinə bir mesajdır ki, Rusiya onun siyasəti ilə bir qədər razı deyil, bəlkə də bundan narahatdır. Digər tərəfdən, Rusiya təmkin nümayiş etdirir ki, İrəvan öz addımlarını, həyata keçirə biləcəyi təşəbbüslərini bir növ Rusiyanın da maraqlarını nəzərə alaraq atsın”.
Bu fikirləri politoloq Tofiq Abbasov Redaktor.az-a açıqlamasında səsləndirdi.
O əlavə etdi ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin keçirildiyi vaxt Vladimir Putinlə Nikol Paşinyanın görüşündə də dirəniş elementləri müşahidə olunub:
“Ermənistan ciddi cəhdlə çalışır ki, bildirsin: “Mən artıq sənin yedəyində getmirəm, mənim suveren siyasətim var”. “Real Ermənistan” dedikdə, mən ilk növbədə bunu da nəzərdə tuturam ki, Ermənistan Rusiyadan asılılığını boynundan atmaq istəyir. Hələ ki, bu, indiki şəraitdə real görünmür, amma hər halda günlərin birində bu baş verə bilər. Əgər bu baş verərsə, onda daha çox itirən Ermənistan tərəfi olacaq.
Ümumiyyətlə, Ermənistanın Rusiyanın xarici siyasətində özünəməxsus bir yeri var. Bu ölkənin ərazisi, belə deyək, qeyri-leqal trafik üçün istifadə olunur. Bilirsiniz ki, Amerika Birləşmiş Ştatları və Avropa ölkələri Rusiya ilə bağlı ticarətdə çoxsaylı sanksiyalar həyata keçiriblər. Artıq 20-dən artıq paket tətbiq olunub və onların nəticəsində Rusiya bir çox malları Qərb şirkətlərindən, Qərb ölkələrindən ala bilmir. Bu çətinlikləri aradan qaldırmaq üçün qara bazardan istifadə olunur və eyni zamanda bir dəhliz kimi Ermənistanın ərazisindən yararlanılır.
Düzdür, Ermənistan bundan çox böyük qazanclar əldə edir. Buna baxmayaraq, əgər münasibətlərdəki gərginlik həddən artıq yüksək səviyyəyə çatarsa, yəqin ki, artıq bir çox proseslərdə köklü dəyişikliklər baş verəcək. Gediş-gəliş də, malların dövriyyəsi də, pul transferləri və tranzaksiyalar da artıq çətin rejimə keçəcək. Bəlkə də, elə yox səviyyəsinə düşəcək.
Ola bilsin ki, indi Ermənistan həqiqətən də bu məsələdə çox sərtlik göstərsə, Rusiya belə bir addıma getsin. Amma bu addım Ermənistan üçün heç də yaxşı nəticələr vəd etmir. İlk növbədə ona görə ki, Rusiyada xeyli sayda, ən azı 2 milyona yaxın, hətta deyilənə görə 2 milyondan da artıq erməni əsilli insan yaşayır. Düzdür, onların bəziləri, hətta bir çoxu, təxminən 30-40 faizi Rusiya vətəndaşlığının daşıyıcısıdır, yəni həmin ölkənin pasportunu alıblar. Amma hər halda onların hamısının Ermənistanda qohum-əqrəbası var və fürsətlərdən istifadə edərək qazancının müəyyən hissəsini Ermənistana, öz yaxınlarına göndərirlər. İl ərzində bu, 1 milyard dollardan artıq həcmə çatır.
Ona görə də Ermənistan bu qazanclardan, bu valyuta kütləsindən məhrum ola bilər. Bu da Ermənistanın indiki vəziyyətində, məncə, heç də yaxşı nəticə deyil. İndi Ermənistan nə edə bilər? Əlbəttə ki, əgər Rusiya ona viza rejimi tətbiq etsə, Ermənistan da belə bir addıma gedə bilər. Yenə də deyirəm, bu, yalnız və yalnız Ermənistanın zərərinə olacaq”.
Politoloq vurğuladı ki, son illər ərzində, xüsusilə də Ukraynada hərbi kampaniya başladıqdan sonra Rusiyanın çoxsaylı vətəndaşlarının artıq ailəvi şəkildə, hətta biznes strukturlarının nümayəndələrinin də öz vəsaitlərini Ermənistana köçürdükləri və ölkədə iqtisadi canlanma yaratdıqları müşahidə olunur:
“Bu da onunla bağlı idi ki, Ermənistan-Rusiya münasibətlərində elə bir qara buludlar yox idi. Heç bir göstərici həyəcan təbilinin çalınmasına imkan vermirdi. Amma indi isə biz görürük ki, burada sərtləşmə gedir.
Digər tərəfdən, hər iki ölkənin nümayəndələri, xüsusilə rəhbərləri danışıqlarda çox sərt səslənən ideyalar və fikirlər bəyan edirlər. Bu günlərdə də elə Bişkekdə Vladimir Putin dedi ki, Rusiyanın Ermənistanda hərbi qüvvə saxlaması, yəni Gümrüdəki hərbi bazanın fəaliyyət göstərməsi Ermənistanın ürəyincə deyilsə, Ermənistan bunu bəyan etsin, biz dərhal onu oradan çıxara bilərik.
Amma Ermənistana bu lazımdırmı? Putin bununla belə bir eyham da vurdu. Yəni burada artıq görünən odur ki, münasibətlərdəki gərginlik hələ son həddə çatmayıb. Hesab edirəm ki, indi Ermənistan daha ehtiyatlı davranmalıdır. Çünki Ermənistanın Rusiyadan, Rusiya bazarlarından asılılığı daha çoxdur.
İndi bir çox hallarda, hətta Rusiyada hərbi səfərbərlik elan olunmasının mümkünlüyündən danışılır. Yenə də Ermənistan elə ölkələrdən biridir ki, ətraf ölkələrdən ora Rusiya vətəndaşları pənah gətirirlər, orada yaşayırlar, öz bizneslərini açırlar, yeni bizneslərini və ya mövcud bizneslərini ümumilikdə Ermənistana köçürürlər. Hələ ki, buna imkanlar var. Amma bundan sonra necə olacaq, bunu heç kim deyə bilməz”.
Politoloq hesab edir ki, rəsmi İrəvan da, rəsmi Moskva da bu proseslərdə bir-birinə güzəştə getməyəcək:
“Xüsusilə Rusiya tərəfindən. Çünki Rusiyanın Ermənistanın bir dövlət kimi təşəkkül tapmasında çox böyük rolu olub. Məsələ təkcə onda deyil ki, Rusiya, Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan da digər respublikalarla bərabər öz müstəqilliyini elan etdi. Məsələ ondadır ki, Rusiyadan asılılıq da var idi, Rusiya ilə bağlı bazarlar fəaliyyət göstərirdi.
Sonra Rusiyanın siyasi elitası da Ermənistanın əlindən tutaraq, belə deyək, indi Köçəryanın dövründə, sonra Serj Sarkisyanın dövründə onu dəstəkləyərək aparırdı. İndi biri deyə bilər ki, bu yaxşıdır, biri deyə bilər ki, bu pisdir. Amma hər halda bu, Ermənistanın suverenliyini və subyektivliyini şübhə altına qoyan bir reallıq idi.
İndi isə Nikol Paşinyanın “Biz real Ermənistanı qururuq” deməsi həm də o deməkdir ki, xarici müdaxilələrdən izolyasiya olunmalıyıq. Əgər belədirsə, onda niyə Fransadan öz xilasını tapır? Niyə Avropa İttifaqının müdaxilələrindən ehtiyatlanmır Nikol Paşinyan və onun komandası? Niyə ölkənin daxilində Rusiyanın 49 illik müqavilə əsasında fəaliyyət göstərən hərbi bazası var, Gümrüdə? Amma iki dənə də Avropa İttifaqının, xüsusilə fransızlardan komplektləşdirilmiş müşahidəçilər missiyası var. O müşahidəçilər nəyi müşahidə edirlər? Müharibə yoxdur, sonra Azərbaycanla sülh müqaviləsinə artıq gediş var. Yəni biz hər ikimiz həmahəng addımlar atırıq.
Ona görə də, bilirsiniz, indi təbii ki, siyasətdə belə hallar olur. Bir ölkə ilə başqa ölkənin münasibətlərində gərginlik yaranırsa, ziddiyyətlər ortaya çıxırsa, onlar bir-birlərinə qarşı məhdudlaşdırıcı tədbirlər həyata keçirməyə başlayırlar.
İndi Rusiyanın, yenə deyirəm, bu istiqamətdə təsir dairəsi daha güclüdür, daha böyükdür, daha əhatəlidir və həm də onun yaratdığı effektlər daha ağırdır. Ermənistanın Rusiyanın xarici siyasətində də, daxili həyatında da elə bir problemli şərait yaradacağına inanmıram ki, ruslar bundan bezsinlər və desinlər: “Bu bizə heç lazım deyil, gəlin yenidən münasibətlərimizi quraq”.
Hər halda indi konyunktura ondan ibarətdir ki, bu münasibətlər düz xətlə inkişaf etmir. Bundan sonra necə olacaq, onu artıq şərait göstərəcək”.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 03 Sentyabr 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















