Как передает Icma.az, основываясь на информации сайта Day.az.
"Bakalavriat səviyyəsində bəzi ixtisasların 4 ildən 3 ilə keçirilməsi artıq günün tələbidir".
Bunu Day.Az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
O, bir sıra ixtisasların 4 ildən 3 ilə qədər azaldılacağı ilə bağlı ictimaiyyətdə geniş yayılan iddialara aydınlıq gətirib.
Ekspert bildirib ki, bir neçə deputatın təşəbbüsü ilə Elm və Təhsil Komitəsində bəzi ixtisaslar üzrə bakalavriat təhsilinin 4 ildən 3 ilə endirilməsi, eyni zamanda magistratura təhsilinin 2 ildən 1 ilə endirilməsi təklif olunub.
"Hər iki təklifin müəyyən məntiqi əsasları var. İlk növbədə, artıq süni intellektin əmək bazarına ciddi təsir göstərdiyi bir dövrdəyik. Bu baxımdan bütün ixtisaslar üzrə 4 illik bakalavriat təhsilinə ehtiyac olub-olmadığı məsələsinə yenidən baxmaq mümkündür. Məsələn, humanitar ixtisasların bir qisminin təhsil müddətinin 3 ilə endirilməsi nəzərdən keçirilə bilər. Həmçinin, kompüter mühəndisliyi, kompüter elmləri və informasiya texnologiyaları kimi bəzi texniki istiqamətlər üzrə də zəruri bilik və bacarıqların 3 il ərzində mənimsənilməsinin mümkün olub-olmadığı araşdırıla bilər", - o deyib.
M.Məmmədli qeyd edib ki, sözügedən təklif hələ müzakirəyə açıq olsa da beynəlxalq təcrübəyə nəzər saldıqda bakalavriat təhsilinin bəzi aparıcı ölkələrdə 3 il müddətində təşkil edildiyini görürük.
"Azərbaycanda əmək bazarının hazırkı tələblərinin magistratura təhsilinə əvvəlki qədər ciddi ehtiyac yaratmadığı müşahidə olunur. Buna görə də bakalavr təhsilini başa vuran şəxslərin əlavə iki il magistraturada təhsil almağa marağı müəyyən hallarda aşağıdır. Magistraturaya daha çox elmi fəaliyyət, yaradıcılıq və akademik karyera qurmaq istəyən şəxslərin yönəlməsi mümkündür və bu istiqamətdə magistratura təhsilinin əhəmiyyəti qalır", - ekspert deyib.
O, vurğulayıb ki, magistraturaya qəbul zamanı yaranan boş yerlərin sayı da müəyyən qədər bu marağın səviyyəsini göstərir.
"Məsələn, ötən illə müqayisədə ötən il magistratura üzrə 3 mindən artıq boş yer qalmışdı və onların 1200-ü dövlət sifarişli yerlər idi. Bu il isə ikinci cəhddən sonra əlavə olaraq təxminən 1000 yerin boş qalması magistratura təhsilinə tələbin artırılması ilə bağlı məsələlərin yenidən nəzərdən keçirilməsinin vacibliyini göstərir. Təbii ki, burada müxtəlif amillər rol oynaya bilər və məsələ yalnız magistraturanın müddəti ilə məhdudlaşmır", - Məzahir Məmmədli qeyd edib.
Ekspert deyib ki, süni intellektin bütün sahələrdə əmək bazarına təsiri getdikcə artır.
"Böyük şirkətlər, fabriklər, zavodlar, müəssisə və təşkilatlar həm humanitar, həm texniki, həm dəqiq elmlər üzrə bir çox proseslərdə süni intellekt və avtomatlaşdırılmış sistemlərdən daha geniş istifadə edirlər. Bu səbəbdən işəgötürənlərin süni intellektdən səmərəli istifadə edə və onu idarə edə bilən mütəxəssislərə tələbi artır. Belə bir şəraitdə gənclərin əmək bazarına daha tez daxil olmasına imkan verən çevik təhsil modelinin formalaşdırılması əhəmiyyətlidir. Bu baxımdan, bakalavriat səviyyəsində bəzi ixtisasların 4 ildən 3 ilə keçirilməsi artıq günün tələbidir", - o yekunlaşdırıb.
Nəsimi Ələsgərli