Icma.az, ссылаясь на сайт Day.az, отмечает.
Ağsu şəhərində içməli su probleminin həlli üçün İsmayıllı rayonu ərazisindən təxminən 7 kilometrlik su kəmərinin çəkilməsi, eləcə də bir sıra kəndlərin Bakı-Oğuz-Qəbələ su xəttinə qoşulması təklif olunur.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Elçin Mirzəbəyli parlamentin üç komitəsinin bugünkü birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, dövlət büdcəsinin prioritetləri Azərbaycanın təhlükəsizliyinə, vətəndaşların rifahına və ölkənin inkişafına xidmət edir. Bununla yanaşı, təmsil etdiyi Ağsu rayonunda uzun müddətdir həllini gözləyən problemlərə də diqqət yetirilməlidir.
O qeyd edib ki, bu məsələləri daha əvvəl Milli Məclisin plenar iclasında da qaldırıb və onların həlli istiqamətində müvafiq addımların atılmasına ehtiyac var.
E.Mirzəbəylinin sözlərinə görə, Ağsunun bir sıra kəndlərində, eləcə də şəhərin özündə məktəblərin tikintisinə və təmirinə ciddi ehtiyac var.
Xüsusilə Padarqışlaq və Daşdəmirbəyli kəndlərində tam orta məktəb binalarının inşa edilməsi zəruridir. Deputat bildirib ki, həmin kəndlər böyükdür və əhalinin sıxlığı nəzərə alınaraq burada yeni məktəblərin tikilməsi vacibdir.
Onun sözlərinə görə, məktəblərin kəndlərdə inşa edilməsi yalnız təhsil baxımından deyil, həm də əhalinin yaşadığı ərazilərdə qalması, mərkəzə köçməməsi və daxili miqrasiyanın qarşısının alınması baxımından əhəmiyyətlidir.
Deputat Kəndoba kənd məktəbində də oxşar problemin olduğunu, təhsil müəssisəsinin vəziyyətinin narahatedici səviyyədə qaldığını diqqətə çatdırıb.
O, Ağsu şəhərində yerləşən 2 saylı məktəbin təmirinin də hələ başa çatmadığını bildirib. Buna görə şagirdlər və müəllimlər müxtəlif məktəblərdə dərs keçmək məcburiyyətində qalırlar.
E.Mirzəbəyli Ağsunun digər ciddi probleminin içməli su təminatı olduğunu vurğulayıb.
"Ağsunun ən böyük problemlərindən biri adının özü ilə reallığının paradoksal olmasıdır. Adında su var, amma şəhərin ən böyük problemi su problemidir", - deyə deputat bildirib.
O, şəhərin adındakı "ağ" ifadəsinə də diqqət çəkərək, suyun rənginin də mahiyyət etibarilə ağ olmadığını qeyd edib.
Deputat bildirib ki, yerli və regional strukturlar bu problemlərin həlli üçün öz imkanları daxilində müəyyən addımlar atırlar. Lakin məsələ həmin qurumların imkanları çərçivəsində həll edilə biləcək səviyyədə deyil.
Onun sözlərinə görə, Ağsu şəhərinin içməli su təchizatını yaxşılaşdırmaq üçün İsmayıllı rayonu ərazisindən təxminən 7 kilometrlik su kəmərinin çəkilməsi şəhərin su problemini həll edə bilər.
E.Mirzəbəyli Bakı-Oğuz-Qəbələ su xəttinin yaxınlığında yerləşən kəndlərin də içməli su təminatına diqqət çəkib.
O bildirib ki, Daşdəmirbəyli, Çaparlı, Qiyaslı, Ərəbuşağı, Ağalarbəyli, Abasxanlı, Qaraqoyunlu və Musabəyli kəndləri həmin su kəmərinin yaxınlığında yerləşir.
Deputatın fikrincə, bu kəndlərə qısa məsafədən su xətlərinin çəkilməsi onların içməli su təminatını yaxşılaşdırmaqla yanaşı, Ağsunun adı ilə mövcud reallıqları da bir-birinə uyğunlaşdırmağa imkan verə bilər.