Как стало известно Icma.az, со ссылкой на сайт Day.az.
Məktəblərdə və ali təhsil müəssisələrində yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Tədris prosesinin başlaması ilə paytaxtda nəqliyyatın intensivliyinin əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Bununla yanaşı, Bakının bir sıra küçə və yollarında təmir işləri hələ də davam etdirilir. Tədris ilinin başlamasından sonra avtomobil axınının artması fonunda davam edən təmir işlərinin tıxaclara təsiri də diqqət çəkən məsələlərdəndir.
Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, şəhərin mərkəzi hissələrində aparılan təmir işləri artıq yekunlaşdırılıb.
"Mərkəzi yollarda təmir işləri hamısında yekunlaşdırılıb. Mərkəzdə hal-hazırda heç bir yolda təmir işləri aparılmır.
Tədris ili yekunlaşan kimi - iyun ayının 15-dən AAYDA tərəfindən işlərə başlanılıb. 56 küçə bu günə qədər təmir olunub. Hal-hazırda 20-yə yaxın küçədə təmir işləri aparılır, amma bu küçələr əsasən şəhərətrafı ərazilərdədir. Şəhərin mərkəzi hissələrində bütün təmir işləri yekunlaşdırılıb", - məlumatda qeyd olunub.
Agentlikdən bildirilib ki, yol-təmir işlərinin məhz yay aylarında aparılması nəqliyyatın intensivliyinin nisbətən aşağı olması ilə əlaqədardır.
"Sadəcə olaraq bəziləri bundan xəbərsizdir. Təmir işləri üçün başqa vaxt yox idi. Yollarda hərəkət nisbətən ötən iki ay yarımda azalıb.
Bu müddət ərzində 56 küçədə təmir işi aparılıb, bu az rəqəm deyil. "Biz həftə içi nəzərdə tutulan təmir işlərini belə, mümkün qədər həftə sonlarına və bayram günlərinə salmağa çalışırdıq. Yay ayları olmasına baxmayaraq, işləri nəqliyyatın hərəkətini maksimum dərəcədə məhdudlaşdırmadan həyata keçirməyə çalışmışıq. Təmir işləri çox qısa müddətdə, gecə-gündüz fasiləsiz aparılıb. Burada yollarda çalışan insanların əməyi həqiqətən də çox böyükdür və bunu görməmək düzgün deyil", - deyə Agentlikdən bildirilib.