По материалам сайта Day.az, передает Icma.az.
Mövsüm dəyişiklikləri insan orqanizminə həm fiziki, həm də psixoloji təsir göstərir.
Day.Az xəbər verir ki, pediatr Nuranə Hüseynovanın sözlərinə görə, havanın temperaturu və rütubətinin kəskin dəyişməsi, günəş işığının azalması immun sisteminə və bioloji ritmlərə təsir edərək yuxu pozuntularına, stressə və virus infeksiyalarının artmasına səbəb ola bilər.
Xüsusilə bağça və məktəb yaşlı uşaqlar qapalı məkanlarda daha çox vaxt keçirdikləri üçün infeksiyalara yoluxma riski artır.
Həkim mövsüm keçidlərində uşaqların sağlamlığını qorumaq üçün bir neçə məqama diqqət yetirməyi tövsiyə edir. Uşaqlara hava şəraitinə uyğun, ehtiyac olduqda çıxarıla bilən bir neçə qat pambıq geyim geyindirilməli, qidalanmalarına C vitamini, sink və antioksidantlarla zəngin məhsullar daxil edilməlidir. Eyni zamanda keyfiyyətli yuxu, kifayət qədər maye qəbulu və D vitamini səviyyəsinə nəzarət vacibdir.
Virus infeksiyalarının qarşısını almaq üçün uşaqlara əllərini ən azı 20 saniyə sabunla yumaq öyrədilməli, otaqlar mütəmadi havalandırılmalı və rütubət 40-60 faiz arasında saxlanılmalıdır. Pediatr xəbərdarlıq edir ki, uşaqda halsızlıq və ya burun axması müşahidə olunduqda həkimlə məsləhətləşmədən antibiotik və immunstimullaşdırıcı preparatlar verilməməli, dərmanlardan yalnız həkim təyinatı ilə istifadə olunmalıdır.
Ətraflı "APA TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli