futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Misli Premyer Liqasında XI tura start verildi. “Turan Tovuz” səfərdə “Qarabağ”a, “Neftçi” isə azarkeşləri önündə “Kəpəz”ə qalib gəldi – 1:0.
Eyni hesabların qeydə alındığı matçlardan sonra turnir cədvəlinin “dördlüy”ündə mübarizə daha da qızışdı. Xallarını 21-ə çatdıran tovuzlular müvəqqəti ikinci pilləyə yüksəldi. “Ağ-qaralar” isə 24 xalla zirvədə möhkəmləndi və I dövrəni lider bitirməyi təmin etdi.
Günün ilk qarşılaşması Suraxanıda baş tutdu. Bir neçə aylıq fasilədən sonra yenidən “Azersun Arena”ya qayıdan “Qarabağ” azarkeşlərini məyus etdi. “Turan Tovuz”a uduzan “atlılar” ilk hissəsində üstün oynadığı görüşü xalsız başa vurdu.
Oyunsonrası narazılığını dilə gətirən fanatlar, eyni zamanda komandaya dəstəklərini də nümayiş etdirdilər. Nəticə və sərgilənən futbol isə ürəkaçan deyil. Qurban Qurbanovun “drujinası” artıq 4 oyundur, nə qol vurur, nə qələbə qazanır. Mövcud gedişat komandanı birinci pillədən uzaqlaşdırır. Dördüncü sıraya geriləyən “atlılar” liderdən artıq 5 xal geri qalır. “Qarabağ”ın ehtiyatda bir oyunu var və bu, indiki məqamda komanda üçün tək təsəllidir.
“Neftçi” isə “Kəpəz”in uğurlu seriyasını sonlandırdı. İkili mübarizələrin daha çox önə çıxdığı matçın taleyini bir qol həll etdi. Fasilədən sonra meydana daxil olan Alen Şkribek komandasına qələbə və üç xal qazandırdı.
Son illərin ən yaxşı “Kəpəz”i formalaşıb. Komanda meydanda maksimumu edir, sona qədər döyüşür. 7 matçlıq məğlubiyyətsizlik seriyasının bitməsi gəncəlilərdə böyük məyusluq yaratmamalıdır. “Sarı-göylər”in 10 oyunda 17 xal qazanması həm kollektivi, həm də fanatları məmnun etməlidir. Bu komanda son bir neçə ildə bəlkə də 20 tur ərzində indiki qədər xal toplaya bilməzdi. Artıq daha diri və mübarizədən qaçmayan, meydanda nə etmək istədiyini bilən kollektiv var.
Şahin Cəfərov