Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2027-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 257,9 milyon manatı və yaxud 0,6 %-i elmə ayırmaların payına düşəcək.
Bu barədə məlumat "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,4 % çoxdur.
Bildirək ki, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, büdcə xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.
Qeyd edək ki, son illər Azərbaycanda elmin inkişafına mane olan bir sıra səbəblər var. Burada əsasən elmi tədqiqatların maliyyələşdirilməsinin yetərli olmaması, tədqiqat infrastrukturunun köhnəlməsi və elmi kadr potensialının zəifliyi bu sahənin əsas problemləri sırasındadır.
Hətta bir sıra alimlərin, o cümlədən gənc alimlərin xarici ölkələrdə çalışmağa üstünlük verməsi də ölkəmizdə bu sahədə problemlərə yol açır.
Ümumiyyətlə, hazırda elmə 0,6 faiz vəsait ayrılırsa, bu sahədə hansısa yenilik, inkişaf gözləmək mümkündürmü?
Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, növbəti il üçün büdcə zərfində elm və təhsilə ayrılan məbləğ təxminən 6 milyarda yaxındır:
“Yaxşı olardı ki, ayrılan vəsait hesabına elm sahəsində heç olmasa gənc alimlərin rifah halının yaxşılaşması üçün də nəzərdə tutulardı. Burada 2 milyarddan artıq ümumtəhsil məktəblərinə, 400 milyon manat məktəbəqədər təhsil müəssisələrinə və bir o qədər də ali təhsil müəssisləri üçün vəsait nəzərdə tutulub.
Bu gün ümumtəhsil məktəbləri ilə bağlı problem çoxdur. Onların tədris vəsaitlərinin yenilənməsi ilə bağlı planlar var. Hesab edirəm ki, burada əhalinin sıx yaşadığı ərazilərdə yerləşən məktəblərdə şagird sıxlığı nəzərə alınaraq əlavə məktəb tikintilərinə yer ayrılardı.
Birbaşa elmlə bağlı isə gənc alimləri həvəsləndirmək üçün onlara mənzil təminatı, əməkhaqqının artırılması kimi müəyyən tədbirlər nəzərdə tutulmalıdır ki, gələcək üçün bizim elmi bazanın formalaşdırlmasında pay sahibi olsunlar.Təəssüflər olsun ki, bu gün bizim elmə, alim olmaq istəyən, xüsusilə də ali təhsil müəssisələrinə getmək istəyən gənclər yoxdur. Yaşlı nəsil artıq bu işlə ayaqlaşa bilmir. İndi yeni innovasiyalar, yeni texnologiyalar, laborator şəraitlər meydana gəlir. Süni intellektin tətbiqi ilə bağlı düşünülür.
Yaxşı olardı ki, elm və təhil sahəsində süni intellektin tətbiqi ilə bağlı müəyyən vəsaitlərin ayrılmasını müşahidə edək. Bununla, gələcəkdə süni intellektin düzgün tədris olunması, həm də ondan düzgün istifadə qaydaları üçün seminarlar, təlimlər öz həllini tapmış olsun.
Yaranmış problemlərin həlli istiqamətində daha çox vəsaitlərin ayrılması növbəti illər üçün bir stimul ola bilər”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: elm Məzahir Məmmədli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin