Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkologiyadan Türk dünyası bölgə araşdırmalarına keçid
(əvvəli ötən sayımızda)
Bu günə qədər türkologiya, əsasən, dil, tarix, ədəbiyyat və folklor mərkəzli şəkildə inkişaf etmişdir. Bu araşdırmalar Türk dünyasının mənşəyini aydınlaşdırmaq və onun mədəni kimliyini anlamaq baxımından həlledici rol oynamışdır. Lakin bu gün qarşılaşdığımız reallıq artıq ayrı-ayrı elm sahələrinin dar çərçivəsi daxilində izah edilə biləcək səviyyəni aşmışdır.
Nə üçün “Türk dünyası bölgə araşdırmaları”?
Bugünkü Türk dünyası, sadəcə, müxtəlif dövlətlərin ortaq dil köklərini paylaşdığı bir birlik deyil. Müstəqil dövlətlər siyasi əməkdaşlığı genişləndirir, iqtisadi və enerji şəbəkələri qurur, təhsil və mədəni mübadiləni institusional səviyyəyə yüksəldir və bununla da yeni bir regional nizam formalaşdırırlar. Başqa sözlə desək, Türk dünyası artıq yalnız keçmişə aid mədəni anlayış deyil, hazırda formalaşmaqda olan beynəlxalq bir məkandır.
Bu dəyişiklik təbii olaraq yeni bir sual doğurur: biz bundan sonra nəyi araşdırmalıyıq? Mənə görə, bu sualın cavabı məhz “Türk dünyası bölgə araşdırmaları”dır. Burada nəzərdə tutulan bölgə araşdırmaları, sadəcə, müəyyən bir regionu tanıtmaq və ya müxtəlif elm sahələrini yan-yana gətirən adi fənlərarası tədqiqat modeli deyildir. Mənim təklif etdiyim bölgə araşdırmaları bir “sivilizasiya arealı”nı bütöv şəkildə anlamağa yönəlmiş yeni akademik sistemdir.
Ənənəvi bölgə araşdırmaları adətən dövləti və ya coğrafi məkanı əsas tədqiqat vahidi kimi götürür. Lakin Türk dünyası nə tək bir dövlətlə izah edilə biləcək məkandır, nə də sadəcə coğrafi yaxınlıq əsasında formalaşmış regiondur.
Türk dünyasını bir-birinə bağlayan amil yalnız dil deyil, heç qan qohumluğu da deyil. Uzun zaman ərzində toplanmış tarixi yaddaş, mədəni dəyərlər, ortaq simvolik sistem, qarşılıqlı əlaqə təcrübəsi və bu gün formalaşan müxtəlif institutlar və əməkdaşlıq şəbəkələri bir-biri ilə sıx şəkildə birləşərək canlı bir birlik yaradır.
Mən bu birliyi “sivilizasiya şəbəkəsi” adlandırmaq istərdim.
Sivilizasiya çox zaman sabit bir mədəniyyət dairəsi və ya qapalı kimlik forması kimi başa düşülür. Lakin mənim burada nəzərdə tutduğum sivilizasiya tamamilə fərqli bir anlayışdır. Sivilizasiya insanların və biliklərin fasiləsiz hərəkət etdiyi, yaddaş və təcrübələrin toplandığı, institutlar və dəyərlərin qarşılıqlı təsirə girdiyi canlı münasibətlər şəbəkəsidir. Buna görə də sivilizasiya sabit və dəyişməz bir varlıq deyil, daim inkişaf edən və dəyişən əlaqələnmə prosesidir.
Məhz bu baxımdan bugünkü Türk dünyası “dil icması” çərçivəsini aşaraq “sivilizasiya şəbəkəsi kimi dərk edilməlidir. Bu baxış tədqiqat metodlarında da əsaslı dəyişiklik tələb edir. Dilçilik və tarix hələ də mühüm təməl elm sahələridir. Lakin təkcə bunlar bugünkü Türk dünyasını kifayət qədər izah etməyə yetmir. Siyasət elmi, beynəlxalq münasibətlər, iqtisadiyyat, mədəniyyət araşdırmaları, təhsil elmləri, rəqəmsal humanitar elmlər və şəbəkə təhlili birlikdə işlədiyi zaman Türk dünyasının bu günü və gələcəyi kompleks şəkildə anlaşıla bilər.
Bu baxımdan Çristofer Bekvizin irəli sürdüyü Mərkəzi Avrasiya Mədəniyyət Kompleksi anlayışı mühüm nəzəri əsas təqdim edir. Onun Mərkəzi Avrasiyanı sadəcə coğrafi məkan kimi deyil, həm də uzun zaman ərzində formalaşmış mədəni qarşılıqlı təsir sahəsi kimi dərk edən yanaşması bugünkü Türk dünyasını vahid bir sivilizasiya arealı kimi anlamağa çalışan yeni baxışla da səsləşir.
Nəticə etibarilə, “Türk dünyası bölgə araşdırmaları” mövcud türkologiyanı əvəz edən yeni bir elm sahəsi deyil. Əksinə, son yüz ildə türkologiyanın topladığı elmi nailiyyətlər əsasında siyasət, iqtisadiyyat, diplomatiya, mədəniyyət, təhsil və texnologiyanı inteqrativ şəkildə araşdırmaqla Türk dünyasının bu gününü anlamağa və gələcəyini layihələndirməyə yönəlmiş yeni akademik paradiqmadır.
Buna görə də gələcək tədqiqatlar yalnız “dili araşdıran türkologiya” mərhələsində dayanıb qalmamalıdır. İndi “sivilizasiyaları bir-biri ilə əlaqələndirən “Türk dünyası bölgə araşdırmaları” mərhələsinə keçmək lazımdır.
Növbəti 100 il də Bakıdan başlamalıdır
1926-cı il Bakısı Türk dünyasının intellektual tarixini dəyişdirdi. Birinci Bakı Türkoloji Qurultayı sadəcə bir elmi tədbir deyildi. Bu, müxtəlif coğrafiyalara səpələnmiş Türk ziyalılarının ilk dəfə ortaq bir gələcəyi birlikdə təsəvvür etdikləri tarixi hadisə idi. Ortaq əlifbanı müzakirə edən həmin ziyalıların məqsədi yalnız yazı islahatı aparmaq deyildi; onların hədəfi dil vasitəsilə bir-birini anlamaq, elm vasitəsilə isə ortaq gələcəyi birlikdə qurmaq idi.
Bu ruh 100 il sonra – bu gün də öz aktuallığını qoruyur. Lakin dövr dəyişmişdir. Yüz il əvvəl ən mühüm vəzifə dili birləşdirmək idisə, bu gün yeni vəzifə biliyi birləşdirməkdir. 100 il əvvəl ortaq yazı sistemi yaratmaq əsas idisə, qarşıdakı yüz ildə ortaq tədqiqat, ortaq təhsil və ortaq bilik platforması qurmaq əsas olmalıdır. Məhz buna görə də bu gün biz 1926-cı il Bakısını yenidən xatırlamalıyıq.
Mənə görə, qarşıdakı yüz ildə Azərbaycanın üzərinə düşən ən mühüm rol da məhz bununla bağlıdır. Bu rol “Türk dünyası bölgə araşdırmaları”nın mərkəzini Bakıda qurmaqdır. Bakı yenidən elmin mərkəzinə çevrilməlidir.
Bu gün Azərbaycan Türk dünyasını bir-birinə bağlayan ən mühüm ölkələrdən biridir. Coğrafi baxımdan Şərq və Qərb sivilizasiyalarını birləşdirən qapı mövqeyində yerləşir; siyasi baxımdan isə Türk Dövlətləri Təşkilatının əsas üzvlərindən biri kimi müxtəlif əməkdaşlıq proseslərinə töhfə verir. Mədəni baxımdan da Azərbaycan 1926-cı il Bakı Türkoloji Qurultayının irsini yaşadan ölkədir.
Lakin qarşıdakı dövrdə Azərbaycanın nümayiş etdirməli olduğu liderlik yalnız siyasət və diplomatiya ilə məhdudlaşmamalıdır. Artıq akademik liderlik zamanı gəlmişdir. Əgər 1926-cı il Bakısı türkologiyanın başlanğıc nöqtəsi idisə, 2026-cı ildən sonrakı Bakı “Türk dünyası bölgə araşdırmaları”nın başlanğıc nöqtəsi olmalıdır. Bu, sadəcə, yeni bir kafedra və ya şöbə yaratmaq məsələsi deyil. Bu, yeni dövrü istiqamətləndirəcək akademik ekosistemin qurulması məsələsidir.
Həm də Beynəlxalq Araşdırma Mərkəzi
Beləliklə, mən Bakıda “Türk dünyası bölgə araşdırmaları” bölməsi ilə yanaşı, Beynəlxalq Araşdırma Mərkəzinin də yaradılmasını təklif edirəm. Bu qurum klassik türkologiyanı əvəz edən bir mərkəz deyil, əksinə, son yüz ildə türkologiyanın topladığı zəngin elmi nailiyyətlər əsasında yeni dövrə hazırlaşan strateji bir tədqiqat ocağı olmalıdır.
Bu mərkəz dilçilik və tarixlə yanaşı, siyasət elmi, beynəlxalq münasibətlər, iqtisadiyyat, enerji araşdırmaları, mədəniyyət siyasəti, rəqəmsal humanitar elmlər, süni intellekt və beynəlxalq təhsil kimi sahələri bir araya gətirən inteqrativ təhsil və tədqiqat məkanı olmalıdır. Ən mühüm məsələ isə ondan ibarətdir ki, bu araşdırma mərkəzi yalnız bir ölkəyə xidmət edən qurum deyil, bütün Türk dünyası üçün açıq beynəlxalq platforma kimi fəaliyyət göstərməlidir.
Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və digər ölkələrdən olan tədqiqatçılar burada bir araya gələrək birgə tədqiqatlar aparmalı, gənc alimlər yetişdirməli, rəqəmsal arxivlər və süni intellektə əsaslanan tərcümə sistemləri qurmalıdırlar. Əgər bu mərkəzdə ortaq tədris proqramları həyata keçirilər, birgə diplom proqramları inkişaf etdirilər və gələcək nəsillər üçün yeni təhsil modeli formalaşdırılarsa, Bakı yenidən Türk dünyası elminin mərkəzi kimi möhkəmlənə bilər.
Əslində, bu düşüncə hələ gerçəkləşməmiş uzaq bir ideal deyil. Koreyada biz artıq bu baxış əsasında K-İpək Yolu Türkologiyası bölməsini yaratmış və fəaliyyətə başlamışıq. Bu prosesdə biz yalnız dil və tarixi deyil, siyasət, iqtisadiyyat, beynəlxalq münasibətlər, mədəniyyət və regional əməkdaşlığı da birlikdə tədris edən yeni bir təhsil modelini sınaqdan keçiririk.
Əlbəttə, bu hələ kiçik bir başlanğıcdır. Lakin bu təcrübə göstərir ki, “Türk dünyası bölgə araşdırmaları” yalnız nəzəri bir ideya deyil; o, real təhsil və tədqiqat mühitində həyata keçirilə biləcək yeni bir akademik istiqamətdir.
Gələcəkdə Koreya və Azərbaycan bu təcrübəni paylaşaraq birgə təhsil və birgə tədqiqat layihələri həyata keçirərsə, Bakı təbii şəkildə “Türk dünyası bölgə araşdırmaları”nın beynəlxalq mərkəzinə çevrilə bilər.
Yeni 100 ildə Bakının missiyası
Bu gün biz 1926-cı ilin Bakısını yad edirik. Lakin tarix yalnız xatırlamaqla davam etmir. Tarix o zaman canlı qalır ki, yeni nəsillər onu dövrün dili ilə yenidən şərh etsinlər. Son 100 ildə türkologiya Türk dünyasını anlamağa yönəlmiş bir elm sahəsi olmuşdur. Qarşıdakı 100 ildə isə Türk dünyasını bir-birinə bağlayan və onu birlikdə inkişaf etdirən bir elmə ehtiyac vardır. Mən inanıram ki, bu elm məhz “Türk dünyası bölgə araşdırmaları”dır.
100 il əvvəl Bakı türkologiya dövrünü başlatdı. İndi Bakı bir daha yeni bir dövrün başlanğıcını qoya bilər. Bu dəfə bu, dilin hüdudlarını aşaraq sivilizasiya şəbəkələrini araşdıran bir dövr, keçmişi öyrənməklə kifayətlənməyib, gələcəyi layihələndirən bir dövr, Türk dünyasını canlı bir sivilizasiya arealı kimi bir-birinə bağlayan bir dövr olmalıdır.
1926-cı ildə Bakı türkologiyanın paytaxtı idi. Qarşıdakı yeni 100 ildə isə Bakının “Türk dünyası bölgə araşdırmaları”nın paytaxtına çevriləcəyinə ümid edirəm. Bu, sadəcə, bir şəhərin daha böyük nüfuz qazanması demək deyil. Bu, 100 il əvvəl Bakıda başlanmış intellektual irsin bu günün şərtləri daxilində tamamlanması və gələcək nəsillərə yeni bir baxışın təqdim olunması deməkdir.
100 il əvvəl Bakı Türk dünyasını yazı vasitəsilə birləşdirməyə çalışdı. Bugünkü Bakı Türk dünyasını bilik vasitəsilə birləşdirməlidir.
Eunkyung OH,
Koreya Dongduk Qadınlar Universiteti Avrasiya-Türk Araşdırmaları İnstitutunun direktoru,
K-İpək yolu türkologiyası bölməsinin rəhbəri, professor