Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
“Anthropic” şirkətində çalışan türkiyəli riyaziyyatçı Levent Alpöge riyaziyyatın ən böyük həll olunmamış problemlərindən biri hesab edilən Reimann hipotezini süni intellektin köməyi ilə həll etdiyini iddia edir.
“Cebheinfo.az” xəbər verir ki, 167 ildir riyaziyyatçıların diqqət mərkəzində olan bu problemin həll edildiyi ilə bağlı iddia elmi ictimaiyyətdə həm maraq, həm də şübhə doğurub.
İddia təsdiqlənərsə, bu nailiyyət müəllifinə 1 milyon dollarlıq mükafat qazandıra bilər.
Alman riyaziyyatçısı Bernhard Riemann tərəfindən irəli sürülən Reimann hipotezi sadə ədədlərin paylanma qanunauyğunluqları ilə bağlıdır. Bu fərziyyə riyaziyyatın ən mürəkkəb və mübahisəli problemlərindən biri hesab olunur.
Alimlər uzun illərdir onun sübutunu tapmağa çalışırlar. Hipotezin düzgün sübut edilməsi yalnız 1 milyon dollarlıq mükafat deyil, həm də elmi ictimaiyyətdə böyük nüfuz qazandıra bilər.
Lakin Levent Alpögenin problemi həll etdiyini açıqlaması riyaziyyatçılar arasında sevincdən daha çox ehtiyatlı yanaşmaya səbəb olub.
Son aylarda süni intellekt riyaziyyatın mürəkkəb problemlərinin həllində diqqətçəkən nəticələr göstərməyə başlayıb.
“OpenAI” tərəfindən hazırlanan modellər riyaziyyatçı Pol Erdöşün 1946-cı ildə irəli sürdüyü vahid məsafə fərziyyəsini təkzib edib, həmçinin onun digər problemlərinin həllinə töhfə verib.
“Google DeepMind”ın süni intellekt əsaslı isbat sistemi isə açıq qalan 353 Erdöş problemindən 9-nun həllini tapıb.
“Anthropic” şirkətinin “Claude” modeli də riyaziyyatçılarla əməkdaşlıq çərçivəsində üçölçülü Yakobian fərziyyəsinə qarşı əks nümunənin hazırlanmasına kömək edib.
Levent Alpöge açıqlamasında, "Bunun bir son olduğunu düşünmək təbiidir. Gördüklərim məni o qədər heyrətləndirdi ki, bunun elmdə daha böyük bir prosesin başlanğıcı olduğuna inanıram”, - deyə bildirib.
“Wall Street Journal”ın (WSJ) məlumatına görə, Alpöge Reimann hipotezinin həlli üçün ilkin ideyanı süni intellektə təqdim etdiyini, daha sonra isə “Claude” modelinin onu geridə qoyaraq heyrətləndirməyə başladığını bildirib.
Riyaziyyatçı həllin doğruluğunu əsaslandırmaq üçün 17 milyon sətirdən ibarət kod yayımlayıb. Lakin o, araşdırmasını elmi məqalə şəklində dərc etməyib.
Alpöge bu qərarını belə izah edib:
“Oxunması mümkün olmayacaq qədər böyük bir mətn yayımlamaq məqsədəuyğun olmazdı”.
Süni intellektin riyaziyyat sahəsində sürətlə irəliləməsi alimlər arasında geniş müzakirələrə səbəb olub.
Bəzi riyaziyyatçılar süni intellekt şirkətlərini modellərini mürəkkəb problemlər üzərində sınaqdan keçirməklə bağlı tənqid edirlər.
Bu ilin əvvəlində “OpenAI” şirkətinin Navye-Stoks problemini həll etdiyini açıqlaması da elmi ictimaiyyətdə ciddi mübahisələrə yol açmışdı.
Əfsanə
"Сebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin