Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Men ştatının Vəhşi Təbiəti Mühafizə Mərkəzinə yalnız 10 min fərddən birində rast gəlinən tamamilə ağ rəngli Şimali Amerika kirpi-oxatanı (porcupine) balası gətirilib. Adətən tünd bədənə və açıq rəngli iynələrə malik olan bu növün albinos nümayəndəsi çəhrayı pəncələri və qar kimi bəyaz örtüyü ilə görənləri heyran edir. Təbiətdə çox nadir görünən bu bala küçə itlərinin hücumuna məruz qaldıqdan sonra yoldan keçən bir sakinin diqqəti sayəsində xilas edilib.
İlkin baxış zamanı heyvanda gözlə görünən ciddi xəsarət tapılmasa da, mütəxəssislər gözlərindəki qurumuş ifrazat və pəncəsindəki qabıqlaşmanı nəzərə alaraq onu reabilitasiya mərkəzində saxlayıblar. Bir neçə gündən sonra vəziyyəti ağırlaşan balada mikroskopik gənələrin törətdiyi qotur xəstəliyi, eyni zamanda tənəffüs yollarının iltihabı aşkar olunub.
Hazırda mərkəzin həkimləri nadir balaya intensiv tibbi yardım göstərir, xüsusi məlhəmlər və dərmanlarla onun pəncələrini müalicə edirlər. Böyüdükdə uzunluğu 90 santimetrə, çəkisi isə 11 kiloqramadək çata bilən bu unikal heyvanın tam sağaldıqdan sonra yenidən vəhşi təbiətə qaytarılması planlaşdırılır.
Hazırladı:
Arzu Əliyeva
XQ