Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Az xərclə 100 yaşa qədər yaşamaq istəyənlər üçün ilk addım adətən qidalanma rasionunu dəyişmək olur. Çox vaxt bitki mənşəli pəhriz tövsiyə edilsə də, Çində aparılan yeni araşdırma göstərib ki, oradakı uzunömürlülərin əksəriyyəti ət yeyir. Bu, xüsusilə bədən çəkisi normadan aşağı olan insanlar üçün faydalı ola bilər.
Ət, qocalma prosesinə təsir edən mTOR siqnal molekuluna təsir göstərən müəyyən amin turşuları ilə zəngindir. Çoxsaylı tədqiqatlar göstərir ki, ət istehlakını azaltmaq və ya ondan tamamilə imtina etmək ürək xəstəlikləri riskini azaldaraq ömrü uzada bilər. Digər tərəfdən, "Planet Today" xəbər verir ki, bitki mənşəli pəhriz sümük sınıqlarının tezliyinin artması və qida çatışmazlığı ilə əlaqələndirilir.
Şanxaydakı Fudan Universitetindən Kayyue Van bildirir ki, bu cür problemlər sümükləri zəif olan və əməliyyatlardan sonra çətin bərpa olunan yaşlı insanlar üçün xüsusilə təhlükəli ola bilər. Qidalanma və uzunömürlülük arasındakı əlaqəni daha yaxşı anlamaq üçün Van və həmkarları 65 yaşdan yuxarı insanların sağlamlığına dair Çinin mərkəzləşdirilmiş məlumat bazasından istifadə ediblər.
Tədqiqatçılar 1998-ci ilə qədər ən azı 80 yaşı olan və ürək-damar xəstəlikləri, diabet və xərçəngdən əziyyət çəkməyən 5203 iştirakçının məlumatlarını təhlil ediblər. Onların təxminən 80%-i ət yediyini, qalanları isə əsasən tərəvəz və taxıllardan ibarət olan, lakin bəzən heyvan mənşəli məhsulları da daxil edən bitki pəhrizinə üstünlük verdiyini bildirib.
Tədqiqatçılar müşahidə ediblər ki, ət yeyənlər vegeterian, pesketarian (yalnız balıq yeyən) və veqanlarla müqayisədə 100 yaşa qədər daha çox yaşayırlar. Lakin bu fərq statistik olaraq yalnız bədən kütləsi indeksi (BKİ) nəzərə alındıqda əhəmiyyətli olub.
1998-ci ildə BKİ-si 18,5-dən aşağı (çəki çatışmazlığı) olan vegeterianların 24%-i 100 yaşa çatdığı halda, ət yeyən eyni kateqoriyalı insanlarda bu göstərici 30%-ə yaxın olub. Gündəlik ət istehlakı bu ehtimalı daha da artırıb. Çəkisi daha yüksək olan insanlarda isə belə bir tendensiya müşahidə olunmayıb.
Van qeyd edir ki, ətlə zəngin rasion piylənmə ilə əlaqələndirilsə də, heyvan zülalları əzələ və sümüklərin möhkəmlənməsinə kömək edir ki, bu da çəkisi az olanlar üçün həyati vacibdir. Bununla belə, tərəvəz istehlakı da olduqca önəmlidir; hər gün tərəvəz yeyən iştirakçılar arasında ümumi ömür uzunluğu daha yüksək olub.
"Yaşlı insanlar xüsusi qidalanma problemləri ilə üzləşə bilərlər. Bizim tədqiqatımız göstərir ki, çox yaşlı insanlar üçün qidalanma tövsiyələri, xüsusən də çəkisi az olanlar üçün heyvan mənşəli məhsullardan tam imtinaya deyil, balanslı və kifayət qədər qidalanmaya yönəlməlidir",- Van bildirir.
Oksford Universitetindən Ceyms Vebster isə qeyd edir ki, bu məlumatlar təkbaşına insanların rasionunu tamamilə dəyişməməlidir. Onun komandasının əvvəlki işləri vegeterianlığı bud sümüyü sınığı riski ilə əlaqələndirsə də, o, vegeterian pəhrizin digər sağlamlıq üstünlüklərini də xatırladır.
Vebsterin sözlərinə görə, həm vegeterian, həm də ət pəhrizi onların qida dəyərindən asılı olaraq faydalı və ya zərərli ola bilər. Əsas odur ki, tam taxıllı məhsullar, meyvə və tərəvəzlər bol olsun, duz, şəkər və doymuş yağlar isə minimuma endirilsin.
S.ELAY
XQ