Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, İspaniyanın Milli Coğrafiya İnstitutunun məlumatına görə, bu hadisə İberiya yarımadasında 100 ildən artıq müddətdən sonra müşahidə edilən ilk tam Günəş tutulması kimi qeydə alınıb.
Tutulmanın tam kölgə zolağı İspaniyanı qərbdən şərqə doğru keçərək A Korunya, Oviedo, Leon, Bilbao, Saraqosa və Valensiya şəhərləri üzərindən Balear adalarına qədər uzanıb. Ölkənin digər bölgələrində isə tutulma qismən müşahidə edilib. Qvadalaxara vilayətinin Molina de Araqon şəhərində toplaşan insanlar yerli vaxtla saat 20:30 radələrində Ayın Günəşi tam örtərək Günəş tacını görünən etdiyi anları izləyiblər. Təxminən 90 saniyə davam edən qaranlıqdan sonra Günəş işığının yenidən göründüyü bildirilib.
Portuqaliyanın böyük hissəsində qismən tutulma müşahidə olunsa da, yalnız İspaniya sərhədinə yaxın Braqansa bölgəsindəki dar ərazi tam tutulma xəttində yerləşib. Ölkə mətbuatı 1912-ci ildən bəri Portuqaliyadan ilk dəfə tam Günəş tutulmasının müşahidə edildiyini yazıb. Müşahidə məntəqələrindən biri olan Braqansa Hava Limanında minlərlə insanın toplandığı qeyd olunub. Paytaxt Lissabon tam tutulma xəttindən kənarda qalsa da, Belem bölgəsində toplaşan şəxslərin qoruyucu eynəklərlə tutulmanı izlədikləri bildirilib.
Həmidə İbrahimova