100 manata marketdən nə almaq olar? Araşdırma

25.01.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Marketə daxil olarkən cibinizdəki 100 manatın sizi utandırmayacağı bu gün çoxlarını düşündürən əsas suallardan biridir. Kassada pərt olmamaq üçün haqq-hesabı əvvəldən aparmaq lazım gəlir.
Demokrat.az saytı xəbər verir ki, aparılan son qiymət araşdırmaları 100 manatlıq büdcənin bir ailənin ən vacib ehtiyaclarını qarşıladığını, lakin seçim edərkən çox diqqətli olmağın vacibliyini üzə çıxarıb. Əvvəllər bu məbləğlə dolu arabalarla evə dönmək olurdusa, indi hər bir qəpiyin hesabını əvvəldən götür-qoy etmək gərəkdir.
İlk növbədə, mətbəxin "olmazsa olmazları" siyahıya alınmalıdır. Təxmini hesablamalara görə, 10 kq-lıq un (11 AZN), 5 litrlik günəbaxan yağı (16 AZN), 2 kq şəkər tozu (4 AZN) və 2 kq düyü (7 AZN) alan şəxs artıq büdcənin 38 manatını xərcləmiş olur. Əgər bu siyahıya 2 kq mal əti (34 AZN) də əlavə etsəniz, cibinizdə cəmi 28 manat pul qalır. Bu qalan məbləğ isə həftəlik kartof, soğan, yumurta və çörək kimi gündəlik tələbat malları arasında paylanmalıdır.
Burada əsas məsələ sadəcə məhsul almaq deyil, həm də büdcəni düzgün idarə etmək bacarığıdır. Mövzunun əhəmiyyəti ondadır ki, plansız alış-veriş zamanı insanlar çox vaxt vacib olmayan xırda məhsullara (şirniyyat, qazlı sular) daha çox pul xərcləyir və nəticədə əsas ərzaqlar kənarda qalır. Yerli istehsal olan məhsullara üstünlük vermək 100 manatlıq səbəti daha da zənginləşdirə bilər.
Yəni, 100 manat artıq "səpələmək" üçün deyil, yalnız yaşamaq üçün bəs edir. Əgər evdə uşaq varsa və siyahıya uşaq qidaları və ya təmizlik vasitələri də daxil olarsa, 100 manatın sərhədləri dərhal keçilir. Bu məbləğlə marketdən çıxmaq mümkündür, amma bu, artıq ciddi riyazi hesab tələb edir.
Kənan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью