​100 MİN MANATI BANKA QOYMAQ, YOXSA MƏNZİL ALMAQ? Ekspertdən RƏY

24.11.2026

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda hansı ərazilərdən ev alsanız, daha çox qazana bilərsiniz?

Bakıda daşınmaz əmlak bazarında qiymət artımı mənzil alışını yalnız yaşayış ehtiyacı deyil, həm də investisiya qərarı kimi ön plana çıxarır. Bir çox alıcı əldə etdiyi mənzili gələcəkdə daha yüksək qiymətə satmaq və ya kirayə verməklə gəlir əldə etməyi planlaşdırır. Yeni metro stansiyalarının açılması, nəqliyyat infrastrukturunun inkişafı və şəhərsalma layihələri paytaxtın müxtəlif ərazilərində daşınmaz əmlakın investisiya potensialına təsir göstərir. Bu baxımdan, mənzil almaq istəyənlər üçün hansı ərazilərin uzunmüddətli perspektivdə daha çox gəlir vəd etdiyi məsələsi maraq doğurur.

Hazırda Bakının hansı ərazilərində mənzil almaq qiymət artımı və kirayə gəliri baxımından daha perspektivli hesab olunur? Mənzilə investisiya qoyarkən ərazinin seçimi ilə yanaşı, binanın yerləşməsi, sənədləri, infrastrukturu və digər hansı amillər nəzərə alınmalıdır?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, daşınmaz əmlak Azərbaycanda uzun illərdir əsas investisiya vasitələrindən biri kimi çıxış edir və bu mövqeyini bu gün də qoruyur.

Onun sözlərinə görə, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına yönəlmiş proqramlar həyata keçirilsə də, daşınmaz əmlak investisiya baxımından cəlbediciliyini itirməyib.


Ekspert bunu, ilk növbədə, daşınmaz əmlak qiymətlərinin davamlı artımı ilə əlaqələndirib: “Vətəndaşlar əllərindəki vəsaiti banka yerləşdirməklə əldə edə biləcəkləri gəlirlə əmlaka yatırım etməklə qazanacaqları gəliri müqayisə edirlər. Məsələn, 100 min manatın bank əmanətinə yerləşdirilməsi illik təxminən 10-12 faiz gəlir gətirə bilər. Eyni məbləğin daşınmaz əmlaka yatırılması isə qiymət artımı hesabına daha yüksək gəlir imkanları yarada bilər. Bundan əlavə, alınan mənzilin kirayəyə verilməsi də investor üçün ayrıca gəlir mənbəyidir”.

R.Osmanlı qeyd edib ki, aparılan təhlillər daşınmaz əmlakın digər investisiya vasitələri ilə müqayisədə həm risklərin nisbətən aşağı olması, həm də bazarın aktivliyi baxımından üstün mövqedə olduğunu göstərir: “Şəhərin müxtəlif ərazilərində infrastrukturun inkişafı da əmlak qiymətlərinin yüksəlməsinə təsir edən əsas amillərdəndir. Bu səbəbdən yaxın gələcəkdə daşınmaz əmlakın investisiya vasitəsi kimi cəlbediciliyinin azalacağını gözləmir.

Son illərdə mərkəzdə və mərkəzdən kənar ərazilərdə kiçik sahəli mənzillərin likvidliyinin artması da bu tendensiyanın göstəricilərindən biridir. Əlində müəyyən vəsaiti olan və investisiya imkanları axtaran şəxslər yaxın gələcəkdə də daşınmaz əmlaka üstünlük verməyə davam edəcəklər”.

Əmlak yatırımı üçün ərazilərin seçilməsinə gəlincə, R.Osmanlı deyib ki, bu məsələdə şəhərin müxtəlif zonaları üzrə qiymət və gəlirlilik göstəriciləri fərqlənir: “Bəzi ərazilərdə mənzillər daha baha olsa da, gəlir əldə etmək imkanları genişdir. Digər zonalarda isə əmlakın ilkin qiyməti nisbətən aşağı olsa da, gəlirlilik səviyyəsi daha məhdud ola bilər. Bu baxımdan şəhərin investisiya potensialını dəqiq qiymətləndirmək üçün ərazilərin daha detallı şəkildə zonalaşdırılmasına ehtiyac var. Hesab edirəm ki, bu məqsədlə şəhər üzrə ən azı 40-50 fərqli zona və onların gəlirlilik göstəriciləri nəzərə alınmalıdır”.

Ekspert, xüsusilə bəzi yeni inkişaf edən ərazilərə investisiya marağının artdığını vurğulayıb: “Həmin zonalarda mənzillərin ilkin satış qiymətləri yüksək olsa da, alıcılar gələcək qiymət artımı potensialını nəzərə alaraq yatırım edirlər. Bununla belə, əmlakın gələcəkdə alınan qiymətə və ya daha yüksək məbləğə satılacağına zəmanət yoxdur. Şəhər mərkəzində həyata keçirilən bəzi layihələrdə də investisiya marağı müşahidə olunur.

Daşınmaz əmlaka yalnız yaşayış yeri kimi deyil, investisiya vasitəsi kimi yanaşan şəxslər qərar verməzdən əvvəl ətraflı təhlil aparırlar. Bu sahəyə yatırım edənlərin sayı yaxın gələcəkdə azalmayacaq, əksinə, artmaq ehtimalı da var”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью