Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hazırda Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı rəsmi qərar yoxdur. Nikol Paşinyan da İrəvanın bu məsələni Moskva qarşısında qaldırmadığını bildirib. Buna görə yaxın zamanda rus hərbçilərinin ölkəni tərk edəcəyini söyləmək tezdir. Lakin Paşinyanın bazanı Ermənistan üçün həyati zərurət hesab etmədiyini deməsi təsadüfi açıqlama deyil.
Bu mesaj Ermənistan cəmiyyətinə və xarici tərəfdaşlara göstərir ki, İrəvan artıq təhlükəsizliyini yalnız Rusiya ilə bağlamaq istəmir. Paşinyan hökuməti uzun müddət Ermənistanın təhlükəsizlik sistemində əsas dayağın Moskva olduğunu qəbul edirdi. İndi isə Rusiya ilə münasibətlər qorunsa da, həmin asılılığın tədricən azaldılması xətti aparılır. 102-ci baza haqqında deyilənlər də bu siyasətin davamıdır.
Rusiya üçün Gümrüdəki baza sadəcə hərbi obyekt deyil. Bu baza Moskvanın Cənubi Qafqazdakı mövcudluğunun və Ermənistan üzərindəki təsir imkanlarının əsas elementlərindən biridir. Onun çıxarılması Rusiyanın bölgədəki mövqelərinin ciddi şəkildə zəifləməsi demək olardı. Buna görə Moskva Paşinyanın açıqlamalarını yalnız hərbi deyil, həm də siyasi etimad məsələsi kimi qiymətləndirəcək.
Bununla belə, Ermənistanın Rusiya hərbi bazasından imtina etməsi İrəvanın təhlükəsizlik problemlərini avtomatik həll etməyəcək. Fransa, ABŞ və Avropa İttifaqı ilə yaxınlaşma Ermənistana siyasi dəstək və müəyyən hərbi imkanlar qazandıra bilər, lakin bunlar hələ Rusiyanın mövcudluğunu tam əvəz edəcək təhlükəsizlik sistemi deyil. Rus hərbçiləri alternativ mexanizm yaradılmadan çıxarılsa, müəyyən təhlükəsizlik boşluğu yarana bilər. Bu isə Ermənistan daxilində yeni mübahisələrə səbəb olacaq.
102-ci bazanın gələcəyi Cənubi Qafqazdakı ümumi qüvvələr nisbətinə də təsir göstərə bilər. Rusiyanın hərbi mövcudluğunun azalması Türkiyə, İran, ABŞ və Avropa dövlətlərinin regional siyasətinə yenidən baxmasına səbəb olacaq. Azərbaycan üçün əsas məsələ bir xarici hərbi qüvvənin digər qüvvə ilə əvəzlənməməsidir. Çünki belə dəyişiklik regionda yeni təsir mübarizəsi və əlavə gərginlik yarada bilər.
Paşinyanın açıqlaması bu mərhələdə rus hərbçilərinin dərhal çıxarılması barədə qərardan daha çox, Moskvaya ünvanlanan siyasi mesajdır. İrəvan göstərməyə çalışır ki, əvvəlki münasibət modeli artıq dəyişib və Ermənistan öz seçimlərini genişləndirir. Lakin Cənubi Qafqazın uzunmüddətli təhlükəsizliyi xarici bazaların taleyindən deyil, Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsindən asılıdır. Sülh müqaviləsi imzalanmadan və regional əməkdaşlıq qurulmadan hərbi qüvvələrin yerdəyişməsi bölgəyə tam sabitlik gətirməyəcək.
Züriyə Qarayeva