11 min iş yeri, 70 ölkəyə ixrac: Azərbaycanın gizli gücü

28.01.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Son illərdə Azərbaycanda həyata keçirilən məqsədyönlü sənayeləşmə siyasəti ölkə iqtisadiyyatının strukturunda keyfiyyətcə yeni mərhələ formalaşdırıb. Neft-qaz sektorundan asılılığın azaldılması, qeyri-neft sənayesinin gücləndirilməsi və ixrac yönümlü istehsalın təşviqi dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Bu strategiyanın praktiki nəticələri isə sənaye parkları və sənaye məhəllələrinin dinamik inkişafında aydın şəkildə özünü göstərir”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir  Mirkişili deyib.

 Deputat bildirib ki, hazırda ölkədə 8 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir, əlavə olaraq 3 yeni sənaye parkının inşası davam edir: “Mövcud sənaye zonalarına indiyədək 7 milyard manatdan artıq investisiya yatırılıb, 104 istehsal müəssisəsi fəaliyyətə başlayıb və 11 mindən çox daimi iş yeri yaradılıb. Bu müəssisələrdə istehsal olunan məhsulların ümumi həcmi 19,4 milyard manata çatıb ki, bunun 6,1 milyard manatlıq hissəsi dünyanın 70 ölkəsinə ixrac edilib. Bu göstəricilər sənaye zonalarının təkcə istehsal deyil, eyni zamanda ixrac və valyuta axını baxımından da strateji əhəmiyyət daşıdığını sübut edir.

Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, qoyulan investisiyaların 80 faizi, istehsalın 80 faizi, ixracın isə 93 faizi Sumqayıt Sənaye Parkının payına düşür. Eyni zamanda yaradılan müəssisələrin 40 faizi və iş yerlərinin 56 faizi də məhz bu sənaye parkında cəmlənib. Bu statistika Sumqayıtın artıq təkcə sənaye şəhəri deyil, Azərbaycanın qeyri-neft sənayesinin əsas dayağına çevrildiyini açıq şəkildə ortaya qoyur”.

Deputatın sözlərinə görə,  Sumqayıt Sənaye Parkında hazırda 40 rezident fəaliyyət göstərir və  burada 8 800-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulub. “Artıq 6 135 nəfər daimi işlə təmin edilib. Rezidentlərin satış həcmi 15,4 milyard manata çatıb ki, bunun 5,7 milyard manatı ixracın payına düşür. Bu faktlar Sumqayıt Sənaye Parkının yüksək əlavə dəyər yaradan istehsal və ixrac mərkəzi kimi formalaşdığını təsdiqləyir”, - o vurğualyıb.

 Deputat əlavə edib ki, sənaye parklarının fəaliyyəti yalnız iri həcmli istehsal göstəriciləri ilə məhdudlaşmır: “Burada innovativ texnologiyaların tətbiqi, yeni sənaye sahələrinin yaradılması və yerli istehsalın şaxələndirilməsi də ön plana çıxır. Bunun bariz nümunələrindən biri Sumqayıt Sənaye Parkının rezidenti olan “Azermirror” MMC-dir. 2023-cü ildə rezident statusu alan müəssisə Çin texnologiyası əsasında güzgü vərəqələrinin istehsalı zavodunu inşa edib. İllik istehsal gücü 900 min kvadratmetr olan zavod daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracyönümlü fəaliyyət də planlaşdırır. Layihəyə 6,13 milyon manat investisiya yatırılıb, müəssisənin yaradılmasına güzəştli kreditlər və vergi-gömrük azadolmaları ilə dövlət dəstəyi göstərilib. Bu, sənaye zonalarında formalaşdırılan əlverişli biznes mühitinin real nəticəsidir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sənayeləşmə siyasəti Azərbaycanın qeyri-neft sektorunun dayanıqlı inkişafını təmin edən əsas sütunlardan birinə çevrilib. Sənaye zonaları ölkənin iqtisadi təhlükəsizliyini gücləndirir, ixrac potensialını artırır və Azərbaycanı regionda müasir sənaye mərkəzlərindən biri kimi mövqeləndirir. Bu prosesdə Sumqayıt Sənaye Parkı isə lokomotiv rolunu oynayaraq ümumi sənaye strategiyasının simvoluna çevrilir”.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью