11 mindən çox tərbiyəçi müəllim sertifikasiyadan keçəcək Şöbə müdiri DANIŞDI

11.09.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Məktəbəqədər təhsil müəssisələrində çalışan 11 mindən çox tərbiyəçi-müəllimin bilik və bacarıqları qiymətləndirilib.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Eşqi Bağırov deyib.

O bildirib ki, uşağın məktəbəqədər təhsilə çıxışının təmin olunması hələ keyfiyyətli təhsil demək deyil. Onun sözlərinə görə, məktəbəqədər təhsilin keyfiyyətini müəyyən edən əsas amillərdən biri uşaqlarla hər gün işləyən tərbiyəçi-müəllimdir.

“Bu səbəbdən son illərdə tərbiyəçi-müəllimlərin işə qəbulunda mərkəzləşdirilmiş və rəqabətli seçim mexanizmi tətbiq edilib. Bu mexanizm vasitəsilə təxminən 1300 yeni ixtisaslı tərbiyəçi-müəllim sistemə cəlb olunub”, - deyə E.Bağırov qeyd edib.

Şöbə müdiri əlavə edib ki, tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi istiqamətində də geniş diaqnostik proses həyata keçirilib. Bu çərçivədə 11 mindən çox tərbiyəçi-müəllimin bilik və bacarıqları qiymətləndirilib, onların peşəkar inkişaf ehtiyacları müəyyənləşdirilib.

E.Bağırovun sözlərinə görə, növbəti mühüm mərhələ tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılmasıdır.

“İlin sonunadək 12 minə yaxın tərbiyəçi-müəllimin sertifikatlaşdırılması təşkil ediləcək”, - deyə o bildirib.

O vurğulayıb ki, məktəbəqədər təhsildə həyata keçirilən yanaşmanın iki əsas istiqaməti bir-birini tamamlayır: daha çox uşağın məktəbəqədər təhsilə çıxışını təmin etmək və onların qarşısına daha hazırlıqlı, peşəkar pedaqoqlar çıxarmaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью