Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il Dünya çempionatı tarixi hadisələrlə zəngindir. Mundialın qrup mərhələsinin 3-cü turunun son oyun günü keçirilən qarşılaşmalarda qapılara 19 qol vuruldu. Maraqlı və gərgin keçən qarşılaşmalarda Əlcəzair – Avstriya – 3:3, İordaniya – Argentina – 1:3, Panama – İngiltərə – 0:2, Xorvatiya – Qana – 2:1, Konqo DR – Özbəkistan – 3:1 hesablı nəticələr qeydə alınıb. Kolumbiya – Portuqaliya matçı isə qolsuz bərabərliklə başa çatıb – 0:0.
Dünya və Argentina futbolunun ulduzu Leonel Messi son oyunda vurduğu 6-cı qolla Dünya çempionatlarında vurduğu qolların sayını 19-a çatdırıb və hər iki göstəricidə liderlik edir. DÇ–2026-da indiyədək keçirilən oyunları nəzərə alsaq Messidən sonrakı yerlərdə 4 qol vuran Kilian Mbappe, Usman Dembele (Fransa), Vinisius Junior (Braziliya), Erling Haaland (Norveç), 3 qol vuran Harri Keyn (İngiltərə), Conatan Devid (Kanada), Yoan Vissa (Konqo DR), Deniz Undav (Almaniya), Yohan Manzambi (İsveçrə), Matheus Kunya (Braziliya), İsmaila Sarr (Seneqal), İsmael Saibari (Mərakeş), Brayan Brobbi (Niderland) və Elayca Cast (Yeni Zelandiya) qərarlaşıblar.
Beləliklə, Dünya çempionatının 1/16 final mərhələsində gərgin oyunlar davam edir.
30 iyun saat 00:30-da Almaniya – Paraqvay, saat 05:00-da Niderland – Mərakeş, 21:00-da Fildişi Sahili – Norveç, 1 iyul saat 01:00-da Fransa – İsveç, saat 05:00-da Meksika – Ekvador, saat 20:00-da İngiltərə – Konqo Demokratik Respublikası, 2 iyul saat 00:00-da Belçika – Seneqal, 04:00-da ABŞ – Bosniya və Herseqovina, sat 23:00. İspaniya – Avstriya, 3 iyul saat 03:00-da Portuqaliya – Xorvatiya, saat 07:00-da İsveçrə – Əlcəzair, saat 22:00-da Avstraliya – Misir, 4 iyul saat 02:00-da Argentina – Kabo Verde, 05:30-da Kolumbiya – Qana matçları keçiriləcək.
Qeyd edək ki, pley-off mərhələsinə iyunun 28-də start verilib və ilk oyun turnirin ev sahiblərindən biri olan Kanada ilə Cənubi Afrika Respublikası (CAR) arasında baş tutub. Los-Anceles stadionunda keçirilən və portuqaliyalı hakim Juan Pineyrunun idarə etdiyi qarşılaşma son dərəcə gərgin və bərabər səviyyəli mübarizə ilə yadda qalıb. Matçın taleyini uzatma dəqiqələrində vurulan yeganə qol həll edib. Görüşün 90+2-ci dəqiqəsində sağ cinah müdafiəçisi Alistair Conston cərimə meydançasına doğru asma ötürməsini CAR-ın müdafiəçisi başla uzaqlaşdırmağa çalışsa da, cərimə meydançasının xəttində dayanan Stivin Euştakiu topu sinəsi ilə saxlayaraq yerə düşmədən güclü və dəqiq zərbə ilə qapının aşağı küncünə vurub.
Kanada millisi bu qələbə ilə öz futbol tarixində ilk dəfə olaraq Dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib. Matçın qəhrəmanı Stivin Euştakiu standart vəziyyətlərdən (set-pieces) pley-off mərhələsində 5-dən çox qol şansı yaradaraq 2006-cı ildən bəri bunu bacaran ikinci futbolçu olub (ilk rekordçu Andrea Pirlo idi). Məğlubiyyətə baxmayaraq, CAR-ın qapıçısı Ronven Vilyams oyun ərzində 85 dəqiq ötürmə edərək, Manuel Noyerə məxsus olan pley-off rekordunu (51 ötürmə) geridə qoyub.
Kanada yığması pley-offun ilk iştirakçısı olaraq növbəti mərhələdə Niderland – Mərakeş cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, Kanadadan başqa Cənubi Afrika Respublikası, Fildişi Sahili, Kabo-Verde (Cape Verde), Konqo Demokratik Respublikası (DR Konqo) və Bosniya və Herseqovina milliləri tarixində ilk dəf 1/16 final mərhələsində oynayacaqlar.
Dünən axşam ABŞ-ın Hyuston şəhərindəki “NRG Stadium”da Braziliya millisi Yaponiya komandası ilə qarşılaşıb. Oyun “sambaçıların” qələbəsi ilə başa çatıb – 2:1.
Q.YUSİFOĞLU
XQ