525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“12 illik sistemə keçid ciddi resurs tələb edir: müəllim hazırlığı, məktəblərin infrastrukturu, sinif otaqları, dərslik təminatı, maliyyə yükü və idarəetmə mexanizmləri. Bu sahələr paralel şəkildə gücləndirilməsə, keçid prosesində problemlər qaçılmaz olacaq. Eyni zamanda valideynlərin və cəmiyyətin yanaşması da nəzərə alınmalıdır. Çünki ictimaiyyət bunu “uşaqlar onsuz da yorulur, bir il də uzanacaq” kimi qəbul edə bilər. Ona görə də bu addım geniş izahla, mərhələli və əsaslandırılmış formada həyata keçirilməlidir”.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova 525.az-a deyib. O bildirib ki, yaxın 1-2 ildə Azərbaycanda tam şəkildə 12 illik sistemə keçid real görünmür:
“Amma mərhələli keçid mümkündür. Bunun üçün əvvəlcə proqram yüngülləşdirilməli, məktəbəqədər hazırlıq daha keyfiyyətli təşkil olunmalı, yuxarı siniflərdə profil və bacarıq yönümlü təhsil gücləndirilməlidir. Yalnız bundan sonra 12 illik sistem cəmiyyət üçün həqiqətən faydalı nəticə verə bilər. Ümumilikdə hesab edirəm ki, 12 illik təhsil sistemi Azərbaycanda tətbiq olunmalıdır, amma bu addım sadəcə təhsilin müddətini artırmaq üçün deyil, təhsilin mahiyyətini dəyişmək üçün atılmalıdır. Əgər düzgün planlaşdırılsa, bu model şagirdlərin inkişafına, təhsilin keyfiyyətinə və beynəlxalq uyğunluğa ciddi töhfə verə bilər. Əks halda isə sadəcə bir il əlavə olunacaq, amma gözlənilən nəticə dəyişməyəcək”.
Sevinc Qarayeva