Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, proses şahid ifadələri ilə davam edib.
Şahid B.A. 2018-ci ildən “Park Bulvar”da əmək müqaviləsi ilə işlədiyini deyib:
“2020-ci ildə VÖEN açdırdım. Əməkhaqqım 600 manat idi, qış aylarında isə 300 manata endirilirdi. Buna səbəb kimi həmin dövrdə işin zəif olması göstərilirdi. Hazırda da orada işləyirəm. Velosiped və velokartların fəaliyyətinə, həmçinin xəzinəyə nəzarət edirdim”.
Digər şahid Ə.E. bildirib ki, ərazidə yerləşən obyektlərlə müqavilələrin bağlanmasına nəzarət edib.
Onun sözlərinə görə, obyektlərdən toplanan pullar kassa çeki ilə ona təhvil verilib:
“Mən də həmin pulları Fuad müəllimə verirdim. Yayda iş normal olurdu, qışda isə zəifləyirdi. Fuad müəllim əraziyə gətirilən gül və yaşıllaşdırma işlərinə cavabdeh idi. Bəzən Yeni il bəzəkləri üçün ‘Sədərək’dən aldığımız məhsullara görə borcumuz qalırdı”.
Növbəti məhkəmə prosesi oktyabrın 7-si saat 10:00-a təyin olunub.
Xatırladaq ki, cinayət işi Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanıb.
İttihama əsasən, İlqar Mustafayevin digər şəxslərlə cinayət əlaqəsinə girərək qurumun ərazisindəki qeyri-yaşayış sahələrinin icarəsi, kommersiya obyektləri, gəmi gəzintiləri və başqa fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq vəsaiti mənimsəməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Bundan başqa, onun 1 milyon 800 min manatdan artıq vergini dövlət büdcəsinə ödəməkdən yayındığı, cinayət yolu ilə əldə edildiyi iddia olunan 10 milyon manatdan artıq vəsaiti özü və qohumlarının adına əmlaklar almaqla leqallaşdırdığı bildirilir.
İlqar Mustafayev barəsində həbs, digər təqsirləndirilən şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Maddi ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə 11 milyon manatdan artıq dəyəri olan əmlak üzərinə həbs qoyulub.