Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda bəzi yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə sürücülər kifayət qədər yüksək məbləğdə cərimə ilə üzləşə bilərlər. Xüsusilə təkrar pozuntular, sərxoş vəziyyətdə avtomobil idarə edilməsi, ağırçəkili nəqliyyat vasitələrinin tələblərə zidd istismarı və avtomobilin konstruksiyasına qanunsuz müdaxilələr ciddi maliyyə məsuliyyəti yaradır.
Sfera.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin təhlili göstərir ki, sürücülər üçün ən yüksək cərimələrdən biri 1 200 manatdır. Bu cəza iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla idarə edilməsinin bir il ərzində təkrar törədilməsinə görə tətbiq olunur. Bu halda sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ da 6 aydan 1 ilədək məhdudlaşdırıla bilər.
Digər yüksək cərimələrdən biri 1 000 manatdır. Məcəllənin 342.3-cü maddəsinə əsasən, mühərrikin səs gücünü artırmaq məqsədilə avtomobilin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırılması və ya dəyişdirilməsi 500 manat cərimə ilə nəticələnir. Eyni pozuntunun bir il ərzində təkrar törədilməsi halında isə cərimə 1 000 manata yüksəlir. Toyuqlu pizza
Sürücülər üçün yüksək məbləğli cəzalardan biri də narkotik vasitələrdən, psixotrop maddələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə edilməsinə aiddir. Belə pozuntunun nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilərsə və ya maddi zərər vurularsa, sürücünün idarəetmə hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 900 manat cərimə tətbiq edilə bilər. Alternativ olaraq inzibati həbs də nəzərdə tutulur.
Avtomobilin icazəsiz xüsusi səs və ya sayrışan işıq siqnalları ilə təchiz edilməsi, dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtük və qurğulardan istifadə, sürətin ölçülməsinə mane olan antiradar və digər texniki vasitələrin tətbiqi də sürücünü ciddi cərimə ilə üz-üzə qoya bilər. Bu hallarda istifadə olunan avadanlıq müsadirə edilməklə 500 manatdan 800 manatadək cərimə tətbiq edilir.
Sürücülük hüququ olmayan şəxsin sərxoş vəziyyətdə avtomobil idarə etməsi və bunun nəticəsində yol hərəkəti qaydalarının pozulması ilə zərərçəkmiş şəxsə yüngül bədən xəsarəti yetirilməsi və ya maddi zərər vurulması da 800 manatlıq cərimə ilə nəticələnə bilər. Bu halda bir aydan iki ayadək inzibati həbs də tətbiq oluna bilər.
Sərxoş vəziyyətdə avtomobil idarə edən və sürücülük hüququ olan şəxslər üçün də ciddi sanksiyalar müəyyənləşdirilib. Alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etmə 400 manat cərimə və ya idarəetmə hüququnun 6 aydan 1 ilədək məhdudlaşdırılması ilə nəticələnə bilər. Pozuntu bir il ərzində təkrarlandıqda isə cərimə 500 manata çatır və idarəetmə hüququ 2 il müddətinə məhdudlaşdırılır. Əgər həmin pozuntu nəticəsində zərərçəkmiş şəxsə yüngül xəsarət və ya maddi zərər dəyərsə, cərimə 700 manat təşkil edir.
Sürücülər bilməlidirlər ki, yüksək cərimələr yalnız sürət həddinin aşılması və ya svetoforun qırmızı işığında keçmə kimi geniş yayılmış pozuntularla məhdudlaşmır. Avtomobilin texniki quruluşuna müdaxilə, sərxoş vəziyyətdə idarəetmə, ağırçəkili nəqliyyat vasitələri ilə bağlı tələblərin pozulması və bəzi hallarda eyni qayda pozuntusunun təkrar törədilməsi daha ağır maliyyə sanksiyalarına səbəb olur.
Bununla yanaşı, yol hərəkəti qaydaları üzrə cərimənin vaxtında ödənilməsi də vacibdir. İnzibati Xətalar Məcəlləsinə əsasən, yol hərəkəti qaydaları üzrə tətbiq edilmiş cərimə qərarı qanuni qüvvəyə mindikdən sonra 30 gün ərzində üzrsüz səbəbdən ödənilmədikdə, gecikdirilən hər gün üçün cərimə məbləğinin 1 faizi həcmində dəbbə pulu hesablanır. Qərarın qüvvəyə mindiyi gündən 2 ay ərzində ödəniş edilmədikdə nəqliyyat vasitəsinin saxlanılması, 3 ay ərzində isə sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması məsələsi gündəmə gələ bilər.