Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Bu gün dünyanın ən böyük qumlu səhralarından biri kimi tanınan Ərəbistan yarımadasının cənubunda 125 min il əvvəl begemotların yaşadığı böyük göl mövcud olub.
“Cebheinfo.az” xəbər verir ki, Səudiyyə Ərəbistanının cənubundakı Rub əl-Xali səhrasında aparılan arxeoloji tədqiqatlar bölgənin qədim dövrlərdə tamamilə fərqli təbii şəraitə malik olduğunu üzə çıxarıb.
Alimlərin araşdırmasına əsasən, təxminən 125 min il əvvəl Mundafan hövzəsində sahəsi 340 kvadratkilometrə çatan, dərinliyi isə 29 metrə qədər olan şirin su gölü yerləşib. Gölün ətrafı yaşıl otlaqlar və bitki örtüyü ilə əhatə olunub. Burada begemotlarla yanaşı, nəhəng camışlar, ceyranlar, orikslər, dəvələr və dəvəquşular da yaşayıb.
Tədqiqatçılar ərazidə 500-dən çox heyvan qalığı və 5 500-dən artıq daş alət aşkarlayıblar. Tapıntılar qədim insanların göl sahilində məskunlaşdığını, ovçuluqla məşğul olduğunu, həmçinin bitkilərdən müxtəlif məqsədlər üçün istifadə etdiyini göstərir.
Araşdırmanın ən maraqlı nəticələrindən biri daş alətlərin üzərində zəhərli bitkilərə aid izlərin müəyyən edilməsidir. Alimlər ehtimal edirlər ki, qədim insanlar ov silahlarının uclarını zəhərli bitki maddələri ilə işləyiblər. Bu, ovçuluq texnologiyalarının həmin dövrdə düşündüyümüzdən daha inkişaf etmiş ola biləcəyini göstərir.
Tədqiqat “Science” jurnalında dərc olunub. Alimlərin fikrincə, əldə edilən nəticələr Ərəbistan yarımadasının keçmişdə yalnız quraq səhralardan ibarət olmadığını, iqlimin daha rütubətli olduğu dövrlərdə zəngin canlı aləminə və insan məskənlərinə sahib olduğunu təsdiqləyir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin