Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Sumqayıt şəhəri, Corat qəsəbəsində 13 ildir yollar bərbad vəziyyətdədir. Dərdimizi kimə deyək, bilmirik”.
Bu şikayətlə “Qafqazinfo”ya qəsəbə sakini Suliddin Nəzərov müraciət edib.
O bildirib ki, uşaqlar yoldakı vəziyyətə görə əziyyət çəkirlər: “Məktəbə gedib-gəlmək artıq ciddi problemə çevrilib. İllərdir bu durumdan zülm çəkirik. Hara müraciət edək ki, məsələ birdəfəlik həll olunsun?!”
Vətəndaş, həmçinin qeyd edib ki, ərazidə yeni kanalizasiya sistemi çəkilməsinə baxmayaraq, problem həllini tapmayıb: “Kanalizasiya sistemi yenilənərək üstünə asfalt vuruldu. Lakin hansı hissələr qazılmışdısa, onun üzəri örtüldü. Bununla da həmin yerləri su basır, yağış yağanda vəziyyət daha da dözülməz olur”.
Məsələ ilə bağlı “İri Şəhərlərin Su Təchizatı” QSC-yə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, sözügedən ünvanda tullantı su şəbəkəsinin qurulması istiqamətində layihə hazırlanıb və buna uyğun tikinti-quruculuq işləri görülür: “Hazırda layihə tam başa çatdırılmayıb, şəbəkənin qurulması davam etdirilir. Həmçinin qeyd olunan küçədəki mövcud vəziyyətlə bağlı sukanal idarəsi məlumatlıdır, ətrafa toplanan suların yönləndirilməsi istiqamətində işlər görüləcək”.
Fidan Etibar