Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İşğaldan azad edilmiş ərazilərdə aparılan inventarlaşdırma nəticəsində 68 abidənin tamamilə dağıdıldığı, 114 abidənin isə müxtəlif dərəcədə zədələndiyi müəyyən edilib.
Modern.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib.
Onun sözlərinə görə, 2020-ci il noyabrın 3-dən etibarən Mədəniyyət Nazirliyi yanında Mədəni İrs Xidməti tərəfindən işğaldan azad edilmiş ərazilərdə 575 abidədə inventarlaşdırma işləri aparılıb. Onlardan 196-sı Şuşa şəhərində yerləşir.
Nazir müavini qeyd edib ki, inventarlaşdırma yalnız abidələrin baxışdan keçirilməsi ilə məhdudlaşmır. Proses zamanı sahə araşdırmaları aparılır, elektron xəritələr hazırlanır, fotofiksasiya və dron çəkilişləri həyata keçirilir, arxiv sənədləri araşdırılır.
Səadət Yusifovanın sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dövlət qeydiyyatında olan 130 abidənin inventarlaşdırılması ərazilərin minalarla çirklənməsi səbəbindən hələ başa çatdırılmayıb.
O bildirib ki, aparılan təhlillərə əsasən, 68 abidə tamamilə dağıdılıb, 114 abidə isə müxtəlif dərəcəli dağıntılara məruz qalıb.
Nazir müavini dini abidələrə də ciddi ziyan dəydiyini deyib. Onun açıqlamasına görə, dövlət qeydiyyatında olan 9 türbə, 3 qəbiristanlıq və 7 məscid tamamilə məhv edilib, 25 məscid, 14 türbə və 2 sərdabə isə müxtəlif səviyyədə zədələnib.
Səadət Yusifova xristian dini irsinə də ziyan dəydiyini bildirib. Onun sözlərinə görə, bölgədə bir məbəd tamamilə dağıdılıb, 20 məbəd isə müxtəlif dərəcədə zərər görüb.
Nazir müavini həmçinin Xudavəng monastırında işğal dövründə qanunsuz müdaxilələr və bərpa işlərinin aparıldığını, freskalar və xaçdaşların sökülərək ölkədən kənara çıxarıldığını bildirib. O, Xudavəng və Gəncəsər komplekslərindəki qəbirlərlə bağlı da müdaxilələrin olduğunu qeyd edib.
Səadət Yusifovanın sözlərinə görə, bu faktlarla əlaqədar beynəlxalq hüquqi müstəvidə atributsiya və restitusiya məsələlərinin qaldırılması zəruridir.
“Bu istiqamətdə İnterpol və UNESCO çərçivəsində müvafiq işlər artıq davam etdirilir”, – nazir müavini bildirib.
Lamiyə Cənnətzadə