14 gün sonra...

01.08.2026

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Qəzzada sabitlik üçün: HƏMAS tərksilah olunmalı, İsrail geri çəkilməlidir

Uzun illərdən sonra Qəzzada sülh yarana bilər. Belə ki, Sülh Şurası Fələstin HƏMAS hərəkatının Qəzza zolağında atəşkəsi qorumaq üçün silahlarını sıradan çıxarmaq planına razılıq verdiyini təsdiqləyib. Bu barədə Sülh Şurasının X sosial media platformasında dərc olunmuş açıqlamasında bildirilib. Qeyd olunub ki, “İlk dəfə olaraq, HƏMAS bütün silahlarından imtina etmək üçün rəsmi olaraq plana uyğun öhdəlik götürüb və ardınca İsrail Qəzza zolağından çıxacaq”.

Sülh Şurasının Ali Nümayəndəsi Nikolay Mladenov X sosial media platformasında verdiyi açıqlamada deyib ki, “Qarşımızda fələstinlilər tərəfindən idarə olunan və İsraillə sülh şəraitində olan yenidən qurulmuş Qəzza, eləcə də İsrail-Fələstin münaqişəsinin mənalı şəkildə həlli üçün siyasi perspektivlər var”.

HƏMAS müzakirə üçün vaxt istəyir

Bu arada, danışıqlarda HƏMAS nümayəndə heyətinin üzvü Qazi Həməd Əl-Cəzirəyə bildirib ki, İsrail gecikərsə, hərəkat əldə edilən razılaşmanı həyata keçirməyəcək. “İsrail qüvvələri müqavilə üzrə öhdəliklərini yerinə yetirməsələr, HƏMAS Qəzza ilə sülh müqaviləsinin heç bir bəndini yerinə yetirməyəcək”, - deyə o bildirib. Onun sözlərinə görə, tərksilah məsələsi Qəzzanı idarə edən milli komitə tərəfindən həll ediləcək. Həməd AFP-yə verdiyi müsahibədə deyib: “Bu proses təxminən 14 gün, bəlkə də daha uzun çəkəcək. Bütün detallar barədə razılığa gəlməliyik: razılaşmanın necə həyata keçiriləcəyi, nə vaxt həyata keçiriləcəyi və hansı mexanizmlərdən istifadə ediləcəyi və s.”

ABŞ İsraili plana əməl etməyə çağırır

Öz növbəsində, ABŞ-ın yüksək vəzifəli rəsmisi brifinq zamanı bildirib ki, İsrail Qəzzanın yenidən qurulması üçün 20 bəndlik planının həyata keçirilməsinə icazə verməsə, ABŞ Prezidenti Donald Tramp “çox məyus olacaq”. “Biz İsraildən əvvəlcə razılaşdırdıqları 20 bəndlik planın bir hissəsi olmayan bir şey etməsini istəmirik və buna görə də əminik ki, onlar buna əməl edəcəklər. Əgər onlar bunu etməsələr, Prezident Tramp çox, çox məyus olacaq”, - deyə rəsmi bildirib. O əlavə edib ki, ABŞ İsrailin müqavilənin şərtlərinə əməl edəcəyinə inanır. “İsraildə HƏMAS-ın tərksilah ediləcəyinə çox şübhə ilə yanaşırlar... Amma HƏMAS razılaşma əldə etdi... və HƏMAS cəsədləri və girovları çıxarmaqla istədiklərini əldə etdi, ona görə də niyyətimiz İsraili də öhdəliklərini yerinə yetirməyə məcbur etmək və dürüst vasitəçi ola biləcəyimizi təmin etməkdir”, - deyə rəsmi bildirib.

Bu arada, Axios iki Amerika rəsmisinə istinadən bildirir ki, HƏMAS vasitəçilərlə - Qətər, Türkiyə və Misirlə aylarla davam edən danışıqlardan sonra razılaşmanın şərtləri ilə razılaşıb. Onların sözlərinə görə, əsas fiqur danışıqlara ev sahibliyi edən və HƏMAS-ın siyasi lideri Xəlil əl-Həyya ilə sıx əlaqələri olan Misir kəşfiyyat rəisi Həsən Rəşad olub. Portalın məlumatına görə, İran HƏMAS-ı əks istiqamətə yönləndirirmiş. Yüksək vəzifəli ABŞ rəsmisi Axios-a bildirib ki, Tehran HƏMAS-ı razılaşmadan imtina etməyə inandırmağa çalışıb, lakin qrup onun məsləhətinə əməl etməyib. Yüksək vəzifəli ABŞ rəsmisi bildirib ki, tərksilah planının yaxın həftələrdə başlaması gözlənilir.

Təl-Əviv geri çəkilmək fikrində deyil?

İsrail tərəfi isə Qəzza zolağında gələcək məskunlaşma prosesinin həyata keçirilməsi üçün HƏMAS-ın tam tərksilah edilməsində və anklavın silahsızlaşdırılmasında israr edir. Bu barədə İsrail Baş nazirinin müşaviri Dmitri Gendelman bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının Qəzza ilə bağlı planında İsrailin bu tələbləri kifayət qədər əksini tapmayıb. Gendelman qeyd edib ki, HƏMAS silahsızlaşdırılmayana qədər İsrail Qəzza zolağındakı “Sarı Xətt”dən geri çəkilməyəcək. Müşavir, həmçinin İsrail Baş naziri ilə ABŞ Prezidenti arasında Vaşinqtonda keçirilən görüşdə Qəzza məsələsinin müzakirə olunmadığını bildirib.

Təsdiqləmədən sonra razılaşma açıqlanacaq

“Əl-Hədəs” telekanalı isə yayıb ki, HƏMAS hərəkatı və Fələstinin digər qruplaşmaları Qəzza zolağında vəziyyətin sabitləşdirilməsi ilə bağlı razılaşmanın bütün bəndlərini qəbul ediblər. Məlumata görə, razılaşma Sülh Şurası tərəfindən təqdim olunan Qəzza planı çərçivəsində əldə olunub. Sənədin rəsmi açıqlanması İsrail tərəfinin HƏMAS tərəfindən qəbul edilən şərtləri təsdiqləməsindən sonra gözlənilir.

Bildirilib ki, razılaşmaya əsasən, HƏMAS silahlarını, o cümlədən ağır silahları Qəzzanın idarə olunmasını təmin edəcək Fələstin komitəsinə təhvil verməlidir. Silahların inventarlaşdırılması və saxlanması beynəlxalq komitənin nəzarəti altında həyata keçiriləcək.

HƏMAS, həmçinin silahların təhvil verilməsi prosesinin İsrail qoşunlarının çıxarılması ilə əlaqələndirilməsinə və bu proses üçün ən azı 14 günlük müddətin müəyyənləşdirilməsinə razılıq verib.

Tramp: Davamlı sülh və təhlükəsizliyə doğru monumental addım

ABŞ Prezidenti Donald Tramp bunu “Truth Social” sosial media platformasında qeyd edib ki, Sülh Şurası və HƏMAS “tarixi bir razılaşma”ya çatdılar və buna əsasən qrup tamamilə tərksilah edilməsi barədə razılığa gəldi. Razılaşma həmçinin Qəzzada olan bütün digər silahlı qrupların silahsızlaşdırılmasını tələb edir. Prezident vurğulayıb ki, “Bu, davamlı sülh və təhlükəsizliyə doğru monumental bir addımdır”.

Tramp əlavə edib ki, razılaşma Qəzzanın Sülh Şurası ilə əməkdaşlıq çərçivəsində yeni Fələstin hökuməti tərəfindən idarə olunmasına, İsrailin isə layiq olduğu təhlükəsizliyi almasına imkan verəcək, çünki anklav artıq terror hücumları üçün baza kimi xidmət etməyəcək.

Prezident bu razılaşmanı 20 maddəlik planının həyata keçirilməsində mühüm bir mərhələ adlandırıb və silahsızlanma davam etdikcə İsrail qüvvələrinin geri çəkiləcəyini və yeni Fələstin polis qüvvələri ilə birlikdə beynəlxalq sabitləşdirmə qüvvələrinin Qəzzanın təhlükəsizliyini təmin edəcəyini vurğulayıb.

Axios dörd mənbəyə istinadən Ağ Ev və Sülh Şurasının HƏMAS-ın yaxın günlərdə silahsızlanma müqaviləsi imzalamasını gözlədiyini bildirib. Qəzza danışıqlarının iştirakçılarından biri nəşrə bildirib ki, Tramp administrasiyası və Sülh Şurası son aylarda HƏMAS-ın maliyyələşdirilməsini qəsdən dayandırıb. Mənbə bildirib ki, “HƏMAS-ı “yox” deyə bilməyəcəkləri bir nöqtəyə gətirə bildiyimizə inanırıq”.

Qeyd edək ki, iyulun əvvəlində HƏMAS Qəzzadakı hökumətinin buraxıldığını və hakimiyyətin BMT tərəfindən dəstəklənən texniki komitəyə ötürülməsinə hazırlıq gördüyünü elan edib. Həmin vaxt qrup tamamilə tərksilah etməyə və ya təhlükəsizlik funksiyalarını beynəlxalq qüvvələrə təhvil verməyə hazır olub-olmadığını dəqiqləşdirməsə də, bu addımı anklavın yenidən qurulmasına sadiqliyinin təsdiqi adlandırıb.

SADİQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью