Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Hazırda dünyada cərəyan edən geosiyasi və geoiqtisadi proseslər fonunda enerji səmərəliliyinin artırılması hər bir ölkə üçün vacib çağırışlardan biri qismində çıxış edir.
Enerji müstəqilliyini daha da möhkəmlətməyi hədəfləyən Azərbaycan da bu istiqamətdə dünyanın qabaqcıl şirkətləri ilə sıx əməkdaşlıq şəraitində davamlı olaraq müxtəlif layihələr həyata keçirir.
Bu günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Esyasoft Holding” şirkəti arasında ağıllı qaz şəbəkəsinin layihələndirilməsi, qurulması və istifadəyə verilməsi haqqında müqavilə imzalanıb.
Ötən il Bakıda keçirilmiş COP29 çərçivəsində SOCAR-la “Esyasoft Holding” arasında imzalanmış əməkdaşlıq sazişinin davamı olan bu müqaviləni SOCAR prezidenti Rövşən Nəcəf, “Azəriqaz”ın baş direktoru Azər Məmmədov və “Esyasoft Holding”in baş icraçı direktoru Bipin Çandra imzalayıblar.
Müştəri və vətəndaş məmnunluğunu yüksəltmək əsas məqsəddir SOCAR-dan verilən məlumata əsasən, layihənin əsas məqsədi qabaqcıl ağıllı qaz idarəetmə sistemi texnologiyalarının tətbiqi sayəsində Azərbaycan ərazisində qazın paylanması üzrə əməliyyat səmərəliliyini artırmaq, xərcləri optimallaşdırmaq, mövcud qaz itkilərini azaltmaq, habelə “Azəriqaz”ın göstərdiyi xidmətlər üzrə müştəri və vətəndaş məmnunluğunu yüksəltməkdir.
Layihə 2,5 milyon “ağıllı” sayğacın quraşdırılması və sistemə dəstək mərhələləri nəzərə alınmaqla təxminən 14 illik dövrü əhatə edəcək.
Bu dövr ərzində 480 milyon ABŞ dolları sərmayənin yatırılması nəzərdə tutulur.