15 ilin müəlliminə şərt: “Başını aç, ya da işə gəlmə”

07.10.2026

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Jurnalist Firuzə Mahmudova Bərdə rayonunda 15 ildir müəllim kimi çalışan bacısının iş yerində qarşılaşdığı vəziyyətlə bağlı fikirlər səsləndirib.

Gununsesi.info xəbər verir ki, Firuzə Mahmudovanın sözlərinə görə, bacısı 15 il ərzində müəllimlik fəaliyyəti ilə məşğul olub, çoxsaylı şagirdlər yetişdirib və eyni zamanda üç övlad böyüdərək ailəsini təmin edib.

Jurnalist qeyd edir ki, müəllimin qarşısına baş örtüyü ilə bağlı seçim qoyulub. İddia edilir ki, ona “başını açsan, müəllimlik fəaliyyətini davam etdirə bilərsən, açmasan, işə gəlmə” deyilib.

Mahmudova bildirib ki, bacısı baş örtüyündən imtina etmək niyyətində deyil.

Onun sözlərinə görə, bu, bacısının illərdir seçdiyi həyat və inanc yoludur və o, öz seçimini heç kimə məcbur etmir.

“Sadəcə öz seçiminə hörmət edilməsini istəyir”, – deyə jurnalist qeyd edib.

Paylaşımda vurğulanır ki, məsələ yalnız bir müəllimin işindən getmir. Söhbət üç övlad anası olan, ailəsini təmin edən və 15 il ərzində müəllim kimi fəaliyyət göstərən bir qadının əmək hüquqlarından və şəxsi seçimindən gedir.

“15 il müəllimlik fəaliyyəti, illərlə çəkilən zəhmət və bir gün qarşıya qoyulan belə bir seçim… İnsanın öz inancından vaz keçməsi ilə öz əməyini qoruması arasında seçimə məcbur edilməsi çox ağırdır” – Firuzə Mahmudova yazıb.

Hazırda müəllimə qarşı belə tələbin hansı əsasla irəli sürüldüyü, bunun məktəb rəhbərliyinin qərarı olub-olmadığı və məsələyə Bərdə Rayon Təhsil Sektoru və ya Elm və Təhsil Nazirliyi tərəfindən münasibət bildirilib-bildirilmədiyi məlum deyil.

Elmar
Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью