15 İyul Ümumdünya Gənclərin Bacarıqları Günüdür

15.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Zaman dəyişdikcə dövlətlərin qüdrətini müəyyən edən meyarlar da dəyişir. Bir vaxtlar ölkələrin gücü təbii sərvətləri, hərbi potensialı və coğrafi mövqeyi ilə ölçülürdüsə, XXI əsrdə bu göstəricilərin önünə insan kapitalı çıxıb. Müasir dünyanın iqtisadi və texnoloji reallıqları göstərir ki, inkişafın əsas hərəkətverici qüvvəsi bilikli, peşəkar, yaradıcı düşüncəyə malik və müasir bacarıqlarla silahlanmış insan resursudur. Xüsusilə gənclər cəmiyyətin yenilənən enerjisini, dövlətlərin strateji gələcəyini və davamlı inkişafını müəyyən edən ən mühüm sosial təbəqə hesab olunur.

Qloballaşmanın, rəqəmsallaşmanın və süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi indiki mərhələdə bilik artıq təkcə üstünlük deyil, həm də milli təhlükəsizliyin, iqtisadi dayanıqlığın və beynəlxalq rəqabət qabiliyyətinin əsas şərtidir. Belə bir şəraitdə gənclərin peşə hazırlığının gücləndirilməsi, onların müasir bacarıqlara yiyələnməsi və əmək bazarının yeni tələblərinə uyğun yetişdirilməsi bütün dövlətlər üçün prioritet vəzifələrdən birinə çevrilib.

Məhz bu baxımdan hər il iyulun 15-də qeyd olunan Ümumdünya Gənclərin Bacarıqları Günü xüsusi əhəmiyyət daşıyır. Bu əlamətdar gün Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 18 dekabr 2014-cü il tarixli 69/145 nömrəli qətnaməsi ilə təsis olunmuş və 2015-ci ildən etibarən beynəlxalq səviyyədə qeyd edilir. Günün təsis edilməsində əsas məqsəd gənclərin məşğulluq imkanlarının genişləndirilməsi, peşə və texniki təhsilin inkişafı, innovativ düşüncənin təşviqi, əmək bazarının dəyişən tələblərinə uyğun bacarıqların formalaşdırılması və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verməkdir.

BMT-nin məlumatına görə, müasir əmək bazarında rəqəmsal savadlılıq, süni intellekt alətlərindən səmərəli istifadə, analitik təfəkkür, yaradıcı yanaşma, komandada işləmək, liderlik və ömürboyu öyrənmə bacarıqları gələcəyin əsas kompetensiyaları hesab olunur. Məhz buna görə də Ümumdünya Gənclərin Bacarıqları Günü təkcə peşə təhsilinin təbliği deyil, həm də insan kapitalının inkişafına xidmət edən qlobal platforma kimi qiymətləndirilir.

Azərbaycan müstəqillik qazandıqdan sonra gənclərin hərtərəfli inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu siyasətin banisi Ümummilli Lider Heydər Əliyev idi. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra gənclər sahəsində institusional islahatlara başlanıldı, 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı, 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumu keçirildi, 1997-ci ildə isə fevralın 2-si MDB məkanında ilk dəfə olaraq Gənclər Günü elan edildi. Bu addımlar ölkədə sistemli dövlət gənclər siyasətinin əsasını qoydu.

Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyinin əsas təminatı hesab edir və bildirirdi: "Mənə ilham verən ən böyük qüvvə Azərbaycanın gəncləridir, Azərbaycanın gələcəyidir." Bu fikir sadəcə siyasi bəyanat deyil, müstəqil Azərbaycanın inkişaf konsepsiyasının mühüm ideoloji sütunlarından biri idi.

Bu gün həmin siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, Azərbaycanın gələcək inkişafı savadlı, peşəkar və vətənpərvər gənclərin fəaliyyətindən asılıdır. Prezident İlham Əliyevin gənclərlə görüşlərinin birində söylədiyi "Mənim gənclərə xüsusi münasibətim var... Mən də sizə arxalanıram" fikri dövlətin gənclərə olan yüksək etimadının ifadəsidir.

Son illər həyata keçirilən islahatlar nəticəsində təhsil sisteminin müasirləşdirilməsi, peşə təhsilinin əmək bazarının tələblərinə uyğun yenilənməsi, rəqəmsal bacarıqların inkişafı, innovasiya və startap ekosisteminin genişləndirilməsi, gənclərin beynəlxalq proqramlarda iştirakının dəstəklənməsi insan kapitalının keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaradıb. "2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" bu istiqamətdə həyata keçirilən tədbirlərin konseptual əsasını təşkil edib.

Azərbaycan gəncləri bu gün beynəlxalq fənn olimpiadalarında, informasiya-kommunikasiya texnologiyaları müsabiqələrində, robototexnika yarışlarında, startap forumlarında, elm festivallarında, idman arenalarında və mədəni platformalarda qazandıqları uğurlarla ölkəmizin intellektual potensialını nümayiş etdirirlər. Onların əldə etdiyi nailiyyətlər bir daha təsdiq edir ki, müasir bacarıqlar yalnız şəxsi inkişafın deyil, həm də dövlət nüfuzunun mühüm göstəricisidir.

Azərbaycan gəncliyi öz bacarığını və vətənə sədaqətini ən ağır sınaq anlarında da nümayiş etdirdi. 2020-ci ilin Vətən müharibəsində və sonrakı dövrdə dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası uğrunda qəhrəmanlıq göstərən gənclər sübut etdilər ki, yüksək mənəvi keyfiyyətlər, peşəkarlıq və müasir hazırlıq milli gücün ayrılmaz tərkib hissəsidir. Bu gün həmin gənclər Qarabağ və Şərqi Zəngəzurun bərpasında, "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin həyata keçirilməsində, yaşıl enerji və rəqəmsal həllərin tətbiqində fəal iştirak edirlər.

Artıq dünya yeni iqtisadi mərhələyə qədəm qoyur. Süni intellekt, rəqəmsal texnologiyalar, yaşıl enerji və yüksək texnologiyalar gələcəyin iqtisadiyyatını formalaşdırır. Belə şəraitdə gənclərin yalnız ali təhsil alması kifayət etmir. Onların çevik düşünməsi, yeni biliklərə açıq olması, xarici dilləri bilməsi, peşə səriştələrini daim təkmilləşdirməsi və ömürboyu öyrənmə prinsipinə sadiq qalması əsas tələbə çevrilir.

Ümumdünya Gənclərin Bacarıqları Günü də məhz bu həqiqəti bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırır: güclü dövlətin təməlində güclü insan kapitalı dayanır. Azərbaycan isə bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirərək gənclərinin bilik və bacarıqlarını milli inkişafın aparıcı amilinə çevirir.

Bu gün auditoriyalarda elm öyrənən, laboratoriyalarda tədqiqat aparan, istehsalat sahələrində peşəyə yiyələnən, rəqəmsal texnologiyalar üzərində çalışan, beynəlxalq yarışlarda üçrəngli bayrağımızı ucaldan Azərbaycan gəncləri sabahın alimləri, mühəndisləri, müəllimləri, həkimləri, sahibkarları və dövlət xadimləridir. Onların bilik və bacarıqları Azərbaycanın gələcək inkişafının ən etibarlı təminatıdır.

Çünki müasir dövrdə neft və qaz ehtiyatları tükənə bilər, texnologiyalar dəyişə bilər, iqtisadi modellər yenilənə bilər. Lakin milli-mənəvi dəyərlərə bağlı, yüksək intellektə, müasir bacarıqlara və güclü vətəndaş məsuliyyətinə malik insan kapitalı hər zaman dövlətin ən böyük sərvəti olaraq qalacaq. Məhz belə bir gənclik isə Azərbaycanın bu gününü daha möhkəm, sabahını isə daha parlaq edən əsas qüvvədir.

Nurəngiz Adilqızı
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью