15 min maaş alan müavin 19500 manat maaşı olan sədrindən danışmaqdan yayındı: Heç belə bir məsələni soruşarlar? Sualı Vəliyə, Turala verin

01.02.2026

Icma.az bildirir, Mia.az portalına istinadən.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan  Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev hər ay 19 500 manat maaş alır. Ölkədə minimum əməkhaqqının 400 manat olduğunu nəzərə alsaq, bu, kifayət qədər yüksək məbləğdir. 

Mia.az xəbər verir ki, məsələ böyük müzakirə yaratsa da, AYNA indiyə qədər susub.

Bəs doğrudanmı onlar AYNA rəhbəri 19500, müavinləri 15 min, köməkçisi 10-12 minmanat maaş alır?

Mia.az-ın məlumatına əsasən,“Yeni Sabah” bu dəfə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədr müavini Heydər Rüstəmovla əlaqə saxlayıb.

Lakin o, sualları cavablandırmaqdan imtina edib. 

- Heydər müəllim, mətbuat yazır ki, AYNA sədri Anar Rzayev ayda 19 min 500 manat maaş alır. Bu informasiya nə qədər həqiqətdir?

- Bununla bağlı sorğunuzu AYNA-nın İctimaiyyətlə əlaqələr departamentinə ünvanlayın. Bu suala onlar cavab verə bilər. 

- Hamı AYNA sədrinin maaşından danışır, yazır. Sədrinizi müdafiə etmək istəmirsiniz? 

- Burada müdafiəlik nə var ki? TikTok-da çox şey danışıla bilər. Bunlar qeyri-ciddi məsələlərdir. Onun hamısına münasibət bildirəsi deyilik ki..

- Amma mətbuat da yazıb...

- Sorğunuzu İctimaiyyətlə əlaqələr departamentinə ünvanlayın. 

- Siz özünüz ayda nə qədər maaş alırsınız? 

- Ay müəllim, heç adamdan belə bir məsələni soruşarlar.  

- Dövlət qurumunda işləyənlərdən soruşmaq olar...

- Yenə deyirəm, bizdə İctimaiyyətlə əlaqələr departamenti var. Bizim daxili idarəetmə strukturumuza və qaydalara görə, sorğular həmin departamentə ünvanlanmalıdır. Sorğunuzu Vəliyə, Turala göndərin, cavablandıracaqlar. Özləri birbaşa cavab verə bilməsələ də dəqiqləşdirib cavab verəcəklər.

Qeyd edək ki, Anar Rzayev 2021-ci ilin 11 noyabr tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью