15 minlik “pressinq” və qolsuz duel

23.11.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Dünən Gəncədə futbol ab-havası hər addımda hiss olunurdu. Misli Premyer Liqasının XII turunda keçirilən “Kəpəz” – “Qarabağ” qarşılaşması şəhərin əsas müzakirə mövzusuna çevrilmişdi. Küçələrdəki qızğın söhbətlər, divarlara vurulan posterlər və stadiona üz tutan azarkeşlərin çoxluğu oyuna marağın nə qədər böyük olduğunu göstərirdi.

Stadiona aparan yollarda yaranan tıxaclar da qarşılaşmaya marağın göstəricisi idi. Biletlərin iki gün əvvəl tükəndiyi oyunu Gəncə şəhər stadionunda 15 500 azarkeş izləyirdi. Hakimin start fitindən əvvəl tribunalar artıq canlanmışdı. Stadionun quruluşu tribunaların səsini daha da gücləndirirdi.

“Kəpəz” meydana 3-5-2, “Qarabağ” isə 4-2-3-1 taktiki sxemi ilə çıxmışdı. İlk dəqiqələrdə Ağdam təmsilçisi topa nəzarət etməyə çalışsa da, meydan sahibləri azarkeşlərin dəstəyi ilə tezliklə təşəbbüsü ələ aldılar.

Namik Ələsgərov, Adama Fofana və Dezmond Akvanın fəallığı meydan sahiblərinin hücumlarına əlavə dinamika verirdi. İlk yarıda “Kəpəz” rəqib qapısına 10 zərbə endirdi. “Qarabağ” isə buna cəmi 4 zərbə ilə cavab verdi.

İlk hissənin ən təhlükəli epizodu 36-cı dəqiqədə yaşandı. Viktor Stinanın zərbəsindən sonra qapıçı Zlomisliçi keçən topu son anda Bəhlul Mustafazadə qapı xəttindən çıxardı. Ümumilikdə, Bəhlul, Bense Varkonyi və Zlomisliç ilk yarıda etibarlı oyun nümayiş etdirdilər.

Fasilədən sonra oyunun gedişi dəyişdi. Təxminən 60-cı dəqiqədən etibarən “Kəpəz” futbolçularında yorğunluq hiss olunurdu. Meydan sahibləri müdafiəyə çəkildilər və təşəbbüsü rəqibə verdilər. İkinci yarıda topa 70 faiz sahib olan “Qarabağ” rəqibi öz cərimə meydançasına sıxışdırdı.

Hesabı qorumağa çalışan “Kəpəz” əks-hücumlarda da azsaylı futbolçu ilə irəli çıxırdı. Hətta əlverişli vəziyyətlərdə belə, meydan sahiblərinin hücumlarında cəmi iki futbolçu iştirak edirdi. “Qarabağ” isə əsasən cinahlardan hücuma keçərək cərimə meydançasına asmalar göndərirdi. Lakin cərimə meydançasında bu ötürmələri tamamlayacaq futbolçular azlıq təşkil edirdi.

Hər iki komandanın hücumlarında son zərbələrdə dəqiqlik çatışmırdı. “Kəpəz”in 17 zərbəsindən 14-ü, “Qarabağ”ın isə 15 zərbəsindən 11-i qapı çərçivəsinə düşmədi. Bəzi zərbələr müdafiəçilər tərəfindən bloklandı, digərləri isə qapıdan kənara yönəldi. Çərçivəyə düşən zərbələrdə isə “Kəpəz”in qapıçısı Rojerio Santuş inamlı oyunu ilə diqqət çəkdi.

Əlavə olunmuş vaxtın dördüncü dəqiqəsində meydanda gərginlik yaşandı. “Qarabağ”ın futbolçusu Cebrail Makreçkis topu “Kəpəz”in ehtiyat oyunçular skamyasına doğru vurdu. Bu hərəkət tərəflər arasında qısamüddətli mübahisəyə səbəb oldu.

Final fitindən sonra meydandakı gərginlik tribunaların sevincinə qarışdı. “Kəpəz”in azarkeşləri qolsuz bərabərliyi böyük coşqu ilə qarşıladılar. Oyun boyu komandalarını dəstəkləyən Gəncə futbolsevərləri qarşılaşmanın sonunda da futbolçuları alqışlarla yola saldılar.

Ayxan Zayıdzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью