Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
“Uşağın doğulmasına görə birdəfəlik müavinətin 600 manatdan 1500 manata qaldırılması müsbət və vaxtında atılan sosial addımdır”.
Millət vəkili Razi Nurullayev bunu Bakıvaxtı.az-a açıqlamasında deyib.
Deputatın sözlərinə görə, bu addım dövlətin ailələrə və uşaqlara dəstəyinin gücləndirilməsi, xüsusilə gənc valideynlərin üzləşdiyi ilkin xərclərin müəyyən qədər yüngülləşdirilməsi baxımından əhəmiyyətlidir.
O bildirib ki, birdəfəlik müavinətin artırılması ailələrin daha çox uşaq sahibi olmaq qərarına ciddi təsir göstərməsə də, bu istiqamətdə müsbət təşəbbüsdür:
"Çünki valideynlər övlad sahibi olmaq barədə qərar verərkən uşağın yalnız ilkin ehtiyaclarını deyil, gələcək təhsilini, sağlamlığını və təminatını da nəzərə alırlar. Bu siyasət davamlı xarakter almalı, uşaq müavinətlərinin və uşağa qulluq ödənişlərinin artırılması, məktəbəqədər təhsilin əlçatanlığının genişləndirilməsi, eləcə də gənc ailələrin mənzil təminatına dəstək kimi tədbirlərlə tamamlanmalıdır".
Razi Nurullayev: Bu cür addımlar demoqrafik vəziyyətə də müsbət təsir göstərə bilər
Deputatın fikrincə, bu cür addımlar demoqrafik vəziyyətə də müsbət təsir göstərə bilər:
“Əsas məqsədimiz ailələrə elə sosial və iqtisadi şərait yaratmaqdır ki, valideynlər övlad sahibi olmaqdan çəkinməsinlər, uşaqlarını gələcəyə inamla böyüdə bilsinlər. 1500 manatlıq birdəfəlik müavinət bu istiqamətdə atılan müsbət addımlardan biri kimi əhəmiyyət daşıyır”.
Məlumat üçün qeyd edək ki, 2027-ci ildən uşağın doğulmasına görə ödəniləcək məbləğin 1500 manat olması nəzərdə tutulur. 2026-cı ildə sözügedən məbləğ 600 manat olub. Bu isə 900 manat artım deməkdir.
Zeynəb Rzayeva