Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bir millətin tarixini yalnız döyüş meydanları yazmır. O tarixi bəzən bir müəllimin qələmi, bir şairin misrası, bir jurnalistin cümləsi formalaşdırır. Azərbaycan mətbuatının 151 illik tarixi də məhz belə bir salnamədir – mürəkkəblə yazılmış dövlətçilik tariximiz.
Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir.
151 il əvvəl Həsən bəy Zərdabi "Əkinçi"ni çap edəndə onun əlində nə böyük maliyyə vardı, nə texnologiya, nə də geniş oxucu auditoriyası. Amma bir sərvəti var idi – xalqını oyatmaq arzusu.
Bu gün yüzlərlə xəbər saytı, televiziya, radio, sosial media platformaları fəaliyyət göstərir. İnformasiya saniyələr içində dünyanın bir ucundan digər ucuna çatır. Amma bir sual əvvəlki kimi aktuallığını saxlayır: Biz informasiya istehsal edirik, yoxsa ictimai düşüncə formalaşdırırıq?
Məhz bu sual 151 illik yolun ən vacib hesabatıdır.
Bu gün "Əkinçi"ni yalnız ilk Azərbaycan qəzeti kimi təqdim etmək, əslində, ona qarşı haqsızlıq olardı.
"Əkinçi" milli özünüdərk məktəbi idi.
O qəzet insanlara xəbər vermirdi.
Onlara düşünməyi öyrədirdi.
Həsən bəy Zərdabi anlayırdı ki, cəmiyyət savadsızdırsa, dövlət də zəif olacaq. Buna görə də o, siyasətdən əvvəl maarifi seçdi. Torpaqdan yazdı, məktəbdən yazdı, səhiyyədən yazdı, ana dilindən yazdı.
Əslində, Zərdabinin ən böyük xidməti qəzet çıxarmaq yox, cəmiyyətə "oxumaq" vərdişi qazandırmaq idi.
Bu gün isə paradoksal vəziyyət yaranıb.
Oxucu heç vaxt olmadığı qədər çox oxuyur.
Amma bəlkə də heç vaxt olmadığı qədər az düşünür.
Azərbaycan mətbuatı çar senzurasını da gördü.
İnqilabları da.
Cümhuriyyəti də.
Sovet ideologiyasını da.
Müstəqilliyi də.
44 günlük Vətən müharibəsini də.
Bu 151 ildə qəzetlər bağlandı, redaksiyalar dağıldı, jurnalistlər təzyiq gördü, bəzən qəhrəman oldu, bəzən səhv etdi. Amma bir həqiqət dəyişmədi:
Mətbuat cəmiyyətin yaddaşıdır.
Tarix kitabları illər sonra yazılır.
Xəbərlər isə tarixi elə həmin gün qeydə alır.
Bu səbəbdən jurnalistin yazdığı hər cümlə gələcəyin arxiv sənədinə çevrilə bilər.
Bu məsuliyyət isə heç vaxt indiki qədər böyük olmayıb.
Bir vaxtlar jurnalist hadisə yerinə çatmaq üçün saatlarla yol gedirdi.
İndi isə hadisə baş verən anda telefon kamerası canlı yayım açır.
Bir vaxtlar xəbəri redaktor yoxlayırdı.
İndi xəbəri əvvəl sosial şəbəkə yayır.
Sonra media təsdiqləməyə çalışır.
Məhz burada ən böyük təhlükə başlayır.
Çünki müasir dövr informasiya qıtlığı dövrü deyil.
İnformasiya həddindən artıq çoxdur.
Problem xəbərin olmaması yox, həqiqətin görünməməsidir.
Klik uğrunda yarış bəzən peşəkarlığın önünə keçir.
Başlıq xəbərin özündən daha vacib hesab olunur.
Sürət dəqiqliyi üstələyir.
Halbuki jurnalistikanın əsasında heç vaxt "birinci olmaq" prinsipi dayanmayıb.
Əsas prinsip həmişə doğru olmaq olub.
Oxucu ilk xəbəri unutsa da, yanlış xəbəri heç vaxt bağışlamır.
Son illər tez-tez belə fikirlər səslənir:
"Artıq hər kəs jurnalistdir."
Doğrudanmı?
Telefon kamerası jurnalist etmir.
Canlı yayım peşəkarlıq demək deyil.
Paylaşım sayı etibarlılıq ölçüsü deyil.
Əgər belə olsaydı, dünyanın ən nüfuzlu media qurumlarına ehtiyac qalmazdı.
Əsl jurnalist hadisəni göstərən yox, hadisənin mahiyyətini izah edəndir.
Çünki informasiya ilə həqiqət eyni anlayış deyil.
İnformasiyanı hər kəs paylaşa bilər.
Həqiqəti isə yalnız məsuliyyətli jurnalistika üzə çıxarır.
Bu gün bir proqram saniyələr ərzində xəbər yazır.
Foto yaradır.
Video hazırlayır.
Səsləndirir.
Tərcümə edir.
Bəzən insanın yazısından daha səlis mətn təqdim edir.
Bəs onda jurnalistə ehtiyac qalacaqmı?
Məncə, cavab qəti şəkildə "bəli"dir.
Çünki süni intellekt faktları emal edir. Jurnalist isə faktların arxasında gizlənən həqiqəti axtarır. Süni intellekt məlumat toplayır. Jurnalist məsuliyyət daşıyır. Süni intellekt vicdan hiss etmir. Jurnalistika isə vicdansız mümkün deyil. Texnologiya peşəni dəyişəcək. Amma peşənin mahiyyətini dəyişə bilməyəcək.
2020-ci ilin Vətən müharibəsi Azərbaycan mediası üçün də dönüş nöqtəsi oldu.
İllərlə yalnız xəbər yazan redaksiyalar birdən-birə informasiya təhlükəsizliyinin iştirakçısına çevrildi.
Dezinformasiyaya qarşı mübarizə aparmaq, rəsmi məlumatı operativ çatdırmaq, informasiya təxribatlarını ifşa etmək artıq jurnalistin gündəlik işinə çevrildi.
Bu proses göstərdi ki, media yalnız informasiya vasitəsi deyil.
Milli təhlükəsizlik məsələlərində də mühüm rol oynayan strateji institutdur.
Məncə, problem maliyyə deyil. Texnologiya da deyil. Ən böyük problem etimaddır. Oxucu artıq xəbəri hər yerdən ala bilir. Amma inanacağı ünvanları getdikcə azalır.
Etibar isə reklamla alınmır. PR kampaniyası ilə yaranmır. Etibar illərlə formalaşır. Bir yanlış xəbər isə onu bir gündə məhv edə bilir. Bu səbəbdən gələcəyin ən güclü mediası ən çox izlənilən yox, ən çox etibar edilən media olacaq.
Azərbaycan mətbuatı bir əsrdən artıq müddətdə saysız-hesabsız sınaqlardan keçib.
Çar senzurasından sovet ideologiyasına...
Müstəqilliyin xaotik illərindən rəqəmsal inqilaba...
Kağız qəzetdən süni intellekt dövrünə...
Amma bütün bu dəyişikliklər arasında dəyişməyən bir prinsip qalıb.
Jurnalistika hakimiyyətə də, müxalifətə də, biznesə də, cəmiyyətə də xidmət etmir.
Jurnalistika ilk növbədə həqiqətə xidmət edir.
Əgər bu prinsip itərsə, qəzet qalacaq.
Sayt qalacaq.
Televiziya qalacaq.
Hətta milyonlarla izləyici də qalacaq.
Amma jurnalistika qalmayacaq.
151 il əvvəl Həsən bəy Zərdabi "Əkinçi"ni nəşr edəndə bəlkə də təsəvvür etmirdi ki, bir əsr yarım sonra xəbərlər süni intellekt tərəfindən yazılacaq, insanlar kağız qəzet əvəzinə telefon ekranını vərəqləyəcək, informasiya saniyələr içində bütün dünyaya yayılacaq. Ancaq əminliklə demək olar ki, o, bir həqiqəti çox yaxşı bilirdi: xalqı yaşadan yalnız çörək deyil, doğru sözdür.
Məhz buna görə Azərbaycan mətbuatının 151 illik yubileyində qeyd edilməli olan ən böyük nailiyyət nə çap olunan qəzetlərin sayı, nə internet portallarının çoxluğu, nə də sosial şəbəkələrdəki milyonlarla baxışdır.
Ən böyük nailiyyət odur ki, bütün dəyişən zamanlara baxmayaraq, bu ölkədə hələ də həqiqətin arxasınca gedən jurnalistlər var.
Və Azərbaycan mətbuatının gələcəyini də məhz onlar yazacaqlar.
Külüng döyən qələmdaşlarım, günümüz mübarək!