Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Azərbaycanda milli mətbuatın yaranmasından 151 il ötür.
1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin "Əkinçi" qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. Bir əsrdən çox tarixi olan Azərbaycan mətbuatı bu gün də fəaliyyətini davam etdirir.
Milli mətbuatın Azərbaycan tarixindəki rolu meda mənsubları tərəfindən yüksək dəyərləndirilir.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, MEDİA-nın Müşahidə Şurasının üzvü Vüqar Zifəroğlu “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan milli mətbuatının 151 illiyi təkcə peşə bayramı deyil, həm də dövlətçilik tariximizin mühüm mərhələlərindən birinin qeyd olunmasıdır:
“1875-ci ildə Həsən bəy Zərdabinin "Əkinçi" qəzetini nəşr etməsi ilə əsası qoyulan milli mətbuatımız xalqın maariflənməsi, milli özünüdərkin formalaşması və ictimai fikrin inkişafında əvəzsiz rol oynayıb. Azərbaycan mətbuatı tarix boyu cəmiyyətlə dövlət arasında körpü funksiyasını yerinə yetirib, milli kimliyin, ana dilinin, milli-mənəvi dəyərlərin qorunmasına və inkişafına ciddi töhfə verib.
Məhz mətbuat sayəsində istiqlal ideyaları geniş yayılıb, ictimai-siyasi proseslərə vətəndaşların daha fəal cəlbi mümkün olub. Müstəqillik dövründə isə Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi islahatlar, senzuranın ləğvi və söz azadlığının təmin olunması medianın inkişafı üçün fundamental zəmin yaratdı.
Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rəqəmsal transformasiya, media islahatları, jurnalistlərin peşəkarlığının artırılması və informasiya təhlükəsizliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan mediasını yeni dövrün çağırışlarına uyğunlaşdırır”.
Müsabimizin sözlərinə görə, bu gün informasiya müharibələrinin ən az hərbi münaqişələr qədər əhəmiyyət kəsb etdiyi bir dövrdə milli mətbuatın üzərinə daha böyük məsuliyyət düşür:
“Dəqiq, operativ və peşəkar informasiya təqdim etmək, dezinformasiyaya qarşı mübarizə aparmaq, milli maraqları informasiya məkanında müdafiə etmək müasir Azərbaycan mediasının əsas missiyalarından biridir.
151 illik tarix göstərir ki, Azərbaycan milli mətbuatı hər zaman dövrün çağırışlarına uyğunlaşmağı bacarıb. Bu gün də əsas vəzifə milli maraqları rəhbər tutaraq peşəkar jurnalistikanı inkişaf etdirmək, cəmiyyətin düzgün məlumatlandırılmasına xidmət etmək və Azərbaycanın haqq səsini beynəlxalq informasiya məkanına daha güclü şəkildə çatdırmaqdır”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: mətbuat Vüqar Zifəroğlu
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin