16 min manata efirə çıxan həkimlər məsuliyyət kimdədir? KONKRET

29.11.2026

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Televiziya məkanında həkimlərin reklamı və verilişlərə sponsorluq etməsi ətrafında müzakirələr yenidən gündəmə gəlib. İddialara görə, bəzi həkimlər efirə çıxmaq, özlərini tanıtmaq və televiziya proqramlarında sponsor qismində iştirak etmək üçün 16 min manatadək vəsait ödəyirlər. 

KONKRET.az xəbər verir ki, tanınmış teleaparıcı Elgiz Əkbər də məsələyə münasibət bildirərək, sosial layihələrdə sponsorluq qiymətlərinin həddindən artıq yüksək olmasından narazılığını ifadə edib.

Bəs həkimlərin özlərini televiziya vasitəsilə reklam etməsi qanunla qadağandırmı?

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyində həkimlərin özlərini reklam etməsinə ümumi qadağa nəzərdə tutulmayıb.

Onun sözlərinə görə, bu baxımdan həm həkimlərin özlərini reklam etməsi, həm də telekanalların belə reklamlara yer verməsi qanuna zidd hesab olunmur:

“Düzdür, Səhiyyə Nazirliyinin müəyyən etik və metodiki göstərişləri var ki, həkimlər hansı etik qaydalara riayət etməlidirlər. Amma bu, qanun deyil və məhdudiyyət xarakteri daşımır”.

Hüquqşünas qeyd edib ki, dünyada bu məsələyə münasibət birmənalı deyil. Bəzi ölkələrdə həkimlərin özlərini reklam etməsi qadağan olunduğu halda, digərlərində belə məhdudiyyətlər mövcud deyil:

“Məsələn, Fransada və Almaniyada həkimin özünü reklam etməsi qadağandır. Amma bəzi ölkələrdə, məsələn, Birləşmiş Ştatlarda bildiyim qədərilə belə məhdudiyyət yoxdur”.

Əkrəm Həsənovun fikrincə, həkim reklamına qanuni məhdudiyyətin olmaması telekanalların məsuliyyətdən kənarda qalması demək deyil. O hesab edir ki, insanların həyatı və sağlamlığı ilə birbaşa bağlı olan tibbi xidmətlərin reklamında televiziya kanalları da müəyyən məsuliyyət daşımalıdır.

Hüquqşünasın sözlərinə görə, reklamın təsiri ilə hansısa həkimə müraciət edən şəxsin sağlamlığına ciddi zərər dəyməsi və ya həyatını itirməsi halında telekanalın da məsuliyyət məsələsi gündəmə gətirilməlidir:

“Bu sahə xüsusi əhəmiyyət kəsb edir. Çünki insanların həyatı və sağlamlığı ilə bağlıdır. Ona görə də telekanalların və digər reklam platformalarının məsuliyyəti olmalıdır. Sabah həmin reklamın nəticəsində insan gedib o həkimə müraciət edərsə, sağlamlığına zərər dəyərsə, hətta həyatını itirərsə, ən azı telekanaldan da maddi və mənəvi zərərin ödənilməsini tələb etmək imkanı olmalıdır”.

Hüquqşünas hesab edir ki, bu məsələnin qanunvericilikdə ayrıca tənzimlənməsinə ehtiyac var:

“Ən azı qanuna belə bir müddəanın daxil edilməsinə ehtiyac olduğunu düşünürəm. Ola bilər ki, ümumiyyətlə, məhdudiyyət qoyulmalıdır. Çünki qeyd etdiyim kimi, Fransada və Almaniyada həkimlərin reklamı qadağandır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью