Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Milli Dirçəliş Günü Azərbaycan tarixində milli oyanışın və müstəqillik uğrunda mübarizənin mühüm mərhələlərindən biri kimi yadda qalıb. 1988-ci ildə Bakının Azadlıq Meydanında başlayan kütləvi mitinqlər xalqın milli iradəsinin, birliyinin və azadlıq istəyinin ifadəsinə çevrilib. Həmin hadisələrin tarixi əhəmiyyəti, müstəqil dövlətçiliyin formalaşmasındakı rolu və bu irsin gələcək nəsillərə çatdırılmasının vacibliyi bu gün də aktuallığını qoruyur.
Millət vəkili Azər Allahverənov Sherg.az-a açıqlamasında Milli Dirçəliş Gününün Azərbaycan xalqının həyatındakı önəmindən danışıb:
“17 noyabr - Milli Dirçəliş Günü Azərbaycan xalqının azadlıq, milli birlik və müstəqil dövlətçilik uğrunda mübarizə tarixində xüsusi yer tutur. Bu tarix yalnız keçmişdə baş vermiş hadisələrin xatırlanması deyil, həm də milli iradənin, Vətənə bağlılığın və dövlət müstəqilliyinin əhəmiyyətinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
1988-ci il noyabrın 17-də Bakının Azadlıq Meydanında başlayan kütləvi mitinqlər Azərbaycan xalqının milli oyanışının və azadlıq mübarizəsinin mühüm mərhələsi oldu. Həmin dövrdə Sovet rəhbərliyinin Qarabağ məsələsindəki ədalətsiz siyasətinə, separatçı ərazi iddialarına və xalqın hüquqlarının pozulmasına qarşı etirazlar geniş vüsət aldı.
Bu hadisələrin əsas tarixi əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan xalqı uzun illər davam edən Sovet hakimiyyəti şəraitində milli iradəsini ilk dəfə bu qədər geniş miqyasda və açıq şəkildə nümayiş etdirdi. Müxtəlif sosial təbəqələrdən olan insanlar vahid məqsəd ətrafında birləşərək milli maraqların müdafiəsinə qalxdılar. Yüz minlərlə insanın Azadlıq Meydanına toplaşması və azadlıq şüarları səsləndirməsi milli həmrəyliyin bariz göstəricisi idi”.
Parlamentari həmin hadisələrin fəal iştirakçılarından olduğunu deyib:
“O zaman 16 yaşım olmasına baxmayaraq, tələbə və məktəb yoldaşlarımla birlikdə mitinqlərdə yaxından iştirak edirdim.
Həmin günlərdə baş verən hadisələri, meydandakı izdihamı və insanların əhvali-ruhiyyəsini bu gün də çox yaxşı xatırlayıram. Buna görə də söylədiklərim həm tarixi faktlara, həm də şəxsi müşahidələrimə əsaslanır.
1988-ci il hadisələri nəticəsində azadlıq və suverenlik ideyaları cəmiyyətdə daha geniş dəstək qazandı. Xalq öz tarixinə, dilinə, milli-mənəvi dəyərlərinə və dövlətçilik ənənələrinə daha dərindən sahib çıxmağa başladı. Bu proses yalnız Azərbaycanla məhdudlaşmadı. Milli azadlıq hərəkatının təsiri digər Sovet respublikalarında da hiss olundu. Gürcüstanda, Latviyada və digər respublikalarda xalqın etiraz aksiyaları, mərkəzi hakimiyyətə qarşı tələbləri və azadlıq çağırışları geniş vüsət aldı.
1988-ci ilin noyabr mitinqləri dekabrın 4-dən 5-nə keçən gecə Sovet qoşunları tərəfindən dağıdılsa da, xalqın azadlıq iradəsini dayandırmaq mümkün olmadı. Bu mənada 17 noyabrı Azərbaycanın dövlət müstəqilliyinin bərpasına aparan tarixi yolun mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirmək olar.
Milli Dirçəliş Gününün qeyd olunması gənc nəslin milli tariximizi daha yaxşı öyrənməsi və müstəqilliyin hansı çətinliklər və mübarizələr hesabına əldə edildiyini dərk etməsi baxımından da vacibdir. Bu günün əsas mesajlarından biri budur ki, müstəqillik yalnız hüquqi və siyasi status deyil, həm də böyük məsuliyyətdir. Onu qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürmək hər bir vətəndaşın borcudur”.
Deputat vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin müstəqilliklə bağlı səsləndirdiyi fikirlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır:
“Heydər Əliyev vurğulayırdı ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq bundan da çətindir. Sonrakı proseslər də bu fikrin nə qədər doğru olduğunu göstərdi. Azərbaycanın milli azadlıq hərəkatı ciddi təzyiqlərlə üzləşdi, ölkəmiz torpaq itkiləri və ağır faciələr yaşadı. Birinci Qarabağ müharibəsi də müstəqillik uğrunda mübarizənin qarşısını almağa çalışan qüvvələrin yaratdığı mürəkkəb tarixi şəraitdə baş verdi.
Bütün bunlar gənclərə tarixi hadisələri öyrənməyin, milli birlik və vətəndaş həmrəyliyinin dövlətçiliyin möhkəmləndirilməsindəki rolunu dərk etməyin vacibliyini göstərir. Milli Dirçəliş Günü gənclərdə milli mənsubiyyət və vətənpərvərlik hisslərini gücləndirir, dövlət bayrağına, gerbinə, himninə və digər milli rəmzlərə hörməti artırır. Eyni zamanda, tarixi yaddaşın və nəsillər arasında mənəvi bağlılığın qorunmasına xidmət edir.
Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası Milli Dirçəliş Gününün tarixi və mənəvi əhəmiyyətinə yeni məzmun qazandırıb. 1988-ci ildə Azadlıq Meydanına toplaşan insanların əsas narahatlıqlarından biri Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş iddialar və xalqımızın hüquqlarının pozulması idi. Xüsusilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində baş verən separatçı proseslər milli azadlıq hərəkatının daha da genişlənməsinə səbəb oldu. Beləliklə, xalq həm müstəqillik, həm də ərazi bütövlüyünün qorunması uğrunda vahid mövqedən çıxış etməyə başladı”.
Milli Məclisin deputatı bildirib ki, sonrakı tarixi proseslər 1988-ci ildə başlayan mübarizənin 2023-cü ildə Azərbaycanın suverenliyinin tam bərpasına qədər uzanan uzun bir yol olduğunu göstərdi:
“Təxminən 35 il davam edən bu mübarizə xalqımızın nə qədər ağır sınaqlardan, faciə və müsibətlərdən keçdiyini bir daha ortaya qoydu. Nəticə etibarilə, milli həmrəyliyin, xalq birliyinin və güclü dövlətçiliyin ölkənin taleyində həlledici amillər olduğu təsdiqləndi.
Biz bu həmrəyliyi 44 günlük Vətən müharibəsində də aydın şəkildə gördük. Xalqın müharibə zamanı nümayiş etdirdiyi birlik, könüllülərin prosesə fəal şəkildə qoşulması 1988-ci ildə milli azadlıq hərəkatı zamanı müşahidə olunan ümumxalq həmrəyliyi ilə müəyyən oxşarlıqlara malik idi. Bir tərəfdə azadlıq uğrunda mübarizə, digər tərəfdə isə ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizə dayanırdı. Hər iki prosesi birləşdirən əsas amil xalqın milli ideyalara bağlılığı və həmrəyliyi idi.
Gələcək nəsillərə bu tarixi ideyaların çatdırılması üçün məktəblərdə və universitetlərdə 17 noyabr hadisələrinə həsr olunmuş açıq dərslər, seminarlar və dəyirmi masalar təşkil edilə bilər. 1988-ci il mitinqlərini əks etdirən fotoşəkillər, videomateriallar, qəzet arxivləri və hadisələrin şahidlərinin xatirələri gənclər üçün daha əlçatan olmalıdır.
Bununla yanaşı, sosial şəbəkələrdə qısa maarifləndirici videoların, elektron kitabların və rəqəmsal materialların hazırlanması da məqsədəuyğundur. Süni intellekt və digər müasir texnologiyalardan istifadə etməklə həmin dövrün hadisələrini əks etdirən əyani vəsaitlər yaratmaq mümkündür. Bu materialların müxtəlif kommunikasiya kanalları vasitəsilə geniş yayılması milli yaddaşın qorunmasına və tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verə bilər”.
Müsahibimiz qeyd edib ki, Milli Dirçəliş Günü Azərbaycan xalqının milli oyanışından müstəqil dövlətçiliyə, müstəqillikdən isə ərazi bütövlüyünün və suverenliyinin bərpasına uzanan tarixi yolun mühüm rəmzidir:
“Xalqın birliyi, milli iradəsi və dövlətçilik düşüncəsi hər bir müstəqil dövlətin gələcəyini müəyyən edən əsas amillərdəndir.
Gənc nəsil bu tarixi nə qədər dərindən dərk etsə, müstəqil Azərbaycanın gələcəyi qarşısında daşıdığı məsuliyyəti bir o qədər yaxşı anlayacaq. Sevindirici haldır ki, milli şüura və dövlətçilik düşüncəsinə sahib olan gənclərimiz kifayət qədər çoxdur. 44 günlük Vətən müharibəsi və postmünaqişə dövründə gənclərin fəallığı da bunu bir daha təsdiqlədi”.