17 iyul Beynəlxalq Ədalət Günüdür

17.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Beynəlxalq Ədalət Günü – insan hüquqlarının, sülhün və hüququn aliliyinin qlobal miqyasda müdafiəsinə çağırış günüdür. Ədalət günü dünyada müharibə cinayətləri, insanlığa qarşı cinayətlər, soyqırımı və təcavüz kimi ağır beynəlxalq hüquq pozuntularına qarşı mübarizəyə diqqət çəkmək məqsədi daşıyır. Bu tarixin seçilməsi təsadüfi deyil. 17 iyul 1998-ci ildə Roma Statutu qəbul olunub və bu sənəd əsasında Beynəlxalq Cinayət Məhkəməsi (BCM) yaradılıb. Roma Statutu beynəlxalq ictimaiyyətin tarixində ilk dəfə olaraq fərdlərin törətdiyi beynəlxalq cinayətlərə görə cavabdeh tutulmasını mümkün edən hüquqi mexanizmi təsbit edib. 

2010-cu ildə bu tarix rəsmi olaraq Beynəlxalq Ədalət Günü elan edilib və həmin vaxtdan bəri hər il müxtəlif ölkələrdə tədbirlər, maarifləndirmə kampaniyaları və hüquqla bağlı müzakirələr təşkil olunur. Məqsəd cəmiyyətdə hüquqi şüurun artırılması, beynəlxalq cinayətlərin cəzasız qalmaması üçün birgə səylərin gücləndirilməsidir.

Bu günün əsas mesajlarından biri də odur ki, ədalət olmadan davamlı sülh və insan hüquqları mümkün deyil. İnsanların hüquqlarını pozan, silahlı münaqişələrdə mülki şəxslərə qarşı zorakılıq edən və sülhə təhdid yaradan fərdlər və qruplar üçün beynəlxalq məsuliyyətin tətbiqi vacibdir. Beynəlxalq Cinayət Məhkəməsi bu məqsədlə fəaliyyət göstərir və qlobal miqyasda ədalətin təmini üçün vacib rol oynayır.

Ümumdünya Ədalət Günü münasibətilə beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyətləri və media nümayəndələri bir daha diqqəti ədalətin təməl dəyər kimi tanıdılmasına, hüququn aliliyinin təmininə və cəzasızlıqla mübarizəyə yönəldirlər. Çünki hüquq və ədalət yalnız dövlətlərarası münasibətlərdə deyil, eyni zamanda cəmiyyətlərin və fərdlərin gündəlik həyatında da sabitlik və inkişafa zəmin yaradır.

M.MİRZƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью